Mərkəzi Aranda yeni təmayül tədris modeli nələri dəyişəcək?
Ali məktəbə hazırlıq üçün məktəbdən sonra repetitor yanına və ya hazırlıq kursuna getmək uzun illərdir yuxarı sinif şagirdlərinin gündəlik həyatının bir hissəsinə çevrilib. Ölkəmizdə həyata keçirilən tam orta təhsil səviyyəsində yeni təmayül tədris modeli isə bu mənzərəni dəyişməyi, şagirdin universitetə gedən yolunda məktəbin rolunu yenidən gücləndirməyi hədəfləyir.
Yeni təmayül tədris modeli şagirdlərə onların maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə daha dərin və sistemli bilik verməyi, yüksək akademik hazırlıqla yanaşı, gələcək ali təhsil seçiminə daha məqsədyönlü hazırlaşmalarını nəzərdə tutur. Layihənin əsas hədəflərindən biri də gücləndirilmiş tədris hesabına məktəbin şagirdin ali təhsilə hazırlığında rolunu artırmaq, əlavə hazırlığa ehtiyacı mümkün qədər azaltmaqdır.
2026–2027-ci tədris ilində yeni tədris modelinin tətbiq ediləcəyi regionlardan biri də Mərkəzi Arandır.Və burada söhbət təkcə yeni siniflərin yaradılmasından getmir. Təmayül siniflərdə çalışacaq müəllimlərin seçiminə də xüsusi yanaşılıb. Belə ki, Mərkəzi Aran üzrə yeni modelin tətbiq olunacağı məktəblərdə çalışmaq üçün ümumilikdə 411 müəllim müraciət edib. Namizədlərin peşə bilikləri, pedaqoji təcrübəsi, metodiki hazırlığı, kommunikasiya və təqdimat bacarıqları qiymətləndirilib.
Bəs sentyabrda təmayül siniflərin qapısı açılanda şagirdləri necə bir təhsil mühiti gözləyəcək? Bu siniflərin ənənəvilərdən əsas fərqi nə olacaq və bütövlükdə yeni tədris modeli müəllimlərin işinə hansı yeni məsuliyyətləri gətirəcək?
“Azərbaycan müəllimi” olaraq yeni tədris ili ərəfəsində Mərkəzi Aranda yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblərə baş çəkdik,burada çalışacaq müəllimlərlə həmsöhbət olduq.
Üç yeni təmayül ünvanı
Cari tədris ilindən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan üç ümumi təhsil müəssisəsində yeni təmayül tədris modeli tətbiq ediləcək.
Bunlar Kürdəmir şəhəri 7 nömrəli tam orta ümumtəhsil məktəbi, Mingəçevir şəhəri İlqar Kişiyev adına 17 nömrəli tam orta ümumtəhsil məktəbi və Yevlax şəhəri 9 nömrəli tam orta ümumtəhsil məktəbidir.
Müəllimlərin seçim prosesinə marağı da diqqət çəkir. Kürdəmir şəhəri 7 nömrəli məktəb üzrə 131, Mingəçevir şəhəri 17 nömrəli məktəb üzrə 153, Yevlax şəhəri 9 nömrəli məktəb üzrə isə 127 müəllim müraciət edib.
Yeni modelin kağız üzərində müəyyənləşdirilmiş məqsədlərinin real sinif otağında hansı nəticəni verəcəyini məhz seçilən müəllimlərin peşəkarlığı, yanaşması və şagirdlə qurduğu iş müəyyən edəcək.
19 illik müəllimlik təcrübəsi yeni modeldə
Yevlax şəhəri 9 nömrəli tam orta ümumtəhsil məktəbində tarix fənnini tədris edəcək müəllimlərdən biri Günay Məhərrəmovadır.
Gəncə Dövlət Universitetinin məzunu olan Günay Məhərrəmovanın 19 illik pedaqoji stajı var. O, müəllimlərin sertifikatlaşdırılması imtahanında 57 bal toplayıb.
Uzun illərin pedaqoji təcrübəsindən sonra təmayül siniflərdə fəaliyyətə başlayacaq müəllimin qarşısında artıq yalnız məktəb proqramını mənimsətmək deyil, gələcək akademik istiqamətini müəyyənləşdirən şagirdlərlə daha məqsədyönlü işləmək vəzifəsi dayanır.
Tarix kimi geniş analitik düşüncə tələb edən bir fəndə təmayül tədris modelinin imkanları da fərqli ola bilər. Şagird artıq fakt və tarixləri yadda saxlamaqla kifayətlənməməli, hadisələrin səbəb-nəticə əlaqəsini müəyyən etməyi, müqayisə aparmağı, mənbələri təhlil etməyi və mövqeyini əsaslandırmağı bacarmalıdır.
Riyaziyyatda məqsəd yalnız düzgün cavab deyil
Mingəçevir şəhəri İlqar Kişiyev adına 17 nömrəli tam orta ümumtəhsil məktəbində təmayül siniflərində riyaziyyat fənnini Sevinc Hüseynova tədris edəcək.
Bakı Dövlət Universitetinin məzunu olan müəllimin 15 illik pedaqoji stajı var. Sertifikatlaşdırma imtahanında 57 bal toplayan Sevinc Hüseynova, eyni zamanda, Təhsil İnstitutunun təlimçisidir.Müəllim seçimi zamanı onun təqdimatı, peşəkarlığı, kommunikasiya və təqdimat bacarıqları xüsusi qiymətləndirilib.
Yeni təmayül tədris modelində riyaziyyat dərsinin əsas məqsədi yalnız daha çox məsələ həll etmək və düzgün cavab almaqdan ibarət deyil. Şagirdin problemin həll yolunu anlaması, alternativ yanaşmalar tapması, məntiqi düşünməsi və öz səhvlərini təhlil etməsi akademik nəticə qədər əhəmiyyətlidir.Burada müəllimin qarşısında başqa bir vacib məsələ də dayanır: eyni sinifdəki şagirdlərin fərqli ehtiyaclarını müəyyənləşdirmək. Bir şagirdin həndəsədə, digərinin cəbrdə, başqasının isə vaxtın düzgün idarə edilməsində çətinliyi ola bilər.Adıçəkilən modelin effektivliyi də məhz belə fərdi ehtiyacların vaxtında müəyyənləşdirilməsi və tədrisin həmin ehtiyaclara uyğun qurulmasından asılı olacaq.
Son üç ildə 150-dən çox şagirdi tələbə adını qazanıb
Yevlax şəhəri 9 nömrəli tam orta ümumtəhsil məktəbində təmayül siniflərdə ingilis dili fənnini Nüşabə Talıbova tədris edəcək.Nüşabə Talıbova sertifikatlaşdırma imtahanında 56, diaqnostik qiymətləndirmədə isə 52 bal toplayıb.Peşəkar müəllimin pedaqoji fəaliyyətində isə bir göstərici xüsusilə diqqət çəkir.Belə ki, onun son üç ildə 150-dən çox şagirdi yüksək nəticə göstərərək tələbə adını qazanıb.Bu göstərici yeni təmayül tədris modelinin qarşıya qoyduğu məqsədlərlə də üst-üstə düşür. Çünki yeni modeldə şagirdin ali məktəbə hazırlığı ayrıca və təsadüfi proses deyil, məktəbin tədris fəaliyyətinin sistemli tərkib hissələrindən birinə çevrilir.
İngilis dili üzrə də hədəf yalnız qəbul imtahanındakı testləri düzgün cavablandırmaq deyil. Mətnlə işləmək, söz ehtiyatını genişləndirmək, dil məntiqini anlamaq və bilikləri praktik şəkildə tətbiq etmək daha davamlı nəticənin əsasını təşkil edir.
“Mingəçevir məktəbliləri üçün böyük imkan yaranır”
Mingəçevir şəhəri 17 nömrəli tam orta ümumtəhsil məktəbində təmayül siniflərdə ingilis dili müəllimi kimi fəaliyyət göstərəcək Dürdanə Kərimova isə yeni modelə həm müəllim, həm də illərdir ali məktəblərə qəbul imtahanlarına hazırlıq prosesini yaxından izləyən pedaqoq kimi yanaşır.

13 illik pedaqoji təcrübəyə malik Dürdanə Kərimova bizimlə söhbət zamanı yeni təmayül tədris modelinin Mingəçevir məktəbliləri üçün böyük imkan yaradacağını bildirir. “Yeni təmayül tədris modelinin tətbiqi nəticəsində şagirdlərin dövlət hesabına, tamamilə ödənişsiz şəkildə ali məktəbə hazırlanması çox mühüm və uzaqgörən addımdır. Mingəçevir şəhərində də 17 nömrəli məktəbdə də bu modelin tətbiqi X və XI siniflərdə təhsil alan şagirdlər üçün xüsusi üstünlüklər yaradacaq.
Dürdanə Kərimova yeni modelin xüsusilə ailələr üçün sosial əhəmiyyətinə diqqət çəkir. Onun sözlərinə görə, uzun illər ali məktəbə hazırlıq üçün repetitor və kurslara çəkilən xərclər bir çox ailənin büdcəsində ciddi yer tutur:“İllərdir repetitor hazırlığının ailə büdcəsinə yaratdığı yük heç kəsə sirr deyil. Dövlətin yaratdığı bu imkan sayəsində valideyn övladının keyfiyyətli və sistemli şəkildə ali məktəbə hazırlanmasından əmin ola bilər. Bu, həm də bərabər təhsil imkanlarının genişləndirilməsi baxımından çox vacibdir”.
Müsahibədən uğurla keçərək təmayül məktəbində çalışmaq imkanı qazanan Dürdanə Kərimova bu seçimi sadəcə yeni iş yeri kimi qiymətləndirmir:
“Bu məktəbi seçməyimin səbəbi sadəcə dərs demək deyil. Doğma şəhərimin istedadlı gənclərinin arzularına çatmaq yolunda onlara bələdçi olmaq, dövlətimizin təhsilə yaratdığı bu böyük imkana öz peşəkar töhfəmi vermək istəyirəm”.
Repetitora gedən yol məktəbdə bitəcəkmi?
Repetitora gedən yol məktəbdə bitəcəkmi?Yeni təmayül tədris modelinin qarşısında duran ən maraqlı suallardan biri də budur.Və bu model qarşıya daha iddialı məqsəd qoyur: məktəb yenidən şagirdin akademik hazırlığının əsas ünvanına çevrilsin.Güclü müəllim heyəti, nəticələrin davamlı təhlili, şagirdə fərdi yanaşma, müasir tədris metodları, düzgün istiqamətləndirmə və ən əsası, valideynin məktəbə etimadı modelin gələcək uğurunu müəyyənləşdirəcək əsas amillər olacaq.
Mərkəzi Aranda yeni tədris ilindən Kürdəmir, Mingəçevir və Yevlaxdakı üç məktəbin qapısından daxil olan X–XI sinif şagirdlərinin qarşısında artıq yalnız sinfi başa vurmaq məqsədi dayanmayacaq. Onlar gələcək ixtisaslarını, universitetlərini və müəyyən mənada gələcək peşə yollarını düşünərək həmin siniflərə daxil olacaqlar.
Və bir gün yuxarı sinif şagirdi “universitetə hazırlaşmaq üçün məktəbdən sonra hara getməliyəm?” sualına “mənə lazım olan hazırlığı öz məktəbimdə alıram” deyə biləcəksə, yeni təmayül tədris modelinin ən mühüm məqsədlərindən biri artıq reallaşmış olacaq.




