Ucar məktəbindəki yanğınla bağlı AÇIQLAMA
Gecə saatlarında Ucar rayonu Elman Əliyev adına Ənvər Məmmədxanlı kənd ümumi orta məktəbinin otaqlarından birində yanğın hadisəsi baş verib.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq bildirilib ki, məktəbin gözətçisi tərəfindən dərhal ilkin tədbirlər görülərək yanğının qarşısının alınması istiqamətində müdaxilə edilib və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilib.
Hadisə yerinə cəlb olunan yanğınsöndürmə qüvvələri tərəfindən yanğın qısa müddətdə söndürülüb və digər otaqlara yayılmasının qarşısı alınıb.
Dəymiş zərərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin icrasına başlanılıb. Hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.
Təlim-tədris prosesi fasiləsiz şəkildə davam etdirilir.



