Uğurlu təhsil sistemlərinin sirri nədədir? – Andreas Şleyxerin baxışı
Müasir dövrdə təhsil sistemlərinin qarşısında duran əsas sual budur: gənclərin bacarmalı olduqları ilə faktiki bacardıqları arasındakı uçurumu necə aradan qaldırmaq olar? İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Təhsil və bacarıqlar üzrə direktoru və PISA qiymətləndirməsinin yaradıcısı Andreas Şleyxer Almaniya mətbuatına verdiyi son müsahibəsində bu suala aydınlıq gətirib. Onun fikrincə, uğur qazanmaq üçün mütləq zəngin ölkə olmaq şərt deyil.
A.Şleyxerə görə, bütün uğurlu təhsil sistemlərinin iki təməl prinsipi var: bütün şagirdlər üçün yüksək hədəflər qoymaq və hər bir uşağın bu hədəflərə çatacağına inanmaq.
“Azərbaycan müəllimi” xəbər verir ki, müsahibəsində A.Şleyxer uğurlu ölkələr üçün nəyin səciyyəvi olduğunu və digər ölkələrin onların təcrübəsindən nələri öyrənə biləcəyini izah edir.
– Qlobal təhsil böhranı nə dərəcədə ciddidir?
– Əslində, əsas sual qlobal miqyasda təcili təhsil böhranından danışmağın nə dərəcədə doğru olub-olmamasıdır. Çünki bəzi ölkələr həqiqətən də yaxşı irəliləyiş əldə edirlər. Bununla belə, bir çox ölkələrdə gənclərin mənimsəməli olduqları bilik və bacarıqlarla onların faktiki olaraq nümayiş etdirə bildikləri nəticələr arasındakı fərqin getdikcə artdığı da doğrudur. Bu tendensiya bütün ölkələrə xas deyil, lakin kifayət qədər geniş yayılıb.
– Təxminən 180 suveren dövlət arasında yalnız onlarla ölkənin uğurlu olduğunu söyləmək olar. Əksəriyyət Estoniya və Cənubi Koreya kimi qabaqcıl ölkələrdən xeyli geri qalır.
– Bəli, lakin Çin və Vyetnam kimi böyük əhali sayına malik bəzi ölkələrin də mühüm uğurlar əldə etdiyini görürük. Onlar uzun müddətdir mövcud olan və iqtisadi cəhətdən inkişaf etmiş güclü dövlətlər sırasına daxil deyillər. Əksinə, inkişaf etmiş ölkələrə çatmağa çalışırlar. Buna görə də vəziyyət heç də bütün ölkələrdə ümidsiz deyil.
– “Dünya standartları: XXI əsrin təhsil sistemini necə qurmalı” kitabınızda yazırsınız ki, bütün uğurlu ölkələrin iki ortaq xüsusiyyəti var: onlar qarşılarına yüksək hədəflər qoyur və bütün uşaqların bu hədəflərə çatmasını gözləyirlər. Məktəblər bu iki məqsədi necə uzlaşdırırlar?
– Bu məqsədlər eyni medalın iki üzüdür. Hər ikisi hər bir insanın öyrənmək qabiliyyətinə malik olduğuna inamdan qaynaqlanır. Əgər buna inanmırsınızsa, bəzi gənclərin gözlədiyiniz səviyyədə öyrənə bilmədiyini gördükdə tələblərinizi tez bir zamanda aşağı salacaqsınız. Lakin məktəb sistemi belə edərsə, qaçılmaz olaraq bəzi insanları geridə qoyacaq və bununla da cəmiyyəti gələcəyin çağırışlarına lazımi səviyyədə hazırlaya bilməyəcək.
– Bəs bəzi insanların digərləri ilə müqayisədə daha çətin öyrəndiyi, həqiqət deyilmi?
– Mən deyərdim ki, bütün insanlar eyni şəkildə öyrənmirlər. Onların öyrənmə üsulları fərqlidir. Yaxşı məktəblər bu faktı nəzərə alırlar. Təhsil sistemi uşaqların müxtəlif öyrənmə ehtiyaclarına uyğun olaraq fərqli tədris və dəstək metodlarından istifadə etdikdə nəticələr daha yaxşı olur. Belə yanaşmanın tətbiq edildiyi yerlərdə şagirdin fərdi təhsil nəticələri valideynlərinin sosial-iqtisadi statusundan daha az asılı olur.
– Deməli, valideynlər və ailələr o qədər də vacib deyil?
– Valideynlər və ailələr həmişə mühüm rol oynayırlar. Bu, xüsusilə uşağın erkən yaş dövründə daha böyük əhəmiyyət daşıyır. Bununla belə, yaxşı təhsil sistemləri mövcud bərabərsizlikləri aradan qaldırmağa kömək edir. Məsələn, miqrant valideynlər övladlarına yaşadıqları ölkənin dilini lazımi səviyyədə öyrədə bilmirlərsə, həmin dilin tədrisi məktəbəqədər təhsil müəssisələrinin üzərinə düşür.
– Heç bir uşağın geridə qalmamasını təmin etmək hökumətin vəzifəsidirmi?
– Xeyr, bu, bütün cəmiyyətin öhdəsindən gəlməli olduğu bir çağırışdır. Məsələ ondadır ki, hər bir insanın cəmiyyətdə öz marağı və payı olduğu kimi, onun inkişafına töhfə vermək məsuliyyəti də var. İnsanları geridə qoysaq, bu, bütövlükdə cəmiyyət üçün problemə çevriləcək. Hökumətlər uğura zəmanət verə bilməsələr də, bütün insanların real imkanlara malik olması üçün müvafiq şərait yaratmalıdırlar.
– Əgər bütün şagirdlərə eyni yüksək tələblər qoyulursa, bu, ümumtəhsil məktəblərinin ən doğru yanaşma olduğu anlamına gəlirmi?
– Müxtəlif pillələrə bölünmüş istənilən məktəb sisteminin əsas çatışmazlığı ondan ibarətdir ki, belə sistem hər kəsin öyrənə biləcəyinə inam üzərində qurulmur. Bu cür sistemlər yaxşı nəticə göstərməyən şagirdləri seçərək kənarlaşdırır. Almaniyanın ən yüksək səviyyəli orta məktəbləri hesab olunan gimnaziyalarda müəllimlər, adətən, öz işlərini asanlaşdırmağa çalışırlar. Onlar təhsildə geri qalan şagirdləri daha aşağı və az tələbkar məktəb pilləsinə keçməyə məcbur edirlər. Belə müəllimlər bütün şagirdləri özləri ilə irəli aparmaq yollarını düşünmürlər və bu münasibət bütün şagirdlərə mənfi təsir göstərir.
Güclü təhsil sistemləri yalnız istedadlı azsaylı şagirdləri seçməklə kifayətlənmir, hər bir gəncin öyrənməsini dəstəkləyir. Bunun nəticəsi olaraq, yüksək keyfiyyətli tədris yalnız çoxlarının maddi imkanları çatmayan nüfuzlu özəl məktəblərdə deyil, dövlət məktəblərində də təmin olunur.
– Xüsusilə istedadlı uşaqlar daha ləng öyrənən yaşıdlarla bir sinifdə olmaqdan hansı mənada faydalanırlar?
– Bunun bir neçə üstünlüyü var. İlk növbədə, guya daha ləng öyrənən uşaqların bütün sahələrdə həqiqətən də digərlərindən geri qaldığı heç də aydın deyil. Adətən, insanların fərqli güclü və zəif tərəfləri olur. Üstəlik, yalnız akademik nailiyyətlər əhəmiyyət daşımır. Bədii yaradıcılıq, sənətkarlıq və praktiki bacarıqlar da mühüm əhəmiyyətə malikdir.
Biz özümüzdən fərqli insanlarla ünsiyyətdə olduqda dünyagörüşümüz daim genişlənir. Məsələn, onların fərqli dillərdə danışdıqlarını eşidir və ya əlil arabasından istifadə edən bir insanın gündəlik çətinliklərin öhdəsindən necə gəldiyini görürük.
Xüsusi istedadı olan şagirdlər öz siniflərində eyni sahədə onlar qədər bacarıqlı olmayan yoldaşlarına dəstək göstərdikdə bütün tərəflər bundan faydalanır. Bu, xüsusilə Şərqi Asiyada aydın görünür. Həmin regionda siniflərdə şagird sayı çoxdur və müəllimlərin hər bir uşağa fərdi vaxt ayırmaq imkanları məhduddur. Əslində, hər yerdə belədir: biz hər hansı bir mövzunu yalnız onu başqalarına izah edə bildikdə həqiqətən mənimsəmiş oluruq. Digər şagirdlərin bilik səviyyəsini yüksəltməyə kömək etmək güclü şagirdin öz biliklərini möhkəmləndirir. Bu, ev tapşırıqlarını yerinə yetirməkdən daha səmərəli ola bilər.
– Bəs daha az istedadlı şagirdlər onlara göstərilən diqqətdən faydalanırlarmı?
– Ən vacib məqam odur ki, kimsə onlara inansın və onları daim ruhlandırsın.
– Deməli, yüksək nailiyyətlər ən yaxşı şagirdlərin bir qrupda birləşdirilərək ayrıca təhsil alması nəticəsində əldə olunmur?
– Əgər belə olsaydı, Almaniya beynəlxalq miqyasda ən yüksək nəticə göstərən ölkə olardı. Lakin belə deyil. Yeri gəlmişkən, şagirdləri, obrazlı desək, müəllim köməkçisi roluna cəlb etməyin müxtəlif yolları var. Bu yaxınlarda San-Paulu şəhərində ibtidai siniflərdə dərslərə dəstək göstərdiklərinə görə ödəniş alan orta məktəbli qızlarla görüşdüm. Onlar bu işdən böyük həvəslə danışırdılar. Ailələri yoxsul olduğu üçün müəyyən gəlir əldə etməyə ehtiyac duyurlar. Lakin həmin qızlar gördüləri işin hansısa mənasız və darıxdırıcı məşğuliyyət olmadığını, əksinə, başqalarına dərs keçərkən özlərinin də çox şey öyrəndiklərini anlayıblar. Üstəlik, bu iş onlara zövq verir.
– Şagirdlər bir-birinə dərs keçdikdə müəllimlərin vəzifəsi nədən ibarət olur?
– Əsas vəzifə gənclərdə öyrənmək həvəsi yaradan və onların maraq dairəsini genişləndirən təlim mühiti formalaşdırmaqdır. Gənclərə həmçinin onların kim olması, nəyə qadir olması və gələcəkdə kimə çevrilə biləcəyi ilə maraqlanan bir insan lazımdır. Məsələ müəllimlərin şagirdlərlə mümkün qədər çox vaxt keçirməsində deyil, həmin vaxtdan səmərəli istifadə etməsindədir. Müəllimlik asan peşə deyil, lakin çox gözəl peşədir.
– Deməli, əsas məsələ geniş tədris proqramını mümkün qədər tez başa çatdırmaq deyil?
– Əslində, əsas olan nə öyrənilən müxtəlif mövzuların sayı, nə də sinifdə keçilən dərs saatlarının miqdarıdır. PISA tədqiqatlarının dəfələrlə göstərdiyi kimi, keyfiyyət kəmiyyətdən üstündür.
Çoxsaylı mövzuları səthi şəkildə öyrənməkdənsə, konkret bir mövzunu dərindən mənimsəmək daha vacibdir. Məsələn, təbiət elmlərində məqsəd mümkün qədər çox faktı və düsturu əzbərləmək olmamalıdır. Əsas məqsəd alim kimi düşünməyi öyrənməkdir. Təcrübəni necə qurmağı və həyata keçirməyi bilən insan həmin təcrübənin nəticəsini sadəcə əzbərləmiş şəxsdən daha üstün mövqedədir.
- Yaxşı müəllimlərin mövzuları dərindən araşdırmaq üçün, şübhəsiz ki, müəyyən sərbəstliyə ehtiyacı var. Eyni zamanda, onlar əvvəlcədən müəyyən edilmiş tədris proqramına da əməl etməlidirlər, elə deyilmi?
– Burada düzgün tarazlığı qorumaq vacibdir. Uşaqlar yalnız şəxsi maraqlarının arxasınca getdikdə onların dünyagörüşü məhdudlaşır. Onlar özlərinin müstəqil şəkildə diqqət yetirməyəcəkləri məsələlərlə də tanış edilməlidirlər.
Digər tərəfdən, uşaqlar həyatlarının məqsədinin nə olduğunu, hansı güclü tərəflərə malik olduqlarını və həyatlarını necə qura biləcəklərini anlamağı öyrənməlidirlər. Yaxşı məktəblər bütün bunları uzlaşdırırlar.
– Kitabınızda irəli sürdüyünüz tələblərdən biri test vasitəsilə yoxlanıla bilən biliklərə deyil, praktikada tətbiq oluna bilən biliklərə üstünlük verilməsidir. Bəs tətbiqi bilikləri necə yoxlamaq olar?
– PISA tədqiqatları məhz bunu həyata keçirir. Biz gənclərə onların əvvəllər qarşılaşmadıqları tapşırıqlar veririk. Bu tapşırıqları yerinə yetirmək üçün onlar biliklərini yeni şəraitdə tətbiq etməlidirlər. Bunu bacaran şagirdlər həmin bilikləri gündəlik həyatlarında və gələcək iş fəaliyyətlərində də tətbiq edə biləcəklər.
– Yaradıcılıq sərbəstliyindən başqa, müəllimlərə daha nələr lazımdır?
– Komanda işi çox vacibdir. Nəyin zəruri olduğunu və nələrin gözlənildiyini məhz komandalar müəyyənləşdirirlər. Peşəkarlıq həm də həmkarlarla fikir mübadiləsi nəticəsində formalaşır.
– Lakin müəllimlər sinif otağında tək işləmirlərmi?
– Əsas məsələ onların məktəbdə özlərini tənha hiss edib-etməmələridir. Əgər güclü komandaya malikdirlərsə, sinifdə baş verən uğursuzluqları, eləcə də yaxşı nəticələri həmkarları ilə müzakirə edə bilərlər. Bütün tərəflər bundan müvafiq nəticələr çıxarırlar.
Yeni yanaşmaları sınaqdan keçirmək və konsepsiyaları birgə hazırlamaq da çox dəyərlidir. Bəzən həmkarının dərsini müşahidə etmək də faydalı ola bilər. Komanda işi müəllimlərin motivasiyasını artırır və eyni zamanda, onların fəaliyyətində köhnəlmiş vərdişlərin möhkəmlənməsi ehtimalını azaldır.
– Valideynlər təhsil prosesinə nə dərəcədə cəlb edilməlidirlər?
– Əgər valideynlər özlərini məktəb sisteminin sadəcə müştəriləri hesab edirlərsə, bu, bir çox problemin yaranmasına səbəb olacaq. Onları məktəbin idarə olunmasına və orada baş verən proseslərə cəlb etmək daha məqsədəuyğundur. Bir daha qeyd edim ki, yaxşı münasibətlərin qurulması və qorunması müəllimlərin vəzifəsidir.
– PISA tədqiqatları məktəb sisteminin uğurlu olması üçün hansı amillərin vacibliyini bu qədər aydın göstərdiyi halda, inandırıcı modellərin hər yerdə tətbiq edilməməsi qəribə deyilmi?
– Əslində, zəif məktəb sistemləri daha güclü sistemlərdən müəyyən dərslər götürürlər. Lakin bu istiqamətdə daha çox iş görülə bilər və görülməlidir də. Əsas çətinlik ondadır ki, nəyin yanlış olduğunu anlamaq, həmin yanlışlığı aradan qaldırmaqdan daha asandır. Təhsil sahəsində islahatların həyata keçirilməsi, bir qayda olaraq, çox çətin olur. Çünki bu islahatlar çoxsaylı insanlara təsir edir və buna görə də güclü müqavimətlə qarşılaşır.
Valideynlər öz uşaqlıqlarında öyrəşdikləri qaydalar dəyişdikdə narahat olurlar. Digər bir çətinlik isə müəllimlərin mövcud vərdişlərindən ayrılmağa meyilli olmamalarıdır. Bu amillər birlikdə dəyişikliklərə qarşı güclü müqavimət yaradır.
– Belə müqaviməti çox vaxt aradan qaldırmaq mümkün olmurmu?
– Hökumətlər çox vaxt hətta bu istiqamətdə addım atmaqdan da çəkinirlər. Onlar mübahisələrə cəlb olunmaq istəmirlər. Bilirlər ki, münaqişələr dərhal yaranacaq, islahatların nəticələri isə yalnız uzun illər sonra görünəcək.
Bu səbəbdən, yalnız düzgün deyil, hətta zəruri olduğu başa düşülən dəyişiklikləri həyata keçirmək çətinləşir. Digər tərəfdən, zəruri islahatlar qəbul edilmədikdə məktəb sistemlərinin inkişaf etməyəcəyi də aydındır.
– Məktəblərində irəliləyişə nail olmaq istəyən ölkələrin hökumətlərinə hansı tövsiyələri verərdiniz?
– Onlara Vyetnam, Peru və Braziliya kimi ölkələrin PISA nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üçün gördükləri işləri diqqətlə öyrənməyi tövsiyə edərdim. Həmin ölkələrdə islahatlar uğurlu nəticə verib və buna görə də onlar nümunə ola bilərlər.
Bununla belə, təhsil siyasətini müəyyən edən hər bir şəxsə ən yüksək nəticə göstərən ölkələrin uğurunun arxasında dayanan amilləri araşdırmağı tövsiyə edərdim. Axı təkcə inkişaf etməkdə olan ölkələrin deyil, digər dövlətlərin də təhsil sistemlərində təkmilləşdirmə üçün kifayət qədər geniş imkanlar var.




