Kürdəmirdə Bilik Günü: ilk zəng, yeni hədəflər və gələcəyə açılan yol
Bilik Günü ölkənin bütün ümumi təhsil müəssisələrində olduğu kimi, Kürdəmir şəhər T. İsmayılov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində də xüsusi təntənə ilə qeyd olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki,“Biliklə gələcəyə doğru” mövzusunda keçirilən tədbirdə elm və təhsil nazirinin müşaviri Nizami Yusifli, Kürdəmir Rayon Təhsil Sektorunun müdiri Rəfail Məmmədov, məktəb rəhbərliyi, şəhid ailələrinin üzvləri, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Məktəbin direktoru Vüqar Nəsirov yeni tədris ilinin başlanması münasibətilə məktəb kollektivini, şagirdləri və valideynləri təbrik edib, qarşıdakı tədris ilində onlara uğurlar arzulayıb.
Elm və təhsil nazirinin müşaviri Nizami Yusifli də çıxışında müəllim və şagirdləri Bilik Günü münasibətilə təbrik edib. O, məktəbin yalnız bilik qazanılan məkan deyil, eyni zamanda şagirdlərin dünyagörüşünün formalaşdığı, bacarıq və istedadlarının üzə çıxdığı, gələcək peşə və həyat hədəflərinin müəyyənləşdiyi mühüm təhsil mühiti olduğunu vurğulayıb.
Rəsmi hissədən sonra Nizami Yusifli məktəbdə təşkil olunan dərs prosesini də izləyib. O, sinif otaqlarında şagirdlərlə görüşərək onların yeni tədris ili ilə bağlı ilk təəssüratları ilə maraqlanıb.
Şagirdlərlə səmimi söhbət zamanı onların gələcək arzuları, təhsil və peşə seçimləri, qarşıya qoyduqları məqsədlər barədə fikir mübadiləsi aparılıb. Nazir müşaviri şagirdlərin öz maraq və bacarıqlarını erkən yaşlardan müəyyənləşdirməsinin, qarşılarına aydın hədəflər qoymasının və həmin məqsədlərə ardıcıl şəkildə çalışmasının şəxsi və akademik inkişaf baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Görüşlər zamanı şagirdlərin fərqli sahələrə maraq göstərməsi, gələcəkdə müxtəlif peşələr üzrə özlərini görmələri barədə fikirləri dinlənilib. Onlara mütaliəyə, yaradıcı və tənqidi düşünməyə, yeni bilik və bacarıqlara yiyələnməyə daim açıq olmaları tövsiyə edilib.
Bilik Gününün ən yaddaqalan məqamlarından biri isə məktəbə ilk dəfə qədəm qoyan birinci sinif şagirdlərinin qarşılanması olub. Balaca məktəblilər alqışlarla tədbir meydanına dəvət ediliblər. Bildirilib ki, onların həyatında yeni mərhələnin başlanğıcı olan məktəb illəri həm bilik və bacarıqların formalaşması, həm yeni dostluqların yaranması, həm də gələcək arzulara gedən yolun ilk mərhələsidir.




