Mərkəzi Aranda yeni təmayül tədris modeli üçün müəllim seçiminin müsahibə mərhələsi başa çatıb

20 Avqust, 2026 - 17:34
Mərkəzi Aranda yeni təmayül tədris modeli üçün müəllim seçiminin müsahibə mərhələsi başa çatıb

Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən və yeni təmayül tədris modelinin tətbiq olunacağı ümumi təhsil müəssisələrində çalışmaq istəyən fənn müəllimləri üçün keçirilən qeydiyyat və müsahibə mərhələləri yekunlaşıb.

"Azərbaycan müəllimi"nə regional idarədən verilən məlumata görə, yeni model çərçivəsində fəaliyyət göstərmək üçün ümumilikdə 411 müəllim qeydiyyatdan keçib.

Namizədlər Kürdəmir, Mingəçevir və Yevlax şəhərlərində müəyyənləşdirilmiş 3  ümumi təhsil müəssisəsində çalışmaq üçün müraciət ediblər.
Ən çox müraciət Mingəçevir şəhəri 28 nömrəli tam orta ümumtəhsil məktəbi üzrə qeydə alınıb. Bu məktəbdə çalışmaq üçün 153 müəllim qeydiyyatdan keçib. Kürdəmir şəhəri 8 nömrəli tam orta ümumtəhsil məktəbi üzrə 131, Yevlax şəhəri 12 nömrəli tam orta ümumtəhsil məktəbi üzrə isə 127 namizəd müraciət edib.
Qeydiyyat mərhələsindən sonra müəllimlər müsahibəyə cəlb olunublar. Müsahibələr zamanı namizədlərin peşəkar bilikləri, pedaqoji fəaliyyət təcrübəsi, metodiki hazırlığı və tədrisin təşkili ilə bağlı bacarıqları qiymətləndirilib.

Müsahibələrin nəticələrinə əsasən yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərdə fəaliyyət göstərəcək müəllim heyəti müəyyənləşdiriləcək.
Yeni təmayül tədris modelinin tətbiqində əsas məqsəd şagirdlərin maraq və potensialına uyğun istiqamətlər üzrə daha məqsədyönlü təhsil mühitinin formalaşdırılması, tədrisin keyfiyyətinin yüksəldilməsi və məktəblərdə müasir pedaqoji yanaşmaların tətbiq imkanlarının genişləndirilməsidir.
Müəllim seçimi mərhələsinin yekunlaşması ilə layihənin tətbiqinə hazırlıq prosesində növbəti mühüm mərhələ başa çatıb.