“Təhsil mənim üçün “mən buradayam” demək idi” – Xəstəliklə deyil, ümidlə yaşayan gəncin hekayəsi
Bəzən insanın taleyi elə uşaqlıqdan onu ağır sınaqlar qarşısında qoyur. Amma elə insanlar da var ki, həmin sınaqlar onları sındırmır, əksinə, daha da möhkəmləndirir. Mingəçevir Dövlət Universitetinin Ömürboyu Təhsil Məktəbində təhsil alan Nurməhəmməd İsmayıllı da belə gənclərdəndir. Onun həyatı ağrıların, əməliyyatların, ağır diaqnozların, hər addımında müşayiət edən fiziki çətinliklərin içindən keçib. Lakin bu çətin yol onu həyata küsdürməyib. Əksinə, Nurməhəmməd yaşamağı, sevməyi, oxumağı, mübarizə aparmağı bacarıb. “Azərbaycan müəllimi” olaraq onunla söhbətimiz də məhz bir gəncin xəstəliklə deyil, iradə ilə yadda qalan həyat yoluna çevrildi.
Nurməhəmməd İsmayıllı 2005-ci ildə Yevlax rayonunun Ərəş kəndində dünyaya gəlib. Hələ doğulduğu ilk günlərdən ağır xəstəliklərlə mübarizə aparıb. O, onurğanın dördüncü dərəcəli ağır əyriliyi, yəni skolioz və kifozla, həmçinin sümük sistemi ilə bağlı ciddi fəsadlarla böyüyüb. Sonradan tibbi sənədlərdə onun vəziyyəti patoloji sınıqlar, osteoporoz, yayılmış osteoporoz, döş qəfəsinin anadangəlmə və kobud deformasiyası, kifoz, lordoz, onurğanın döş-bel tipli “S”varı IV dərəcəli kifozu və skoliozu, eləcə də xroniki respirator çatışmazlıq və təngənəfəsliklə müşahidə olunan ağır klinik tablo kimi göstərilib. Bu diaqnozlar kağız üzərində tibbi terminlər kimi görünə bilər, amma bir uşağın, sonra bir yeniyetmənin, daha sonra isə gəncin həyatında bu sözlərin hər biri ağrı, mübarizə və səbir demək olub.
Nurməhəmməd uşaqlıq illərini Bakı şəhərində Pediatriya İnstitutunda, nevroloji xəstəxanalarda keçirdiyi müalicələrlə xatırlayır. Söhbət zamanı sakit səslə danışsa da, dediyi hər cümlədə yaşanmış çətinliyin ağırlığı duyulurdu:
“Mənim uşaqlığım yaşıdlarımın uşaqlığı kimi keçməyib. Xəstəxana palataları, müalicələr, həkimlər, iynələr, əməliyyatlar həyatımın bir hissəsi olub. Amma mən həmişə düşünmüşəm ki, insan yaşamalıdır. Nə qədər çətin olsa da, həyata tutunmaq lazımdır”.
O, 4 yaşında yeriməyə müvəffəq olub. Başqaları üçün adi görünən bu hadisə onun ailəsi üçün böyük sevinc, özü üçün isə həyatla ilk böyük razılaşma olub. Lakin bu sevinc sonrakı illərdə gələn yeni ağrıları aradan qaldırmayıb. Uşaq yaşlarında tez-tez 39-40 dərəcə qızdırmalar, sudurğalar, sümük boşluğunun yaratdığı fəsadlar, yeriyərkən yaranan çətinliklər, dəfələrlə qolunun və ayağının sınması onun həyat yolunu daha da ağırlaşdırıb.
Nurməhəmməd həmin dövrləri belə xatırlayır: “Bəzən elə olurdu ki, yüksək qızdırma günlərlə davam edirdi. Hərəkət etmək çətin idi. Ayağımın qırıldığı vaxtlar çox olub. Uşaqlıq illərində mənim üçün ən adi işlər belə bəzən böyük sınağa çevrilirdi. Amma bütün bunlara baxmayaraq, içimdə həmişə bir hiss var idi: mən dayanmalı deyiləm”.
Onun həyatında maraqlı və təsirli məqamlardan biri də futbola olan sevgisidir. Həkim məhdudiyyətləri, ailə narahatlığı, fiziki təhlükə — heç biri Nurməhəmmədi sevdiyi oyundan tam ayıra bilməyib. Futbol onun üçün sadəcə idman növü yox, yaşama həvəsinin, həyatdan yapışmaq istəyinin bir rəmzi olub: “Mən futbolu çox sevirdim. Oynamaq mənə sevinc verirdi. Bilirdim ki, mənim üçün təhlükə var, bilirdim ki, yıxılmaq, zədə almaq mümkündür. Amma yenə də oynayırdım. Çünki o oyun mənə həyat hissi verirdi. Mən özümü orada canlı hiss edirdim. Həyatdan qorxmaq istəmirdim”.
2014-cü ildə ayağı dördüncü dəfə qırıldıqdan sonra yenidən əməliyyata girib. Bu da onun üçün həm fiziki, həm də mənəvi baxımdan ağır dönəm olub. Lakin ən diqqətçəkən məqam odur ki, bütün bunlar onun təhsilə münasibətini dəyişməyib. Məktəb illəri də onun üçün asan keçməyib. Xəstəlik, ağrılar, qızdırmalar, müalicələr — hamısı dərsə davamiyyətini çətinləşdirib. Amma o, təhsilini yarımçıq qoymayıb.
Söhbətimiz zamanı məktəb illərindən danışanda üzündə qəribə bir qürur hissi yaranırdı: “Mənim üçün dərsə getmək bəzən çox çətin olurdu. Amma çalışırdım ki, geri qalmayım. Elə günlər olub ki, yüksək hərarətlə dərs oxumuşam. Elə vaxtlar olub ki, 40 qızdırma ilə imtahanlara hazırlaşmışam. Mənə görə təhsil sadəcə oxumaq deyildi. Təhsil mənim üçün həyata “mən buradayam” demək idi”.
Onun bu fikri həyat yolunun məğzini çox aydın ifadə edir. Nurməhəmməd üçün təhsil həm də öz varlığını təsdiqləmək, cəmiyyət içində yerini qorumaq, çətinliklərə baxmayaraq geri çəkilməmək demək olub. Bu əzmkarlığın nəticəsi kimi 2024-cü ildə Mingəçevir Dövlət Universitetinin Ömürboyu Təhsil Məktəbinə qəbul olunub. Bu yeni mərhələ onun həyatında həm mənəvi, həm də yaradıcı baxımdan dönüş nöqtəsinə çevrilib.
O, universitetə qəbulunu xüsusi həyəcanla xatırlayır: “Mingəçevir Dövlət Universitetinin Ömürboyu Təhsil Məktəbinə qəbul olunmağım mənim üçün çox önəmli idi. Mən orada yalnız təhsil imkanı yox, həm də diqqət, qayğı və dəstək gördüm. İnsan bəzən hansısa məkana daxil olur və hiss edir ki, onu anlayırlar. Mən bu hissi MDU-da yaşadım”.
Nurməhəmmədin həyat yolu, keçdiyi ağrılı mərhələlər, sınmayan ruhu sonradan onun yaradıcılığına da çevrilib. Öz həyat təcrübəsindən, gördüyü və yaşadığı çətinliklərdən doğan düşüncələr nəticəsində ortaya çıxan kitab da məhz Mingəçevir Dövlət Universitetinin Ömürboyu Təhsil Məktəbinin dəstəyi ilə ərsəyə gəlib. Bu prosesdə məktəbin rəhbəri Vəfa Məhərrəmovanın, eləcə də universitet rəhbərliyinin mənəvi diqqət və qayğısı onun üçün mühüm dayaq olub.
Bu barədə danışarkən Nurməhəmməd xüsusi minnətdarlıq hissi ilə dedi: “Mən bu yolda tək olmadığımı hiss etdim. Ömürboyu Təhsil Məktəbinin rəhbəri Vəfa xanımın, universitet rəhbərliyinin mənə göstərdiyi diqqət, inam və dəstək mənim üçün çox dəyərlidir. Kitabımın ərsəyə gəlməsində onların rolu böyükdür. Mən onlara ürəkdən təşəkkür edirəm. Bu dəstək məni daha da ruhlandırdı”.
Onun sözlərindən aydın olur ki, burada söhbət yalnız bir kitabın çapından getmir. Burada söhbət bir gəncin həyat hekayəsinin görünməsi, dəyərləndirilməsi və cəmiyyətə təqdim olunmasından gedir. Çünki Nurməhəmmədin hekayəsi təkcə şəxsi tale deyil, həm də bugünkü gənclərə ünvanlanan canlı mesajdır: çətinlik insanı dayandırmamalıdır.
Söhbətimizin sonunda ondan soruşduq: bütün bu çətinliklərdən sonra həyata bu qədər bağlı qalmağın sirri nədir?
Bir qədər susdu, sonra təmkinlə cavab verdi: “Mən düşünürəm ki, insan ümidini itirməməlidir. Çünki ümid itəndə insan özü də sönür. Həmişə çalışmışam ki, qarşıma nə çıxır-çıxsın, yaşamağa davam edim. Çətinlik mənimlə bir yolda gedib, amma mən də yolumdan dönməmişəm”.
Nurməhəmməd İsmayıllının həyat yolunun məntiqi davamı kimi ərsəyə gələn “Sınmayan iradə. Üfüqdə parlayan işıq” kitabı da əslində onun keçdiyi çətin yolların, ağrıların, mübarizənin və həyata bağlılığının yazılı ifadəsidir. Bu əsər bir müəllif təxəyyülünün məhsulu olmaqdan daha çox yaşanmış ömrün, sınanmış iradənin və sarsılmayan ümidin sözə çevrilmiş forması kimi dəyərləndirilə bilər. Nurməhəmməd bu kitabı yazmaqda məqsədinin yalnız öz həyat hekayəsini bölüşmək olmadığını, eyni zamanda müxtəlif çətinliklərlə üzləşən insanlara, xüsusilə də gənclərə mənəvi dayaq olmaq, onlara ruh yüksəkliyi aşılamaq və “təslim olmamaq” mesajını çatdırmaq istədiyini bildirir. Onun düşüncəsinə görə, insanın qarşısına nə qədər maneə çıxsa da, əgər daxilində inam və ümid işığı sönməyibsə, o, öz yoluna davam edə bilər. Elə bu baxımdan da kitab sadəcə bir gəncin həyat salnaməsi deyil, mübarizəyə, dözümə, öz gücünə inanmağa və həyatın ən çətin məqamlarında belə üfüqdə parlayan işığı görməyə çağıran təsirli bir mənəvi manifestdir. Bu gün Nurməhəmməd İsmayıllının həm həyatı, həm də qələmə aldığı əsər bir həqiqəti təsdiqləyir: bəzən ən böyük güc insanın daxilində gizlənən və heç bir çətinliyin söndürə bilmədiyi iradədir.



