DP gələcək peşəkar fəaliyyətim üçün möhkəm bünövrə yaradır - Qlazqoda təhsil alan azərbaycanlı

23 Aprel, 2026 - 12:48
DP gələcək peşəkar fəaliyyətim üçün möhkəm bünövrə yaradır

Azərbaycanlı tələbə Ağa Murad Ağayev Şotlandiyanın Qlazqo Universitetində iqtisadiyyat və maliyyə üçün data analitikası ixtisası üzrə magistratura təhsili alır. "Azərbaycan müəllimi" xəbər verir ki, o, AZƏRTAC-a müsahibəsində təhsil yolu, bu sahəyə marağı və planları barədə danışıb.

– Bu sahəyə marağınız necə yaranıb? Qlazqo Universitetində iqtisadiyyat və maliyyə üçün data analitikası ixtisasını seçməyinizin əsas səbəbi nə oldu?

– Bakalavriat təhsilim ərzində “Kapital Bank” və “PAŞA Bank” kimi qabaqcıl maliyyə institutlarında təcrübə keçmək fürsətim oldu. Orada risklərin idarə edilməsi və korporativ maliyyə təhlili prosesləri ilə tanış olduqdan sonra anladım ki, müasir dövrdə qərarlar ənənəvi biliklərə deyil, böyük məlumat bazalarına, yəni dataya əsaslanmalıdır. Qlazqo Universitetinin bu proqramı iqtisadi nəzəriyyə ilə kəmiyyət analitikasını və proqramlaşdırmanı özündə mükəmməl şəkildə birləşdirərək bu ehtiyacı qarşılayır.

-Bu proqram çərçivəsində hansı əsas bilik və bacarıqları əldə edirsiniz?

-Tədris proqramımız olduqca intensiv və tətbiqi xarakter daşıyır. Biz burada tətbiqi vaxt sıraları və proqnozlaşdırma, Bayes data analizi, mikroekonometrika və statistik maşın öyrənməsi kimi mürəkkəb fənləri mənimsəyirik. Əsas diqqətimiz bu bilikləri yalnız nəzəriyyədə saxlamaq deyil, “Python”, “Stata” və MATLAB kimi vasitələrlə real maliyyə dataları üzərində tətbiq etməyə yönəlib. Bununla, proqram mənə məlumatı oxumağı və onu maliyyə institutları üçün strateji və gəlir gətirən qərarlara çevirmək bacarığını verir.

-Data analitikası sahəsinin bu gün iqtisadiyyat və maliyyə üçün əhəmiyyəti barədə nə deyə bilərsiniz?

-Müasir dünyada informasiya ən qiymətli aktivə çevrilib. Qlobal maliyyə bazarlarında hər saniyə nəhəng həcmdə məlumat yaranır. Data analitikası bu informasiyanı emal edərək dəqiq investisiya qərarlarının verilməsində, makroiqtisadi risklərin proqnozlaşdırılmasında və şirkətlərin strateji idarəetməsində vacibdir. Bir sözlə, data analitikası maliyyə sektorunda ehtimalların minimuma endirilib, dəqiqliyin maksimuma çatdırılmasında mühüm rol oynayır.

-Dövlət Proqramı ilə xaricdə təhsil almaq sizə hansı imkanları yaradıb?

-Dövlət Proqramı xaricdə təhsil almaq istəyən gənclər üçün əvəzolunmaz bir şansdır. Bu proqram məni bütün maddi qayğılardan tamamilə azad edərək, enerjimi, diqqətimi və vaxtımı yalnız dərslərimə, tədqiqatlarıma və mürəkkəb data analitikası alətlərini mənimsəməyə sərf etməyimə imkan yaradıb. Məhz dövlətimizin yaratdığı bu şərait dünyanın ən nüfuzlu universitetlərindən birində təhsil almağıma, qlobal səviyyəli mütəxəssislərdən dərs almağıma və gələcək peşəkar fəaliyyətim üçün möhkəm bünövrə yaratmağıma imkan verdi. İnanıram ki, bu etimadı Vətənə peşəkar kadr kimi qayıdaraq öz əməyimlə doğruldacağam.

-Süni intellekt və böyük verilənlər (Big data) bu sahəni necə dəyişir?

-Əvvəllər standart ofis proqramlarında saatlarla vaxt aparan mürəkkəb əməliyyatlar indi maşın öyrənməsi alqoritmlərinin köməyilə saniyələr ərzində daha yüksək dəqiqliklə icra olunur. Böyük verilənlər (Big data) və süni intellekt bizə sadəcə keçmiş dövrün maliyyə hesabatlarını təhlil etməyə deyil, həm də gələcək bazar trendlərini proqnozlaşdırmağa və qabaqlayıcı tədbirlər görməyə imkan yaradır.

-Şotlandiyada artıq 7 aydır yaşayırsınız. Orada yaşamaq və təhsil almaq sizin üçün necə bir təcrübədir?

-Şotlandiyada yaşamaq və təhsil almaq mənim üçün olduqca dəyərli və məsuliyyətli bir təcrübədir. Bir tərəfdən Qlazqo kimi həm qədim tarixi, həm də zəngin elmi ənənələri olan bir şəhərdə yaşamaq, digər tərəfdən isə beynəlxalq tələbə və professor heyəti ilə ünsiyyətdə olmaq dünyagörüşümü xeyli genişləndirir. Eyni zamanda, Azərbaycanı layiqli şəkildə təmsil etmək mənim üçün xüsusi qürur mənbəyidir.

-Xaricdə təhsil alan tələbələr üçün ən böyük çətinliklər nələrdir?

-Ən əsas çətinlik tamamilə fərqli bir akademik sistemə və tədqiqat mühitinə uyğunlaşmaqdır. Xüsusilə də Böyük Britaniyada magistratura proqramının cəmi bir il davam etdiyini nəzərə alsaq, dərslərin intensivliyi olduqca yüksəkdir və tədrisin çox böyük bir hissəsi tələbənin fərdi araşdırmalarına, yəni müstəqil öyrənməsinə (self-study) əsaslanır. Daimi olaraq böyük məlumat bazaları ilə işləmək, kəmiyyətyönümlü riyazi-statistik tapşırıqları yerinə yetirmək və bu qısa müddətdə yüksək qiymətləndirmə standartlarına cavab vermək tələbədən çox ciddi fokuslanmaq və daxili intizam tələb edir.

-Təhsilinizi başa vurduqdan sonra hansı sahədə fəaliyyət göstərməyi planlaşdırırsınız?

-Magistraturanı bitirdikdən sonra Azərbaycana qayıdaraq ölkəmizin bank və maliyyə sektorunda fəaliyyətimi davam etdirməyi nəzərdə tuturam. Əsas məqsədim Qlazqoda öyrəndiyim qabaqcıl ekonometrik modelləri yerli banklarımızın risklərin idarə edilməsi proseslərinə tətbiq etməkdir. Həmçinin rəqəmsal iqtisadiyyatda maliyyə sabitliyi və yaşıl maliyyə portfellərinin analizi kimi müasir istiqamətlərdə milli sektora öz töhfəmi vermək istəyirəm.

-Bu sahədə oxumaq istəyən gənclərə nə tövsiyə edərdiniz?

-Gənclərə əsas tövsiyəm odur ki, yalnız nəzəri iqtisadi biliklərlə kifayətlənməsinlər. Rəqəmsallaşan dünyada proqramlaşdırma dillərini (xüsusilə Python və R) öyrənmək artıq üstünlük deyil, zərurətdir. Data ilə işləmək davamlı praktika tələb etdiyinə görə, daim real məlumat bazaları ilə maraqlansınlar, kiçik tədqiqat layihələri həyata keçirsinlər və universitetin onlara yaratdığı bütün tədqiqat resurslarından maksimum şəkildə faydalansınlar.