Fərhad Hacıyev: “Yüksəliş” minlərlə namizəd üçün inkişaf mühiti yaradıb

6 Mart, 2026 - 12:19
Fərhad Hacıyev: “Yüksəliş” minlərlə namizəd üçün inkişaf mühiti yaradıb

“Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis olunan VI “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib”.

“Azərbaycan müəllimi”  xəbər verir ki, bu sözləri “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bu gün VI “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinin start verilməsi və müsabiqə barədə baş verən yeniliklər ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.

O qeyd edib ki, idarəetmə sahəsində peşəkar və perspektivli kadrların aşkar olunması, onların fərdi və liderlik bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyan müsabiqə artıq altıncı mövsümündə iştirakçıları yeni imkanlarla bir araya gətirir:
“Müsabiqə bu müddət ərzində iştirakçı sayının artımı ilə yanaşı, həm də keyfiyyət göstəriciləri üzrə əhəmiyyətli irəliləyiş əldə edib, müxtəlif sahələri təmsil edən minlərlə namizəd üçün obyektiv qiymətləndirmə və inkişaf mühiti yaradıb. VI mövsüm çərçivəsində qeydiyyat 16 aprelədək davam edəcək. Qeydiyyat “Yüksəliş” müsabiqəsinin rəsmi internet səhifəsi olan “yukselish.az” vasitəsilə həyata keçirilir”.

Qeyd edək ki, müsabiqəyə yaşı 21-dən 51-dək olan, ali təhsilli, ən az 2 il idarəetmə təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları qoşula bilərlər. “Yüksəliş” müsabiqəsi qeydiyyat, ümumi biliklər imtahanı, analitik təhlil, idarəetmə bacarıqları, yarımfinal və final olmaqla, 6 mərhələdən ibarətdir.