Gələcəyin mühəndisləri iş başında – Mingəçevir komandaları SAF-a hazırlaşırlar
Bu dəfə “Azərbaycan müəllimi” olaraq yolumuz Mingəçevir STEAM Mərkəzinə düşür. Kompüterlərin, 3D printerlərin səsi və həyəcanla layihələri müzakirə edən şagirdlərin gülüşü ətrafa yayılır. Hiss olunur ki, bu mərkəzdə hər kəsin ürəyi yaxınlaşan Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2025) üçün döyünür.
Elm və Təhsil Nazirliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə noyabrın 17-dən 19-dək Bakı Ekspo Mərkəzində keçiriləcək festival üçün Mingəçevir komandaları artıq bir neçə aydır ki, səylə çalışır, ideyalarını reallığa çevirməyə can atırlar.
Düşünən gənclərin mərkəzi
2022-ci ildə Mingəçevir şəhər D. Nağıyev adına 9 nömrəli tam orta məktəbin binasında fəaliyyətə başlayan Mingəçevir STEAM Mərkəzi bu gün regionun ən müasir təhsil məkanlarından biri kimi tanınır.
Mərkəzin koordinatoru, STEAM üzrə mütəxəssis Müşfiq Tarıverdiyev bildirir ki, əsas məqsəd gənclərdə yaradıcı düşüncə və texnoloji bilikləri birləşdirən yeni təfəkkür tərzinin formalaşdırılmasıdır:
“Bizim dərslər tam ödənişsiz keçirilir. Burada şagirdlər yalnız robot yığmır, həm də düşünməyi, plan qurmağı, problemi fərqli prizmadan həll etməyi öyrənirlər. STEAM uşaqlara XXI əsrin əsas bacarıqlarını qazandırır: tənqidi düşünmə, komandada işləmə və innovativlik”.
Hazırda mərkəzdə 15 istiqamət - kodlaşdırma, dron texnologiyaları, alternativ enerji, CAD və CNC modelləşdirmə, ROV sistemləri, incəsənət və yaradıcılıq laboratoriyaları və digər sahələr üzrə təlimlər aparılır. Burada tədrisin əsasını nəzəriyyə deyil, praktik yaradıcılıq təşkil edir.
SAF 2025 üçün 40 komanda yarışa hazırlaşır
Bu il Mingəçevir STEAM Mərkəzindən 40 komanda festivalda iştirak üçün qeydiyyatdan keçib. Komandalar 18 kateqoriyanın 17-si üzrə layihələr hazırlayır. Müşfiq Tarıverdiyev deyir:
“Hər il olduğu kimi, bu dəfə də yarışa böyük ruh yüksəkliyi ilə hazırlaşırıq. Festival təkcə texnologiya biliklərinin yarışı deyil, həm də öyrənmə, paylaşma və dostluq meydanıdır. Belə tədbirlər gənclərin dünyagörüşünü genişləndirir, onlara yeni üfüqlər açır”.
“Komandalar təkcə texniki biliklərə deyil, həm də sosial dəyəri olan layihələrə fokuslanıblar”
Mingəçevir STEAM Mərkəzinin mentorlarından biri Aysel Şamxalova bu il “Rolling Minds”, “Aqua Force”, “Code Vision” və “Spark” komandalarına rəhbərlik edir. O, şagirdlərinin əzmini və yaradıcı yanaşmasını yüksək dəyərləndirir:
“Uşaqlar bu il tam fərqli motivasiyadadırlar. Hər komanda təkcə texniki biliklərə deyil, həm də sosial dəyəri olan layihələrə fokuslanıb. Biz bu yarışlarda qalib olmaqdan çox düşünən gənclər yetişdirməyə çalışırıq”.
“Bəzən alınmır, amma yenidən cəhd edirik”
“Rolling Minds” komandasının üzvləri Röyal Musayev və Adil Xasıyev “Məntiqi labirintlər” adlı layihə üzərində işləyirlər. Röyal deyir:
“Biz dizayn edirik, sınayırıq, bəzən alınmır, amma yenidən cəhd edirik. Hər uğursuzluq bizi daha da gücləndirir”.
“Aqua Force” (“Boat Racing”) komandasının üzvləri Elmir Mirzəyev və Cəbrayıl Qasımov enerjiyə qənaət edən pilotsuz gəmi hazırlayırlar. Elmir gülümsəyərək bildirir:
“Suyun hərəkətini hesablamaq çətindir, amma proqramlaşdırma ilə bu prosesi idarə edə bildik. Məqsədimiz suda daha sabit və səmərəli işləyən model yaratmaqdır”.
“Code Vision” (“Fast and Furious”) komandası Cahid və Ömərdən ibarətdir. Onlar xətt izləyən yarış robotu üzərində çalışırlar. Ömər əlavə edir:
“Robotu həm sürətinə, həm də düşünmə qabiliyyətinə görə proqramlaşdırırıq”.
“Spark” (“Imagination to Reality”) komandasının üzvləri Səma və Xədicədir. Onlar CNC lazer kəsim aparatından istifadə edərək gəmi modeli hazırlayırlar. Aysel müəllim qızlara baxıb gülümsəyir:
“Onların ideyaları çox yaradıcıdır. Qızlarımız texnologiyanı təhsil alətinə çevirirlər. Bu məni qürurlandırır.”
“Born to Win” – fərqli düşünən komanda
Mingəçevir şəhər Texniki humanitar fənlər liseyinin müəllimi Leyla Camalova bu il “Born to Win” komandasına rəhbərlik edir. Komanda “VEX IQ Competition” kateqoriyasında çıxış edəcək.
Komandada Ayxan Quliyev, Yusif Hüseynzadə və Banu Məmmədzadə yer alır. Onların hazırladığı robot maneələri aşır, obyektləri toplamaq və çeşidləmək funksiyalarını yerinə yetirir.
Leyla müəllim deyir: “STEAM uşaqları fərqli düşünür. Artıq onlar problemi görəndə “bunu necə həll edərəm?”- deyə düşünürlər. Keçən il respublika birincisi olmuşduq, bu il məsuliyyətimizi daha da artırmışıq”.
Komanda üzvləri də müəllimlərinin fikrini bölüşürlər.
Banu Məmmədzadə: “Bu dəfə layihəmizi tam özümüz dizayn etmişik. Məqsədimiz qalib olmaqla yanaşı, yeni ideyalar kəşf etməkdir”.
Ayxan Quliyev: “Robotun tutma mexanizmini yenidən dizayn etdik. İndi obyektləri daha dəqiq və sürətli toplayır. Bu nəticə bizim birgə zəhmətimizin göstəricisidir”.
Yusif Hüseynzadə:
“Bu yarış bizə göstərdi ki, texnologiya təkbaşına deyil, komanda ilə inkişaf edir. Hər kəs öz ideyasını paylaşır və nəticə ortaq əməyin bəhrəsi olur”.
“Mingəçevirdə düşünən gənclər hərəkatı formalaşıb”
“Kür” komandasının üzvlərindən olan Nicat Səfərli deyir: “Biz mexanikanı, proqramlaşdırmanı və elektronikanı birləşdiririk. Bu həm çətin, həm də çox maraqlıdır. Hədəfimiz sistemin real şəraitdə işləməsidir”.
“Code_Crushers” (“RoboGames”) komandasının üzvləri Ömər Həzi və Zərifə Əhmədli kodlaşdırma əsasında robot maşın hazırlayırlar. Ömər bildirir:
“Hazırladığımız maşın bir neçə tapşırığı yerinə yetirə bilir və dizaynı tam özümüzə məxsusdur.”
“Master” (“Imagination to Reality”) komandasının üzvləri Namiq Süleymanov və Hüseyn İsmayılzadə isə CNC lazer texnologiyası ilə gəmi modeli hazırlayırlar. Hüseyn deyir:
“Biz bu layihəni yarış üçün yox, gələcək üçün hazırlayırıq”.
Müşfiq müəllim sonda sözlərini belə tamamlayır:
“Biz Mingəçevirdə düşünən gənclər hərəkatı yaratmışıq. Bu uşaqlar sabahın mühəndisləridir. Onlar texnologiya ilə düşünməyi, problemləri analiz etməyi və yeni həll yolları tapmağı bacarırlar. Mən bu gənclərə inanıram, çünki onlar artıq düşünən Azərbaycan gəncləridir”.
Mingəçevir STEAM Mərkəzində gördüklərimiz bir daha sübut edir ki, burada yalnız dərs keçilmir, burada gələcək formalaşır. Şagirdlərin gözlərində parlayan elm sevgisi, müəllimlərin səbir və inamla onları yönləndirməsi, komandaların bir-birinə dəstək ruhu bu mərkəzin əsas dəyərləridir.
“Azərbaycan müəllimi” olaraq Mingəçevirin bu yaradıcı, yenilikçi gənclərinə və onların fədakar müəllimlərinə uğurlar diləyirik. Qoy SAF 2025 səhnəsində Mingəçevirin adı bir daha yenilik və zəfərlə çəkilsin!


