Firudin Qurbanov: Harada təhsil almağınızdan asılı olmayaraq, ölkənizlə əlaqələri heç vaxt itirməyin

13 İyun, 2026 - 09:06
Firudin Qurbanov: Harada təhsil almağınızdan asılı olmayaraq, ölkənizlə əlaqələri heç vaxt itirməyin

“Biz arzu edərdik ki, gələcəyimizi təmin edən siz məzunlar ölkəmizin gələcək uğurlu inkişafını da təmin edəsiniz”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə keçirilən “Son zəng” tədbirində deyib. 

Nazir müavini bildirib ki, dünya çox sürətlə inkişaf edir və müasir texnologiyaların inkişafı, yeni texnoloji sistemlərin yaradılması məzunların qarşısında çox mühüm vəzifələr qoyur: “Biz bu gün deyə bilmərik ki, 10 ildən sonra ümumiyyətlə dünyanı nələr gözləyir və siz hansı çağırışlarla üzləşəcəksiniz.

Amma bu gün biz əminik ki, sizin kimi gənclər o çağırışlara çox uğurla davam gətirərək ölkəmizin gələcək inkişafını təmin edəcəklər”.

Firudin Qurbanov bildirib ki, 6 nömrəli məktəb-liseyin çox böyük ənənələri var: “Bu məktəbin məzunu olmaq çox böyük şərəfdir və eyni zamanda məsuliyyətdir. Bildiyiniz kimi, bu məktəbdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev təhsil alıb və məhz onun çox böyük fəaliyyəti nəticəsində biz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdik. Hər il məzunlar demək olar ki, 100 faiz ali məktəblərə qəbul olurlar. Bu gün 144 məzun 6 saylı məktəbi bitirir. Bu da çox simvolik bir rəqəmdir. Biz 44 günə qələbəmizi qazandıq və çox qısa bir dövrdə bu, yenə də ölkəmizin qüdrətini, gücünü nümayiş etdirdi”.

Nazir müavini gənclərə tövsiyə edərək bildirib ki, harada təhsil almaqlarından asılı olmayaraq ən əsas məsələ ölkəmizlə əlaqələri heç vaxt itirməməkdir: “ Ulu Öndərin çox gözəl sözü var: “Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bilməlidir ki, onun bir Vətəni var, o da Azərbaycandır. Hər bir azərbaycanlı bilməlidir ki, onun bir dövləti var, o da Azərbaycandır”.
Bu gün sizin gözlərinizdə olan birlik və sevinc hissləri bizi ruhlandırır və mən əminəm ki, siz ölkəmizin gələcək uğurlu inkişafını təmin etmək üçün əlinizdən gələni əsirgəməyəcəksiniz”.