Orxan Cəfərov: “Əsas məqsəd ehtiyac olan ərazilərdə yeni qrupların açılmasıdır”
Azərbaycanda erkən təhsilin əlçatanlığının artırılması istiqamətində həyata keçirilən, alternativ təhsil modeli olan icma əsaslı məktəbəqədər təlim qrupları genişlənmə mərhələsinə qədəm qoyur. Layihə çərçivəsində minlərlə uşaq artıq erkən təhsilə cəlb olunub və növbəti tədris ilində bu göstəricinin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Layihə rəhbəri Orxan Cəfərov “Azərbaycan müəllimi”nə müsahibəsində görülən işlər, qarşıda duran hədəflər və planları barədə danışıb.
– Orxan bəy, “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin əhatə dairəsi genişləndirilir. Bu barədə məlumat verə bilərsiniz?
– Bildiyimiz kimi, hazırda icma əsaslı məktəbəqədər təlim qruplarında 24 minə yaxın uşaq erkən təhsilə cəlb olunub. Növbəti tədris ilində bu rəqəmin 35 minə çatdırılması nəzərdə tutulur. Bu, məktəbəqədər təhsilə göstərilən diqqət və qayğının bariz nümunəsidir, eyni zamanda böyük məsuliyyət deməkdir. Statistik olaraq bu, 50 faizə yaxın artım deməkdir. Ümid edirik ki, əvvəlki illərdə olduğu kimi, tərbiyəçi - müəllimlər, valideynlər, məktəb direktorları və ümumilikdə təhsilin bütün iştirakçıları ilə birlikdə qarşıya qoyulan hədəfə nail olacağıq.
– Hazırda neçə icma qrupu və müəllim fəaliyyət göstərir? Genişlənmə ilə bağlı planlar nələrdir?
– Hazırda layihə ölkə üzrə məktəblərin təxminən üçdə birini əhatə edir. 1158 məktəbdə 1596 qrup fəaliyyət göstərir. Bu qruplarda isə 1450-yə yaxın müəllim çalışır. Növbəti ildə uşaq sayının 35 minə çatdırılması nəzərə alınarsa, əlavə olaraq 1000 nəfərə yaxın müəllimin cəlbinə ehtiyac yaranacaq. Bu isə ümumilikdə 2600-ə yaxın qrupun fəaliyyət göstərməsi və əlavə 1000 qrupun açılması deməkdir.
– Müəllimlərin işə qəbulu zamanı pedaqoji təhsil tələbi varmı?
– Məktəbəqədər ixtisas üzrə təhsili olan namizədlərin müraciəti arzuolunandır və onlara üstünlük verilir. Lakin layihə əsasən ucqar ərazilərdə həyata keçirildiyi üçün bu bölgələrdə ixtisaslı kadr çatışmazlığı müşahidə olunur. Bu səbəbdən, zərurət yarandıqda qeyri-pedaqoji ixtisaslı və ya ən son halda tam orta təhsilli şəxslər də işə cəlb oluna bilər.
– İcma qrupları daha çox hansı regionlarda fəaliyyət göstərir? Yeni regionlarda genişlənmə planlaşdırılırmı?
– Hazırda “İcma əsaslı məktəbəqədər təhsil” qrupları ölkənin 62 rayonunda fəaliyyət göstərir. Növbəti ildə əsas məqsəd ehtiyacın daha çox olduğu ərazilərdə, məktəbəqədər təhsil müəssisələrinin olmadığı və ya mövcud imkanların kifayət etmədiyi yerlərdə yeni qrupların açılmasıdır.
– Ən çox icma qrupları hansı regionlarda cəmlənib?
– Uşaq sayına görə ən çox qruplar, Lənkəran-Astara, Şirvan-Salyan, Mil – Muğan, Qazax-Tovuz və Quba-Xaçmaz regionlarında da icma qrupları geniş yayılıb və daha çox uşaq erkən təhsilə cəlb olunur.
“Bakı şəhərində və ətraf ərazilərdə yeni icma mərkəzlərinin açılması nəzərdə tutulur”
– Bakıda da yeni icma qruplarının açılması planlaşdırılırmı?
– Bəli, Bakı şəhərində və ətraf ərazilərdə məktəbəqədər təhsilə tələbat yüksək olduğundan burada da yeni icma mərkəzlərinin açılması nəzərdə tutulur.
– İcma mərkəzləri hansı meyarlar əsasında yaradılır?
– Əsas meyar ehtiyacdır. Yəni erkən təhsilə çıxışı olmayan və ya mövcud müəssisələrin kifayət etmədiyi ərazilərdə icma mərkəzlərinin açılmasına üstünlük verilir. Bu məqsədlə məktəblərdə və ya digər dövlət qurumlarının inzibati binalarında uyğun şərait yaradılır.
“Ağdamda, Suqovuşanda, Ağdərədə və s. yeni icma mərkəzlərinin açılması planlaşdırılır”
– İşğaldan azad olunmuş ərazilərdə vəziyyət necədir?
– Bu istiqamətdə işlər davam edir. Artıq Füzuli, Şuşa, Ağdam, Ağdərə kimi ərazilərdə icma qrupları fəaliyyət göstərir. Növbəti ildə isə bu əhatənin daha da genişləndirilməsi planlaşdırılır.
– Uşaqların davamiyyəti necədir?
– Davamiyyət əsasən mövsümlərə görə dəyişir. Payız və qış aylarında bu göstərici təxminən 60 faiz, daha mülayim və isti aylarda isə 80 faizdən yuxarı olur. Ümumilikdə davamiyyət qənaətbəxşdir.
Naxçıvan Muxtar Respublikasında da icma qruplarının fəaliyyət genişləndiriləcək
– Naxçıvanda vəziyyət necədir?
– Naxçıvan Muxtar Respublikasında da icma qrupları fəaliyyət göstərir. Hazırda Naxçıvan, Babək, Culfa, Şərur və digər rayonlarda 13 məktəbdə 25 qrup mövcuddur. Növbəti tədris ilində bu sayın artırılması planlaşdırılır.
– Sonda nə əlavə etmək istərdiniz?
– İcma əsaslı məktəbəqədər təhsil modelinin növbəti tədris ilində daha da genişləndirilməsi yalnız əhatə dairəsinin böyüməsi deyil, eyni zamanda daha çox uşağın erkən təhsil imkanına çıxış əldə etməsi deməkdir.
Biz inanırıq ki, erkən yaş dövründə keyfiyyətli təhsil alan uşaqlar gələcəkdə həm akademik, həm sosial, həm də emosional baxımdan daha uğurlu inkişaf yolu keçirirlər. Xüsusilə ucqar və məktəbəqədər təhsilə çıxışın məhdud olduğu ərazilərdə bu layihə ailələr üçün böyük dəstək rolunu oynayır.
Lakin layihənin genişlənməsi yalnız dövlətin və ya müəllimlərin işi deyil. Burada valideynlərin, yerli icmaların və ümumilikdə cəmiyyətin dəstəyi də çox önəmlidir. Çünki uşağın inkişafı məktəb, müəllim və ailənin birgə əməkdaşlığı ilə mümkün olur.
Bizim əsas məqsədimiz sadəcə say artırmaq deyil, keyfiyyətli və davamlı məktəbəqədər təhsil mühiti formalaşdırmaqdır. Bu istiqamətdə müəllimlərin peşəkar inkişafı, valideyn maarifləndirilməsi və icma əməkdaşlığı əsas prioritetlərdəndir.
İnanırıq ki, cəmiyyət olaraq erkən təhsilə verilən hər dəstək gələcəyimizə qoyulan ən dəyərli investisiyadır.



