Firudin Qurbanov: Rəqəmsal mediada risklərə qarşı mübarizə başlıca vəzifələrdəndir
“Hər bir dövlətin sosial, iqtisadi və mənəvi inkişafında informasiya təhlükəsizliyi, müasir dünyada güclü informasiya axını fonunda milli medianın rəqəmsal mühitdə müşahidə olunan gözlənilməz risklərə qarşı aktiv mübarizə aparması ən aktual məsələlərdən biridir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən 3-cü Forumda söyləyib.
Nazir müavini qeyd edib ki, bu sahədə atılan addımlar dövlətin medianın hərtərəfli inkişafına xüsusi diqqət yetirdiyini göstərir: “Bunun nəticəsidir ki, bu gün Azərbaycan mediası beynəlxalq informasiya məkanında özünəməxsus yer tutaraq, müstəqil və güclü platforma kimi sürətli inkişaf mərhələsindən keçir. Medianın bu səviyyəyə çatması dövlətin bu sahəyə ayırdığı xüsusi diqqət və dəstəyin nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyev medianı ölkənin ümumi inkişaf strategiyasının ayrılmaz hissəsi kimi qəbul edir. Məhz buna görə də rəqəmsal mediada tez-tez müşahidə olunan gözlənilməz risklərə qarşı mübarizə media qurumlarının başlıca vəzifələrindən biri hesab olunur”.
Nazir müavininin sözlərinə görə, hazırda media sürətli transformasiya mərhələsindən keçir və qlobal informasiya məkanında dezinformasiya, saxta xəbərlər, hibrid təhdidlər, süni intellekt imkanlarından sui-istifadə və digər mənfi hallar artmaqdadır: “Bu barədə ölkə Prezidenti dəfələrlə çıxışlarında qeyd edib və bu amillərin ölkənin imicinə, daxili həyatına ciddi təsir göstərdiyini vurğulayıb. Bu səbəbdən media nümayəndələri bu hallara qarşı mübarizəyə səsləndirilir. Hesab olunur ki, belə forumların əsas missiyalarından biri də məhz rəqəmsal mühitdə baş verən bu kimi proseslərin araşdırılması və onlara qarşı effektiv mübarizə yollarının müəyyənləşdirilməsidir”.
Firudin Qurbanov bildirib ki, araşdırmalara əsasən, dünya əhalisinin təxminən 75%-i müntəzəm olaraq xəbərləri internet mənbələrindən və sosial platformalardan əldə edir və bu da son illərdə əhəmiyyətli dərəcədə artım deməkdir: “Rəqəmsal platformalar əhalinin əksəriyyəti üçün əsas informasiya kanallarına çevrilir. Araşdırmalar göstərir ki, internet istifadəçilərinin sayına görə Çin dünyada liderdir. Bu ölkədə bir milyarddan çox insanın internetə çıxışı var. İnkişaf etmiş ölkələrdə əhalinin 90%-dən çoxunun internetə çıxış imkanı mövcuddur”.
Nazir müavini söyləyib ki, Azərbaycanda əhalinin 94,6%-nin şəhərlərdə, 82,1%-nin isə kəndlərdə internetə çıxışı var: “Bu göstəricilər dünya orta səviyyəsindən yüksəkdir. Ümumilikdə, ölkəmizdə rəqəmsallaşma prosesi sürətlə aparılır”.



