Mərkəzi Aran məktəbləri yenilənir
Məktəblərdə dərs prosesinin təhlükəsiz, rahat və müasir tələblərə uyğun şəraitdə təşkili məqsədilə ölkənin müxtəlif bölgələrində təmir-tikinti işləri sürətlə davam etdirilir. Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində də yay tətili bu baxımdan mühüm hazırlıq dövrünə çevrilib.
“Azərbaycan müəllimi” olaraq regiondakı təmir-tikinti işləri aparılan iki məktəbdə olduq.
640 şagird yerlik məktəbdə cari təmir işləri qısa müddətdə yekunlaşacaq
Təmir işlərinin aparıldığı ümumi təhsil müəssisələrindən biri Kürdəmir rayon C.Əsgərov adına Sığırlı kənd tam orta ümumtəhsil məktəbidir.
Sığırlı kəndində məktəb ilk dəfə 1938-ci ildə fəaliyyətə başlayıb. Kənddə təhsilin uzunmüddətli tarixə malik olması məktəbin yerli ictimaiyyət üçün yalnız təhsil müəssisəsi deyil, eyni zamanda mühüm sosial və mədəni mərkəz olduğunu göstərir. Məktəb üçün 2013-cü ildə 640 şagird yerlik yeni bina inşa edilib. Hazırda orta ümumtəhsil müəssisəsində cari təmir işləri gedir, İşlərin avqustun 10-dək başa çatdırılması planlaşdırılır.
Zərdab şəhər 4 nömrəli məktəbdə son tamamlanma işləri görülür
Təmir aparılan digər məktəb – Zərdab şəhər 4 nömrəli orta ümumi təhsil müəssisəsidir. 2015-ci ildən fəaliyyət göstən 132 yerlik məktəbdə aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir. Məktəb yeni tədris ilində şagirdlərini yenilənmiş və daha əlverişli şəraitdə qarşılayacaq.

Olduğumuz təhsil müəssisələrində aparılan işlər göstərir ki, yay tətili məktəblər üçün yalnız istirahət dövrü deyil, həm də yeni tədris ilinə hazırlıq, mövcud problemlərin aradan qaldırılması və təhsil mühitinin yaxşılaşdırılması mərhələsidir.
Məlumat üçün qeyd edək ki, hazırda region üzrə 40-dan çox ümumi təhsil müəssisəsində cari, 1 təhsil müəssisəsində isə əsaslı təmir işləri aparılır. Görülən işlər çərçivəsində məktəb binalarının dam örtükləri, sinif otaqları, dəhlizləri, sanitar qovşaqları və kommunikasiya sistemləri yenilənir, mövcud çatışmazlıqlar aradan qaldırılır.




