Firudin Qurbanov: I Türkoloji Qurultay müstəsna əhəmiyyətli tarixi hadisələrdəndir 

14 May, 2026 - 12:13
Firudin Qurbanov: I Türkoloji Qurultay müstəsna əhəmiyyətli tarixi hadisələrdəndir 

“Birinci Türkoloji Qurultayın keçirilməsinin 100 ili bu il tamam olur. Bu qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında xüsusi mərhələ yaratmış müstəsna əhəmiyyətli tarixi hadisələrdəndir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov “I Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri” beynəlxalq elmi konfransında səsləndirib.

Nazir müavini qeyd edib ki, ölkə başçısının imzaladığı “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam qurultayın tarixi və elmi əhəmiyyətini daha da möhkəmləndirir, türkologiya elminin inkişafına, türk xalqlarının mədəni-mənəvi irsinin qorunması və təbliğinə dövlət səviyyəsində dəstək göstərir, eyni zamanda Qurultayın irsinin müasir elmi mühitdə aktual və əhəmiyyətli olmasını təmin edir.

Firudin Qurbanov bildirib ki, qurultay müxtəlif türk xalqlarından olan alimləri bir araya gətirərək ortaq elmi düşüncənin, ortaq terminologiyanın və mədəni həmrəyliyin formalaşmasına mühüm töhfə verib: “Bu hadisə yalnız öz dövrü üçün deyil, bu gün də türk dünyasının inteqrasiyası baxımından aktual əhəmiyyət daşıyır”.