ABŞ-də Qarabağ Universitetinin adını eşidəndə yaşadığımız hissləri sözlərlə ifadə etmək çətindir – Müsahibə  

8 May, 2026 - 14:53
ABŞ-də Qarabağ Universitetinin adını eşidəndə yaşadığımız hissləri sözlərlə ifadə etmək çətindir

Qarabağ Universitetinin yaranmasından 2 il otur. Qısa müddətdə yaranmasına baxmayaraq ali təhsil ocağı artıq bir çox uğurlara imza atıb. Bu yaxınlarda universitetin “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan tələbələrindən ibarət “Jessup” komandası Vaşinqtonda dünyanın ən nüfuzlu Philip C. Jessup Beynəlxalq Məhkəmə Müsabiqəsində (Philip C. Jessup International Law Moot Court Competition), eyni ixtisas üzrə beynəlxalq ticarət hüququ sahəsində “Vic Moot” komandası isə Avstriyanın Vyana şəhərində keçirilən  Vis Beynəlxalq Kommersiya Arbitrajı Müsabiqəsində (Willem C. Vic Internotal Commercial Arbitration Moot) müsabiqəsində iştirak ediblər. 

Tələbələrlə görüşüb müsabiqədən hansı təəssüratlarla qayıtdıqlarını öyrənmək istədik.

Elmira Cəfərova dünyanın ən çətin və genişmiqyaslı, 800-ə yaxın hüquq məktəbinin iştirak etdiyi “Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsində ölkəmizi layiqincə təmsil edib. 

- Qarabağ Universitetinin tələbəsi olaraq universitetinizi xaricdə təmsil edəcəyinizi təsəvvür edirdinizmi? Yəqin, bu müsabiqə həyatınızda silinməz izlər buraxdı, həm də təcrübə qazandınız... 

- Açığı, bir gün Qarabağ Universitetinin tələbəsi olacağımı və onu beynəlxalq səviyyədə təmsil etmək imkanı qazanacağımı təsəvvür etmirdim. Qeyd etməliyəm ki, bundan əvvəl Azərbaycanda hüququn müxtəlif sahələrində birinciliklərim və müəyyən nailiyyətlərim olmuşdu. Lakin universitetimi beynəlxalq arenada təmsil etmək mənə bir zamanlar uzaq görünürdü. Məhz buna görə bu təcrübə mənim üçün xüsusi əhəmiyyət daşıyır. Qarabağ Universitetini xaricdə, bütün dünyadan 800-ə yaxın hüquq məktəbinin iştirak etdiyi “Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsində təmsil edən ilk tələbələrdən biri olmaq böyük qürurdur. Üstəlik, Finlandiyanın Laplandiya Universiteti üzərində qələbə qazanaraq universitetimizə ilk uğuru gətirən komandanın üzvü olmaq mənim üçün unudulmaz bir nailiyyətdir. 

- Münsiflər heyətinin tərkibi haqqında nə deyə bilərsiniz?
- Hər mərhələdə adətən üç hakimdən ibarət panel iştirak edirdi və bu hakimlər çox zaman fərqli ölkələri təmsil edirdilər. Bu amil yarışa əlavə dinamika və çətinlik qatırdı. Çünki biz arqumentlərimizi müxtəlif hüquqi baxışlara və fərqli təcrübələrə malik şəxslər qarşısında təqdim etməli olurduq. Hakimlər Braziliya, Argentina, Almaniya, Ermənistan, Böyük Britaniya, Çin, Özbəkistan və Kanada kimi ölkələri təmsil edirdi. Bu isə müsabiqənin beynəlxalq səviyyəsini və rəqabət mühitini daha da gücləndirirdi.

 - Yarış zamanı ünsiyyət qurduğunuz şəxslər haqqında təəssüratlarınız necə oldu? 

- Fərqli ölkələrdən olan iştirakçılar, hakimlər və təşkilatçılarla ünsiyyət qurmaq bu təcrübənin ən dəyərli hissələrindən biri idi. Xüsusilə maraqlı məqamlardan biri də komanda yoldaşım Fidan Məmmədova ilə birlikdə hazırladığımız iddiaçı sənədini yoxlayan Böyük Britaniyadan olan tanınmış hüquqşünas hakimlə təsadüfi qarşılaşmağım oldu.  

Onun “Əgər sizin sənədə 95/100 qiymət vermişəmsə, deməli, siz mükəmməl iş ortaya qoymusunuz” deməsi mənim üçün olduqca dəyərli və motivasiyaedici idi. Ümumilikdə bu tanışlıqlar mənə göstərdi ki, dünyada çox güclü və yüksək səviyyədə hazırlıqlı rəqiblər var. Onlarla rəqabət aparmaq üçün isə daim öz üzərimizdə işləməli, daha dərin hüquqi biliklərə, geniş təcrübəyə və ciddi akademik-praktiki nailiyyətlərə sahib olmalıyıq. Bu yarış mənim üçün gələcək inkişaf baxımından böyük motivasiya oldu.

 - Bu yarış sizə nə verdi? Gələcəkdə belə yarışlar olsa, qalib olmaq üçün sizə nələrin çatışmadığını düşünürsünüz?

- Final mərhələsində aydın şəkildə gördüm ki, komandalar arasındakı əsas fərq məhz təcrübə ilə bağlıdır. Hesab edirəm ki, bu tip beynəlxalq müsabiqələrdə təcrübə həlledici rol oynayır. Əgər bu yarışda bir il əvvəl iştirak etmək imkanımız olsaydı, düşünürəm ki, komandamız daha böyük uğurlara imza ata bilərdi. Bu təcrübə bizə gələcəkdə daha yüksək nəticələr əldə etmək üçün hansı istiqamətlərdə inkişaf etməli olduğumuzu aydın şəkildə göstərdi. Sonda isə bizə bu imkanı və şəraiti yaratdığına görə Qarabağ Universitetinin rəhbərliyinə, xüsusilə rektor Şahin Bayramova təşəkkürümü bildirirəm. 

Növbəti müsahibim komandanın digər üzvü Fidan Məmmədovadır. O, XI sinifdə oxuyanda Azərbaycan dili fənni üzrə  Respublika fənn olimpiadasında istirak edərək bürünc medal qazanıb. 

- Fidan, gəlin sizinlə yaxından tanış olaq. 

 - Qarabağ Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə III kurs tələbəsiyəm. Hüquq təhsili alan bir gənc kimi akademik yolumu sadəcə yerli müstəvidə deyil, həm də beynəlxalq standartlar çərçivəsində formalaşdırmağa çalışıram. Mənim üçün bir hüquqşünas sadəcə qanunu, maddələri bilməklə kifayətlənməməli, həm də analitik düşünməli, qlobal problemləri hüquqi süzgəcdən keçirməyi bacarmalı və geniş dünyagörüşünə malik olmalıdır. Məhz bu səbəbdən dərslərimlə yanaşı məqsədə gedən yolda qarşıma çıxan fürsətləri dəyərləndirməkdən qaçınmıram.

 – Bu yarış sizin üçün nə deməkdir? Bu yarışda iştirak edəcəyiniz barədə məlumatınız var idimi? Bu yarışda iştirakla bağlı məlumat veriləndə hansı hissləri keçirdiniz?

- Bu müsabiqədə iştirakım həm mənim üçün, həm də komanda yoldaşlarım üçün əvəzedilməz, unudulmaz bir təcrübə oldu. “Philip C. Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsi 1960-cı ildən etibarən beynəlxalq hüquq sahəsi üzrə keçirilən,  təxminən 100 ölkə və 700-ə yaxın universitetin hüquq tələbəsinin iştirak etdiyi ən köklü və mötəbər müsabiqədir. Belə bir nüfuzlu məhkəmə müsabiqəsində iştirak həm mən və komanda yoldaşlarım üçün akademik həyatımıza böyük töhfə verən bir təcrübə, həm də doğma torpaqlarda yeni əsası qoyulmuş universitetimiz üçün yeni bir ənənənin başlanğıcı demək idi. Universitetimizin müsabiqədə iştirak edən ilk formalaşmış komandası olduğumuz üçün bu komandada olmağımız könüllü əsaslarla baş tutdu. Belə ki, müsabiqə ilə bağlı bizə ilk dəfə məlumat veriləndə ağlımızda tək sual var idi: İlk dəfə iştirak edirik, həqiqətən də bacara bilərikmi? Müsabiqədə iştirak etmək istəyən tələbələrdən ibarət komanda formalaşdı və biz bəzən “Yox, alınmayacaq” mesajını verəndə, yəni vəziyyət istədiyimiz kimi olmadığı vaxtlarda belə bir-birimizi ürəkləndirir, uğur əldə edə biləcəyimizə inanırdıq.

İlkin vaxtlardakı zəifliklərimiz sonda ən böyük gücümüzə çevrildi. Bunlardan başqa, ölkəmizin bayrağını, universitetimizin adını beynəlxalq arenada 100-dən çox ölkənin olduğu bir məkanda təmsil etmək məni bu müsabiqədə iştiraka sövq edən ən böyük stimul idi və belə də oldu. Komanda olaraq ölkəmizi təmsil etmək kimi məsuliyyətli və önəmli bir missiyanı layiqincə tamamladığımızı düşünürəm.

 – Belə bir mötəbər yarışda iştirak etmək sizin üçün nə deməkdir?

- “Jessup” mənə hüquqi biliklərimi praktiki müstəvidə sınaqdan keçirmək imkanı tanıdı. Həqiqətən də belədir, çünki biz komanda üzvləri olaraq müsabiqəyə hazırlaşanda paralel olaraq “Beynəlxalq ümumi hüquq” fənni təzəlikcə bizə tədris olunurdu. Beləliklə, həm dərs zamanı bu sahədəki nəzəri bilikləri dərindən mənimsəmiş olduq, həm də müsabiqə sayəsində bu bilikləri tətbiq etdik. Bu təcrübə mənim üçün “həyat kitabımın” ən parlaq və fəxrlə vərəqləyəcəyim səhifələrindən biridir. Hər bir özünü inkişafa meyilli hüquq tələbəsinin akademik həyatında yer verməli olduğu möhtəşəm bir fürsətdir.

 – Sizinlə yarışan tələbələrlə aranızda hansı fərqi müşahidə etdiniz? Qalib gələ bilməməyinizin səbəbi nə idi? Bir daha qoşulsa bilsəydiniz nələri dəyişərdiniz?

- Müsabiqə iki mərhələdən - milli və beynəlxalq mərhələdən ibarətdir və biz ilkin milli mərhələdə ölkəmizin digər iki nüfuzlu univerisiteti ilə yarışdıq. Hər iki universitet də artıq illərdir bu yarışmada iştirak edib, bu müsabiqə üçün kifayət qədər uğurlu təcrübə yığıb, “Jessup” ənənəsi formalaşdırmış universitetlərdir. Ümumiyyətlə, iştirak edən digər tələbələr təcrübəli idi, bu yolu artıq dəfələrlə keçmiş və ya əvvəlki illərdə olan təcrübələrinə əsaslanıb zəif məqamlarını düzəltmək şansına malik idilər.  Biz bütün bunları gözə alaraq, cəsur bir addım atdıq və öz universitetimizdə ilklərin əsasını qoyduq. Ona görə də, düşünmürəm ki, biz məğlub olduq, tam əksinə çox şey qazandıq – müstəsna təcrübə, yeni bilik və bacarıqlar əldə etdik, istər akademik, istər dünyagörüşü baxımdan çox inkişaf etdik, dünyanın müxtəlif yerlərindən yeni dostluqlar qazandıq, öz sahəsində kifayət qədər uğurlu olan çox sayda beynəlxalq hüquqşünaslardan, hakimlərdən, akademiklərdən məhkəmədə etdiyimiz çıxışlara dair müsbət, bir o qədər də öyrədici rəylər aldıq, tanışlıqlar qurduq. Beynəlxalq raundlarda iştirak hüququ əldə etməsək də, yolumuz hələ bitməmişdi. Daha sonra biz müşahidəçi komanda kimi 4 ölkə ilə dostluq raundlarında yarışdıq. Xarici universitetlərlə baş tutan dostluq raundlarında anladıq ki, bizim arqumentlərimiz, çıxış bacarıqlarımız heç də geri qalmır, tam əksinə, ən güclü arqumentlərlə yarışırdıq, hətta beynəlxalq raundların birində Finlandiya universitetinə qarşı qalibiyyətimiz də oldu. Yazdığımız ərizəçi və cavabdeh sənədləri beynəlxalq hüquqşünaslar tərəfindən yüksək dəyərləndirildi, hətta bizim iddia sənədimiz hakimlərdən biri üçün digər komandaların arqumentlərini dəyərləndirərkən istifadə etdiyi nümunəvi sənədlərdən biri idi. Yenidən iştirak etsə idim, zamanımı daha effektiv bölüb hazırlaşardım. Artıq estafeti növbəti ilki komandaya ötürəcək, onlara öz təcrübələrimizi, etdiyimiz səhvləri izah edəcək, hər mövzuda yeni komandaya dəstək olacağıq. Qısası, bizim bu müsabiqədə iştirakımız bir daha onu sübut etdi ki, universitetimiz nəinki sadəcə yerli məkanda öz sözünü deyən təhsil ocağıdır, eyni zamanda beynəlxalq rəqabət meydanında da yetişdirdiyi qətiyyətli, bacarıqlı və səriştəli tələbələri ilə fərqlənən rəqabətədavamlı, tələbəsinə olan dəstəyini, inamını daim hiss etdirən universitetlər sırasındadır. 

 – Bir sözlə bu yarış sizə nə verdi?

- Müsabiqə özü kifayət qədər çətindir, mən və komanda yoldaşlarım bu yolda çox zəhmət çəkdik, yuxusuz gecələrimiz oldu, hətta intensiv hazırlıq səbəbi ilə bəzən ailələrimizə, yaxınlarımıza vaxt ayırmaqda çətinlik çəkirdik. Sonda bu proses mənə çox şey verdi – komanda ilə işləmək, hüquqi arqumentasiya qurmaq, akademik ingilis dilində hüquqi yazı, ictimai çıxış zamanı yumşaq bacarıqların inkişafına səbəb oldu. Müsabiqədən sonra artıq özümə daha çox inanıram, problem həll etmə, analitik düşünmə, gərgin mühitdə işləmək və stressi idarə etməkdə müsabiqənin müsbət təsirini üzərimdə hiss edirəm. Fərqli bir qitədə, müxtəlif mədəniyyətlər sırasında olmaq, o atmosferi yaşamaq özü də mənim üçün böyük bir addım idi. ABŞ-də Qarabağ Universitetinin adını müxtəlif ölkələr arasında eşidəndə həmin an yaşadığımız hissləri sözlərlə ifadə etmək çətindir. Son olaraq qeyd etmək istərəm ki, hər bir uğurun arxasında inam, əzm, qətiyyət və birlik durur. Proses boyu biz komanda olaraq bir-birimizə güc və motivasiya verdik, universitetimizin bizə olan inamını, müəllimlərimizin, məşqçilərimizin, ailələrimizin dəstəyini daim öz üzərimizdə hiss etdik.

Elgün Əsgərova isə komersiya arbitrajı üzrə müsabiqənin iştirakçısıdır. Gəlin onu da dinləyək.  O, Qarabağ Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə 3-cü kursda oxuyur, SABAH Qrupları tələbəsidir.  Elgün də yarışa qatılarkən həm həyəcan, həm məsuliyyət hiss etdiyini, Qarabağ Universitetini dünyanın kommersiya arbitrajı üzrə ən nüfuzlu məhkəmə müsabiqəsi olan “Willem. C Vis Moot” kommersiya arbitrajı məhkəmə müsabiqəsində təmsil etməyin onun üçün həm qürurverici, həm də məsuliyyətli bir iş olduğunu dilə gətirir.

-Yarışda qalib olmaq üçün nələri bilmək, nələr etmək lazımdır?

- Yarışda qalib olmaq üçün, ilk növbədə, hüquqi biliklərə, xüsusilə də hüquqi ingilis dili biliklərinə sahib olmaq lazımdır. Analiz qabiliyyəti, məntiqi düşüncə və düzgün arqument qurmaq bacarığı bu prosesdə çox vacib rol oynayır. Yarış əsasən iki mərhələdən ibarət olur: memorandumun hazırlanması və şifahi mərhələ. Memorandumun yazılma mərhələsində təqdim edilmiş keysin bütün detalları diqqətlə araşdırılmalı, hüquqi əsaslar düzgün müəyyən edilməli və arqumentlər peşəkar şəkildə formalaşdırılmalıdır. Şifahi mərhələdə isə bu arqumentləri inamlı, aydın və peşəkar şəkildə təqdim etmək, suallara çevik cavab vermək və mövqeyi müdafiə etmək tələb olunur. Bununla yanaşı, intizamlı hazırlaşmaq, vaxtı düzgün idarə etmək, stresə nəzarət etməyi bacarmaq və özünəinamlı olmaq da uğurun əsas şərtlərindəndir. 

 Qeyd etmək istərdim ki, yarışın nəticələrinə əsasən bizim iddiaçı tərəf üzrə memorandumumuz 15 komanda arasında 4-cü, cavabdeh tərəf üzrə isə 2-ci yer olmuşdur. Fərdi çıxışlarımız isə yüksək qiymətləndirilmiş, şifahi mərhələdə komanda üzvləri olaraq fərdi ballarımız 100 baldan 70 və 80 bal üzərində olmuşdur.

- Bəs qalib tələbələrlə sizin aranızda fərq nədən ibarət idi?

- Düşünürəm ki, əsas fərq təcrübə ilə bağlı idi. Qalib olan komandalar bir neçə ildir ki, bu tip yarışlarda iştirak etdikləri üçün daha formalaşmış təcrübəyə və praktik bacarıqlara malik idilər. Bizim üçün isə bu, ilk iştirak idi. Buna baxmayaraq, hesab edirəm ki,uğurlu nəticələr əldə etmişik. Arqumentlərimiz kifayət qədər güclü idi və qalib komandaların arqumentlərindən heç də geri qalmırdı. Hesab edirəm ki, Qarabağ Universitetinin təhsili yüksək səviyyədədir və tələbələrinin digər universitetlərin tələbələrindən potensial baxımından heç bir fərqi yoxdur. İnanıram ki, tərəfimizdən başladılmış bu ənənə gələcək illərdə davam etdiriləcək və təkmilləşdirilərək daha yüksək nəticələr əldə olunacaq.

- Gələcəkdə bu yarışa yenidən qatılsaydınız, qalib gəlmək üçün nələr edərdiniz?

- Gələcəkdə bu yarışa yenidən qatılsaydım, qalib gəlmək üçün daha sistemli və planlı şəkildə hazırlaşardım. Artıq əvvəlki təcrübəm olduğu üçün özümə inamım daha yüksəkdir və “Vis Moot”da iştirak etdiyim zamanla indiki arasında ciddi fərq var. Bu yarış mənim üçün çox öyrədici və inkişafetdirici bir mühit oldu. Gələcəkdə belə bir yarışa qatılarkən daha çox praktiki hissəyə və xüsusilə şifahi mərhələyə fokuslanardım. Memorandum hazırlığını daha da təkmilləşdirməklə yanaşı, çıxış bacarıqlarımı inkişaf etdirmək, suallara daha çevik və inamlı cavab vermək üçün əlavə məşqlər edərdim. Eyni zamanda vaxt idarəetməsi, stressin idarə olunması və komanda içi koordinasiyanı daha yüksək səviyyəyə çatdırmağa çalışardım. Bütün bunların nəticəsində daha güclü və daha hazırlıqlı şəkildə iştirak edərək daha yüksək nəticə əldə etməyə nail olardım.

Emil Ağazadə, Qarabağ Universitetinin “Hüquqşünaslıq” ixtisasının III  kurs SABAH Qrupları tələbəsidir. Orta məktəbdə oxuyarkən Respublika fənn olimpiadasında bürünc medal qazanıb. 

 O, yarış haqqında belə deyir:

- “Willem C. adına Vis” Beynəlxalq Kommersiya Arbitrajı Məhkəmə Müsabiqəsində iştirak etmək mənim üçün öz ixtisasım üzrə daha dərin biliklər əldə etmək, sahib olduğum bacarıqları isə beynəlxalq sferada sınamaq oldu.  Bu müsabiqə kommersiya sahəsində biliklərimizin, hüquqi ingilis dilində yazı və danışıq bacarıqlarımızın inkişaf etməsində böyük töhfə oldu.  
Bu tələbələr yarışda qalib olmasalar belə, nüfuzlu ölkələrin tələbələri ilə yarışmaq özü də qalibiyyətdir. Qazandıqları bu təcrübənin onlara gələcəkdə uğur gətirəcəyinə inamımızı artırır.