Firudin Qurbanov: Regional universitetlər bölgələrin ehtiyaclarına uyğun mütəxəssislər hazırlamalıdır

3 İyul, 2026 - 13:19
Firudin Qurbanov: Regional universitetlər bölgələrin ehtiyaclarına uyğun mütəxəssislər hazırlamalıdır

Regional universitetlər bölgələrin sosial-iqtisadi inkişafında daha fəal rol oynamalıdır.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında keçirilən “Rəqəmsallaşma dövründə regional universitet modeli” mövzusunda beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, dünya sürətlə dəyişən və inkişaf edən yeni mərhələdən keçir. Müasir dövrdə aparıcı dövlətlərin inkişafında universitetlərin rolu xüsusi əhəmiyyət daşıyır:
“Amerika, Avropa, İngiltərə, Almaniya və digər inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, güclü universitetlər güclü iqtisadiyyatın, texnoloji tərəqqinin və innovativ cəmiyyətin əsas dayaqlarındandır.
Universitetlər yalnız bilik verən müəssisələr deyil, həm də yeni ideyaların, texnoloji həllərin və gələcəyin inkişaf modelinin formalaşdığı mərkəzlərdir”.
Firudin Qurbanov qeyd edib ki, regional universitetlər bölgələrin ehtiyaclarına uyğun mütəxəssislər hazırlamalı və müasir çağırışlara çevik cavab verən ali təhsil modeli formalaşdırmalıdır.

O, UNEC-in Zaqatala filialının 10 illik fəaliyyətinə də toxunaraq bu təhsil müəssisəsinin ötən dövr ərzində özünü doğrultduğunu və regional ali təhsilin inkişafına mühüm töhfələr verdiyini qeyd edib.

Nazir müavini Qarabağ Universitetinin yaradılmasını və inkişafını da dövlətin xüsusi diqqətində olan mühüm təhsil təşəbbüslərindən biri kimi dəyərləndirib. Onun sözlərinə görə, Qarabağ Universiteti yalnız yeni ali təhsil müəssisəsi deyil, həm də işğaldan azad olunmuş ərazilərdə elm, təhsil, innovasiya və insan kapitalı mühitinin formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır.