Xaricdə təhsil ölkənin potensialına fərqli gözlə baxmaq imkanı verir – Türkiyədə təhsil alan tələbə
33 ölkənin akademik və siyasi mühitini görüb, Avropanın nüfuzlu universitetlərini fərqlənmələrlə geridə qoyub, amma qazandığı bütün zənginliyi tək bir nöqtəyə xidmət etmək üçün toplayır: Azərbaycanın elmi və siyasi gələcəyinə.
Söhbət Varşava Universitetini fakültə birinciliyi ilə bitirən, Sürix Universitetindən qəbul təklifi alan, İstanbul Universitetinin doktoranturasında oxuyan Əli Məmmədzadədən gedir. Cənubi Qafqazın enerji geosiyasətini tədqiq edən, beynəlxalq kürsülərdə ölkəmizin səsini elmi əsaslarla çatdıran gənc tədqiqatçı ilə beynəlxalq təcrübə və elmin praktiki siyasətlə kəsişdiyi nöqtələr haqqında həmsöhbət olduq.
– Əli bəy, gəlin əvvəlcə təhsil və akademik fəaliyyət yolunuza nəzər salaq. Siyasi elmlərə və tədqiqatçılığa marağınız necə yarandı?
– Bakının Xətai rayonunda anadan olmuşam, Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli tam orta məktəbi fərqlənmə ilə bitirmişəm. Akademik maraqlarım hələ məktəb illərindən formalaşmağa başlamışdı. 2016-cı ildə Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları üzrə Respublika Olimpiadasının, 2018-ci ildə isə coğrafiya fənni üzrə RFO qalibi oldum. Bu iki nailiyyət gələcək akademik istiqamətim üçün bir başlanğıc oldu. Çünki tarix, coğrafiya, hüquq, dövlətçilik və beynəlxalq münasibətlərə marağım məhz həmin illərdə yaranmışdı.
2018-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsinə daxil oldum. Universitet illərində həm akademik nəticələr, həm də elmi-ictimai fəaliyyət baxımından aktiv olmağa çalışdım. Fakültə üzrə ən yüksək göstəriciyə görə Qafur Rəşad Mirzəzadə adına təqaüdə, 2021-ci ildə isə universitet üzrə ən yüksək nəticəyə görə “Heydər Əliyev adına təqaüd”ə layiq görüldüm. 2022-ci ildə ADPU-nu fərqlənmə diplomu və universitet birincisi kimi bitirdim. Tələbəlik illərində müxtəlif elmi, iqtisadi, siyasi, beynəlxalq və coğrafi mövzulara həsr olunan 100-dən çox konfransda çıxış etmişdim və 10 elmi məqalənin müəllifi idim.
Bakalavrdan sonra xaricdə təhsil üçün müraciətlər etdim. Bolonya, Milan, Varşava və Corc Vaşinqton universitetləri də daxil olmaqla, 15-ə yaxın xarici ali məktəbdən qəbul almışdım. Seçimimi isə Varşava Universitetində Davamlı İnkişaf üzrə magistratura təhsili istiqamətində etdim.
– Varşava Universitetindəki təhsiliniz də böyük uğurlarla yadda qalıb...
– Bəli, orada təhsil mənim üçün çox mühüm mərhələ oldu. Davamlı İnkişaf üzrə magistratura proqramını fərqlənmə diplomu ilə bitirdim. Normalda ikiillik olan bu proqramı cəmi üç semestr ərzində başa vurdum. Akademik nəticələrimə görə universitetin “Rector’s Scholarship” təqaüdünə layiq görüldüm. Həmin dövrdə 35 mindən çox tələbəsi olan universitet üzrə tələbə reytinqində TOP 200-lükdə (2–247 aralığında), fakültə üzrə isə 1-ci yerdə idim.
Orada mənim üçün ən dəyərli məqamlardan biri beynəlxalq akademik mühitdə olmaq idi. “Welcome Point” beynəlxalq tələbə departamentində çalışaraq müxtəlif ölkələrdən olan tələbələrlə işləmək və beynəlxalq tələbə koordinasiyası sahəsində praktiki təcrübə qazandım. 2024-cü ildə Baltik Universiteti Proqramı (BUP) çərçivəsində keçirilən və regional davamlı inkişafda universitetlərin roluna həsr olunan simpoziumda iştirak edən yeganə azərbaycanlı idim.
Eyni zamanda, 2024-cü ildə İsveçrə Federal Texnologiya İnstitutundan (ETH Zurich) PhD proqramı üzrə ilkin qəbul əldə etdim. Lakin sonrakı mərhələdə elmi maraqlarımı siyasi elmlər və beynəlxalq münasibətlər istiqamətində davam etdirmək qərarına gəldim. Hazırda İstanbul Universitetində siyasət elmləri və beynəlxalq münasibətlər istiqaməti üzrə doktorantam.
– Tədqiqat mövzusunuz konkret olaraq nəyi əhatə edir?
– Doktorantura tədqiqatım “Cənubi Qafqazda enerji geosiyasəti və dayanıqlı inkişaf: TRACECA çərçivəsində Azərbaycanın regional sabitlik üçün strateji əhəmiyyəti” mövzusuna həsr olunub. Burada əvvəlki təhsil mərhələlərimdə qazandığım tarix, coğrafiya və davamlı inkişaf biliklərini siyasi elmlər, enerji geosiyasəti və regional təhlükəsizliklə birləşdirirəm. Azərbaycanın yalnız enerji istehsalçısı kimi deyil, regionda sabitlik, nəqliyyat bağlantıları və Şərq-Qərb əməkdaşlığı baxımından strateji aktor rolunu araşdırıram.
Bu günə qədər Azərbaycanı NATO-nun müxtəlif tədbirlərində, Avropa Parlamentinin müzakirələrində və digər beynəlxalq platformalarda təmsil etmişəm. Təhsil və beynəlxalq fəaliyyətlərim çərçivəsində 33 müxtəlif ölkədə olmuşam. Hazırda əsas məqsədim bu təcrübəni praktiki fəaliyyətlə birləşdirməkdir. Məsələn, hazırda bir dövlət qurumu ilə əməkdaşlıq edərək siyasi-analitik hesabatların və araşdırmaların hazırlanmasında iştirak edirəm.
Ümumiyyətlə, mənim üçün bütün bu mərhələlərin ortaq nöqtəsi Azərbaycandır. İstəyirəm ki, qazandığım bilik və təcrübə yalnız şəxsi karyeram üçün faydalı olmasın, həm də ölkəmizin elmi, siyasi və institusional inkişafına fayda versin.
– Bəs doktorantura üçün məhz Türkiyəni və İstanbul Universitetini seçməyinizdə hansı amillər rol oynadı? Azərbaycan və Türkiyədəki təhsil mühitini müqayisə etsəniz, ən böyük fərqlər nələrdir?
– Türkiyədə doktorantura təhsili almaq qərarım magistratura dövründə formalaşan elmi maraqlarımın davamı idi. Varşava Universitetində davamlı inkişaf və enerji məsələləri üzrə çalışdıqca bu mövzuların siyasi elmlər və beynəlxalq münasibətlərlə necə sıx bağlı olduğunu gördüm. İstanbul Universitetini seçməyimdə isə onun uzunmüddətli akademik ənənəsi, aparıcı ali təhsil müəssisəsi olması və yaratdığı elmi mühit əsas rol oynadı. Təbii ki, Azərbaycanla Türkiyənin tarixi və mədəni yaxınlığı da regionu daha geniş perspektivdən öyrənmək üçün əlavə üstünlükdür.
Mühit fərqinə gəlincə, doktorantura səviyyəsində müstəqil tədqiqata və akademik müzakirələrə verilən geniş yeri xüsusi qeyd edə bilərəm. Türkiyədə doktorantdan yalnız mövcud məlumatı öyrənmək deyil, öz tədqiqat sualını formalaşdırmaq, nəzəri yanaşmaları müqayisə etmək və öz mövqeyini elmi əsaslarla müdafiə etmək gözlənilir. Amma mən bu iki sistemə rəqib kimi baxmıram; Azərbaycandakı fundamental bazamla xaricdə əldə etdiyim akademik təcrübəni sintez etməyə çalışıram.
– Siz həm də Hökumətlərarası Təqaüd Proqramının (HTP) iştirakçısısınız. HTP akademik inkişafınıza və karyera planlarınıza nə qazandırdı?
– HTP mənim akademik inkişafımda çox mühüm mərhələ oldu. Xaricdə təhsil almaq mənə fərqli akademik yanaşmaları, mədəniyyətləri və müxtəlif ölkələrdən olan insanlarla işləməyi öyrətdi. HTP vasitəsilə beynəlxalq mühitə daxil oldum və Azərbaycanı oradakı tədqiqatçılara, tələbələrə layiqincə izah etmək imkanı qazandım.
Bu təcrübə karyera planlarımı da aydınlaşdırdı. Başa düşdüm ki, əldə etdiyim bilikləri təkcə akademiyada saxlamamalı, onları dövlət siyasəti, beynəlxalq münasibətlər və regional tədqiqatlar sahəsində də tətbiq etməliyəm. HTP-ni sadəcə bir təhsil imkanı deyil, gələcək fəaliyyətim üçün mühüm bir başlanğıc nöqtəsi hesab edirəm.
– Bütün təhsil pillələrində davamlı olaraq yüksək nəticələr göstərmisiniz. Bu tempi qorumağın və eyni zamanda paralel olaraq elmi fəaliyyətlə məşğul olmağın sirri nədir?
– Mənim üçün bunun əsas sirri istedad deyil, intizam və davamlılıqdır. Yüksək nəticə əldə etmək üçün bir dəfə çox çalışmaq kifayət etmir, əsas məsələ bunu sistemli şəkildə edə bilməkdir. Bir tərəfdən akademik göstəriciləri qorumaq, digər tərəfdən elmi məqalələr, konfranslar və beynəlxalq proqramlara vaxt ayırmaq üçün prioritetləri doğru müəyyənləşdirmək lazımdır.
Digər prinsipim odur ki, insan nəticəyə deyil, prosesə fokuslanmalıdır. Hər gün öz üzərində müəyyən qədər işləyirsənsə, nəticə gec-tez ortaya çıxır. Əlbəttə, burada müəllimlərimin, akademik rəhbərlərimin və ailəmin dəstəyi də əvəzsizdir. Uğur düzgün mühit, zəhmət və imkanlardan səmərəli istifadənin nəticəsidir.
– Varşava Universitetinin Rektor Təqaüdünə layiq görülməyinizdən söz açdınız. Bu xüsusi qiymətləndirmə prosesi necə baş verdi?
– Bu, adi bir akademik mükafat deyildi. Rektor Təqaüdü universitetin ən yüksək akademik nəticə göstərən tələbələrinə verilir. 35 mindən çox tələbəsi olan böyük və çoxmillətli bir ali məktəbdə fakültə 1-cisi olmaq və ümumi reytinqdə ilk 200-lüyə daxil olmaq mənə bu təqaüdü qazandırdı.
Lakin Varşava Universitetinin mənə verdiyi ən böyük qazanc təkcə bu mükafat olmadı. Orada Avropa akademik yanaşmasını yaxından görmək, davamlı inkişaf və qlobal problemlərə multidisiplinar baxmaq imkanım yarandı. Bu gün enerji geosiyasətini və regional məsələləri zəncirvari şəkildə təhlil edə bilməyimdə həmin təcrübənin rolu böyükdür.
– Hazırda üzərində işlədiyiniz tədqiqatın Azərbaycan üçün praktik əhəmiyyətini necə dəyərləndirirsiniz?
– Doktorantura işimdə Azərbaycanın xarici siyasətindəki strateji xətləri elmi müstəvidə təhlil edirəm. Çünki Azərbaycanın regiondakı rolunu yalnız enerji ixrac edən ölkə kimi qiymətləndirmək kifayət deyil. Ölkəmiz logistika, nəqliyyat və regional əməkdaşlıq baxımından xüsusi çəkiyə malikdir. Məsələn, TRACECA layihəsi Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasındakı nəqliyyat bağlantısındakı rolunu göstərmək üçün geniş imkanlar açır.
Tədqiqatımda Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan və Ermənistanın mövqeyini, eləcə də ABŞ, Çin və Rusiyanın regiondakı siyasətini araşdırıram. Hesab edirəm ki, elmi-tədqiqat yalnız nəzəriyyə olaraq qalmamalı, real siyasətin formalaşdırılmasına xidmət etməlidir. Azərbaycanın nəqliyyat-enerji potensialından daha səmərəli istifadə olunması və yaşıl keçid siyasətlərinin uzlaşdırılması baxımından bu işin praktik dəyəri yüksəkdir.
– Xaricdəki akademik mühitləri gördükdən sonra Azərbaycandakı təhsil və elm sisteminə baxışınızda nələr dəyişdi? Qayıtdıqdan sonra bu təcrübəni necə tətbiq etmək niyyətindəsiniz?
– Xaricdə təhsil insana öz ölkəsindəki potensiala fərqli gözlə baxmaq imkanı verir. Başa düşdüm ki, universitet tədqiqat, beynəlxalq əməkdaşlıq, innovasiya və dövlət siyasəti üçün fikir mərkəzi olmalıdır.
Azərbaycana qayıtdıqdan sonra əsas məqsədim gənc tədqiqatçıların beynəlxalq platformalara çıxışına dəstək olmaq, xarici universitetlərlə əməkdaşlığı genişləndirmək və ölkəmizlə bağlı elmi araşdırmaların dünyada görünməsini təmin etməkdir. Hazırda bir dövlət qurumu ilə əməkdaşlıq edərək analitik hesabatlar hazırlayır, siyasi proseslərin praktiki tərəfində yer alıram. Nəzəriyyə ilə praktika bir-birini tamamlayır: yaxşı tədqiqat düzgün qərar verməyə, praktiki təcrübə isə elmi araşdırmaya yeni baxış gətirməyə kömək edir.
– Son olaraq, uzunmüddətli gələcək planlarınız və əsas hədəfiniz nədir?
– Son illərdə “NATO Youth Summit”, Avropa Parlamentində “European Youth Event”, “Energy Community Summer School” kimi platformalarda ölkəmizi təmsil etmişəm. Bütün bu təcrübələr mənə göstərdi ki, Azərbaycanı beynəlxalq müstəvidə daha fəal və peşəkar şəkildə təmsil etmək üçün böyük potensialımız var.
Mənim əsas məqsədim qazandığım təhsili şəxsi karyera ilə məhdudlaşdırmayıb, dövlətimizin inkişafına real töhfəyə çevirməkdir. Uzunmüddətli hədəfim Azərbaycanı beynəlxalq müstəvidə layiqincə təmsil edən, ölkənin xarici əlaqələrinə və ictimai-siyasi həyatına töhfə verən tanınmış ictimai-siyasi xadim olmaqdır. Özümü gələcəkdə Azərbaycanın beynəlxalq aləmdə mövqeyini elmi, siyasi və diplomatik müstəvilərdə ifadə edə bilən, ölkənin “xarici simalarından” birinə çevrilən və milli maraqların beynəlxalq səviyyədə təmsil olunmasına töhfə verən şəxs kimi görürəm.




