Namizədliyimin irəli sürülməsi mənim üçün gözlənilməz oldu – ADNSU-nun 32 yaşlı yeni prorektoru – MÜSAHİBƏ

20 Aprel, 2026 - 16:00
Namizədliyimin irəli sürülməsi mənim üçün gözlənilməz oldu

Bəzi hekayələr var ki, onları oxuyanda “uğur” sözünün arxasında əslində nə qədər gərgin zəhmətin, davamlı inkişaf və məqsədyönlü seçimlərin, tükənməyən öyrənmə həvəsinin dayandığı aydın görünür. Bu, ani sıçrayışın deyil, illərlə addım-addım qurulan yolun hekayəsidir. 

Vaxtilə oxuduğu ali məktəbin prorektoru oldu

Nigar Adilova məhz belə bir uğurlu yolun sahibidir. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr təhsilini “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası, magistr təhsilini isə “Kompüter mühəndisliyi” ixtisası üzrə alıb. Hər iki səviyyəni fərqlənmə ilə başa vurması, daha sonra sistemli analiz və informasiya texnologiyaları üzrə fəlsəfə doktoru elmi dərəcəyə layiq görülməsi onun elmi bazasını formalaşdırıb. Nigar paralel olaraq universitet daxilində müxtəlif vəzifələrdə - mühəndis, koordinator, müəllim, proqram üzrə rəhbər vəzifələrində fəaliyyət göstərərək idarəetmə bacarıqlarını inkişaf etdirib. Beynəlxalq MBA proqramında illərlə həm tədris, həm təşkilati işlərdə aktiv rol alması, xarici universitetlərlə əməkdaşlıqların qurulmasına töhfə verməsi, beynəlxalq konfranslarda iştirakı və elmi məqalələri isə onun akademik və qlobal baxışını daha da gücləndirib. Hazırda isə o, səmərəli fəaliyyəti ilə yeni bir mərhələyə qədəm qoyub. Belə ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nigar Adilova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.

Elə bu məqamda  söhbətimizi onun özü ilə davam etdiririk.

– 32 yaşında prorektor vəzifəsinə yüksəlmək sizin üçün daha çox qürur hissidir, yoxsa böyük məsuliyyətin başlanğıcı? Bu yaşda belə bir mövqedə olmaq təhsilə və cəmiyyətə baxışınıza necə təsir edir?

– Açığını desəm, bu vəzifə mənim üçün, ilk növbədə, böyük məsuliyyətdir. Çünki söhbət təkcə bir idarəçilik mövqeyindən getmir, söhbət gələcəyimizi formalaşdıran gənclərin taleyindən, ölkəmizin intellektual potensialından gedir. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti kimi köklü və milli əhəmiyyətli bir ali təhsil ocağına beynəlxalq əlaqələr üzrə prorektor təyin olunmağım həm böyük etimad, eyni zamanda məsuliyyətdir. Təhsil hər bir cəmiyyətin inkişafının əsas sütunudur. Güclü təhsil sistemi olmadan nə iqtisadi inkişafdan, nə də dayanıqlı gələcəkdən danışmaq mümkündür. Bu baxımdan mənim əsas məqsədim yalnız mövcud sistemi qorumaq deyil, onu daha da inkişaf etdirmək, tələbələrə keyfiyyətli və müasir təhsil imkanları yaratmaqdır.

Qürur hissinə gəlincə, mən bunu daha çox nəticələrdə, yəni tələbələrimizin uğurlarında, onların beynəlxalq arenada əldə etdikləri nailiyyətlərdə, universitetimizin nüfuzunun daha da artmasında görürəm. Mənim üçün qürur hissi bu məsuliyyətli işin öhdəsindən layiqincə gəldiyim zaman yaşanacaq. Bu yol çətin, eyni zamanda çox dəyərlidir. Çünki təhsilə verilən hər töhfə əslində gələcəyə qoyulan ən böyük sərmayədir.

– Prorektor vəzifəsinə təyinatınız sizin üçün gözlənilən idi, yoxsa bu qərar həyatınızda müəyyən mənada sürpriz və yeni dönüş nöqtəsi oldu?

– Etiraf edim ki, namizədliyimin universitet rəhbərliyi tərəfindən irəli sürülməsi mənim üçün müəyyən qədər gözlənilməz oldu. Eyni zamanda bu, həyatımda həm həyəcanlı, həm də məsuliyyətli yeni bir mərhələnin başlanğıcı idi. Məzunu olduğum, formalaşdığım universitetə artıq rəhbər səviyyədə töhfə vermək imkanı əldə etmək çox xüsusi və dəyərli bir hissdir.

Təyinatdan öncə Elm və Təhsil Nazirliyində kifayət qədər geniş və çoxşaxəli yoxlanış, eləcə də müsahibə prosesi keçirildi. Bu mərhələ mənim üçün sadəcə qiymətləndirilmə deyil, həm də özümü yenidən təhlil etmək, potensialımı daha dərindən dərk etmək imkanı yaratdı. Açığı, mən heç vaxt yalnız nəticəyə fokuslanan biri olmamışam. Hər zaman düşünürəm ki, əsas məsələ üzərimə düşən öhdəliyi vicdanla, yüksək motivasiya və bütün gücümlə yerinə yetirməkdir.

Bu səbəbdən proses boyunca diqqətimi nəticədən çox, şəxsi inkişafıma, bilik və bacarıqlarımı artırmağa yönəltdim. Xüsusilə də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin beynəlxalq səviyyədə daha da güclənməsi üçün hansı addımların atıla biləcəyi üzərində ciddi düşünmək və təhlil aparmaq mənim üçün əsas prioritet oldu.

Proses yekunlaşdıqdan sonra verilən qərarı mən bir nəticə kimi deyil, yeni bir yolun başlanğıcı kimi qəbul edirəm. Bu yol həm böyük məsuliyyət, həm də böyük imkanlar deməkdir. Mənə göstərilən etimadı doğrultmaq, universitetimizin inkişafına real töhfələr vermək və xüsusilə gənclər üçün daha geniş perspektivlər yaratmaq üçün var gücümlə çalışacağam.

– Sizcə, gənc yaşda rəhbər vəzifədə olanda insanlara özünü qəbul etdirmək çətindirmi?

– “Bu, işlədiyiniz mühitə və sizin öz dəyərlərinizə bağlıdır”, - deyə düşünürəm. Açığı, bənzər sual ilə müsahibə mərhələsində də qarşılaşmışdım. Mənim üçün iş mühitində əməkdaşlıq təməl olaraq vəzifəmdən asılı olmadan hörmət, inklüziv ünsiyyətə əsaslanır. Özümü insanlara qəbul etdirmək üçün sərf edilən zamanın, enerjinin əvəzinə onlarla professional şəkildə əməkdaşlığa yönəlib fəaliyyətimizə daha çox dəyər qatmağı üstün hesab edirəm. Mənim fikrimcə, insanların kimisə qəbul etməsi zamanla formlaşır. Fikir və mövqelərdən daha çox işimizə fokuslansaq, eyni peşəkarlıq onlar tərəfdən də göstəriləcək. 

"Zamanla heç dəyişilməyən təbii ki, şəxsi inkişafa və öyrənməyə olan həvəsimdir"

– İlk dəfə universitetdə işə başlayanda özünüzü necə hiss edirdiniz? O günlə bu gün arasında ən böyük fərq nədir?

– Tam əminliklə deyə bilərəm ki, 2015-ci ildə ilk dəfə ADNSU-da işə başladığım zamanla indiki fikir, düşüncələrim arasında böyük fərqlər var. Oxşarlıq odur ki, o zaman da işimə sevərək, həvəslə yanaşırdım. Baxmayaraq ki, 2 aya yaxın təcrübədə iştirak etdikdən sonra magistratura tələbəsi olduğum üçün əmək fəaliyyətimə 0.5 ştat başlamalı olmuşdum, lakin faydalı ola bilmək istəyimdən dolayı gündəlik tam ştatla işləyirdim. Mən anladım ki, əməyi ölçən onun müqabilində verilən maddi dəyər deyil, bizim işimizə qarşı olan istək və səylərimizin nə cür vəhdətdə olmasıdır. Hesab edirəm ki, gördüyümüz işdə uğurlu olmağın əsas açarı ona qarşı nə dərəcədə həvəsli olmağınızla bağlıdır. Ən böyük fərq ötən 11 il ərzində ADNSU-da müxtəlif vəzifələrdə olduğum zaman karyera və şəxsi inkişafıma töhfə verən müəllimlərimin sayəsində formalaşan təmkinim, analitik düşüncəm, strateji yanaşmam, akademik dəyərlərin qorunmasına olan həssaslığım olmuşdur. Zamanla heç dəyişilməyən təbii ki, şəxsi inkişafa və öyrənməyə olan həvəsimdir.

– Siz həm elmi sahədə, həm də idarəetmədə uğur qazanmısınız. Bu iki istiqaməti balanslaşdırmaq nə dərəcədə çətindir?

– Özümü o baxımdan şanslı hesab edirəm ki, fəaliyyətim boyunca potensialımı daha çox göstərə biləcəyim işlərdə iştirak edə bilmişəm. Reallığın arxasındakı çətinlik özümə qarşı olan tələbkarlığım, qətiyyətim, əzmim, hətta bir çox hallarda işimə ekstra məsuliyyətli yanaşdığım üçün istirahət zamanlarımı ciddi dərəcədə məhdudlaşdırmağım olub. Davamlılıq olmasa, uğur qazanmaq mümkün deyil. Mən idarəetmədəki uğurumu empatik yanaşma tərzimə, elmi sahədəki uğurumu isə davamlı məşğuliyyətimə borcluyam.

“İdarəetmədə xanımların olması həm dayanıqlılıq, həm də effektivlik baxımından arzuolunandır”

– Sizcə, uğurlu olmaq üçün Azərbaycan gəncləri hansı məqamlara diqqət etməlidirlər?

– Çox sevindiricidir ki, ölkəmizdə gənclərə inam və etimad böyükdür. Qara qızılın insan kapitalına çevrilməsi konsepsiyası, eləcə də istedadlı gənclərin müxtəlif vəzifələrə irəli çəkilməsi ölkə başçısı İlham Əliyev tərəfindən daim diqqət mərkəzindədir. Mənim təyinat öncəsi keçdiyim yoxlanış və müsahibələr də doğru gənclərin diqqətlə seçilməsində Elm və Təhsil Nazirliyinin dövlət siyasətinə qarşı həssas və şəffaf yanaşmasının bariz nümunəsidir.   

– Bu gün sizin karyera yüksəlişinizi izləyən azərbaycanlı qızlara  nə demək istəyərdiniz?

– Mənim üçün çox dəyərli bir tövsiyəni gənc qızlarımızın da diqqətinə çatdırmaq istərdim: “İdarəetmədə xanımların olması həm dayanıqlılıq, həm də effektivlik baxımından arzuolunandır. Sizin imkanlarınız düşündüyünüzdən daha genişdir. Bəzən cəmiyyət, ailə, hətta öz qorxularımız bizə sərhədlər çəkir. Amma bu sərhədlərin böyük hissəsi real deyil, onlar dəyişə, dəf edilə, hətta tamamilə yox ola bilər”.

Uğur heç vaxt bir anda gəlmir. Onun arxasında uzun saatlar, səhvlər, yorğunluq və bəzən də motivasiyasız günlər dayanır. Sosial mediada gördüyünüz nəticədir, proses yox. Ona görə də öz yolunuzu başqaları ilə müqayisə etməyin. Hər kəsin başlanğıcı, tempi və şəraiti fərqlidir.

Ən vacib məsələlərdən biri özünüzə inanmaqdır. Əgər siz öz potensialınıza şübhə edirsinizsə, başqalarının sizi ciddiyə almasını gözləmək çətin olur. Özünüzü inkişaf etdirməyə vaxt ayırın, bilik, bacarıq və dünyagörüşü sizi heç vaxt yarı yolda qoymaz.
Səhv etməkdən qorxmayın, səhvlər sizi zəif yox, daha təcrübəli edir.

Və ən əsası,öz həyatınızın müəllifi sizsiniz. Seçimləriniz sizin gələcəyinizi formalaşdırır. Cəmiyyətin gözləntiləri ilə öz arzularınız arasında seçim etməli olduğunuz anlar olacaq. O zaman özünüzə sadiq qalmaqdan çəkinməyin.