Futzal üzrə “Novruz kuboku” keçirilir
Martın 4-də ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Novruz kuboku” adlı regional futzal turnirinə start verilib. Oyunlar 2 qrup üzrə Şirvan və Gəncə şəhərlərində keçirilir.
Cənub bölgəsi üzrə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində təşkil olunan oyunlarda Lənkəran Dövlət Universiteti, Şamaxı Dövlət Regional Kolleci, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci, Lənkəran Dövlət Humanitar Kolleci, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci və Sumqayıt Dövlət Universitetinin komandaları mübarizə aparıb.
Keçirilən oyunların nəticələrinə əsasən Sumqayıt Dövlət Universiteti 1-ci, Lənkəran Dövlət Universiteti 2-ci, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci 3-cü yerin qalibi olub.
Qeyd edək ki, qərb bölgəsi üzrə oyunlar martın 11-də Gəncə İdman Olimpiya Kompleksində keçiriləcək. Yarışda Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Mingəçevir Dövlət Universiteti, Mingəçevir Turizm Kolleci Mingəçevir Turizm Kolleci, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci və Şəki Dövlət Regional Kollecinin komandaları iştirak edəcək.
Turnir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir.
Turnirin keçirilməsində məqsəd Azərbaycan Tələbə Liqasında çıxış etməyən Bakının, eləcə də bölgələrdəki ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin futzala marağını artırmaq, onlar arasında futzal idman növünün təbliğ edilməsi, tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasından ibarətdir.



