MDU-da regionun ilk “GreenAI” laboratoriyası yaradılıb
Azərbaycan energetikasının tarixində mühüm yer tutan Mingəçevir şəhəri bu dəfə gələcəyin enerji mütəxəssislərinin yetişdirilməsinə xidmət edən yeni bir təşəbbüslə gündəmə gəlib. Düz 45 il əvvəl ölkənin enerji tarixində yeni mərhələnin əsasını qoyan şəhərdə Energetiklər Günü münasibətilə regionda ilk dəfə müasir günəş enerjisi texnologiyalarının öyrənilməsi və tədqiqinə imkan yaradan “GreenAI” Günəş Enerji Laboratoriyası istifadəyə verilib. Bu əlamətdar hadisə energetika ənənələrinin müasir mühəndislik təhsili və yaşıl texnologiyalarla birləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
“Azərbaycan müəllimi” xəbər verir ki, oktyabrın 20-də Mingəçevir Dövlət Universitetində (MDU) regionun ilk və ən böyük “GreenAI” Günəş Enerji Laboratoriyasının açılış mərasimi keçirilib. Tədbirdə universitetin rektoru Anar Eminov, professor-müəllim heyəti və əməkdaşlar, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Mingəçevir filialının rəisi Səbuhi Mürsəlov, filialın enerji müfəttişi Qabil Vəliyev, “Azərenerji” ASC-nin tabeliyində olan Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin direktor müavini Əhəd Quliyev iştirak ediblər.
Laboratoriyanın məhz Energetiklər Günündə açılması təsadüfi deyil. Belə ki, 1981-ci il oktyabrın 20-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci enerji bloku istifadəyə verilib. Azərbaycan elektroenergetikasının inkişafında dönüş nöqtəsi hesab edilən həmin tarixi hadisənin bu il 45 ili tamam olur. Bu baxımdan Mingəçevirdə yeni enerji laboratoriyasının istifadəyə verilməsi həm tarixi ənənələrə ehtiramın, həm də gələcəyin enerji texnologiyalarına yönəlmiş elmi-təhsil təşəbbüslərinin ifadəsidir.
Açılış mərasimində çıxış edən MDU-nun rektoru Anar Eminov bildirib ki, yeni laboratoriya universitetdə mühəndislik təhsilinin müasirləşdirilməsi, tələbələrin praktiki bacarıqlarının artırılması və enerji sahəsində innovativ tədqiqatların aparılması üçün geniş imkanlar yaradacaq.
“Energetiklər Günündə yeni laboratoriyanın istifadəyə verilməsi həm ölkəmizin energetika sahəsində çalışan mütəxəssislərinə göstərilən ehtiramın, həm də bu sahənin gələcəyinə yönəlmiş mühüm təşəbbüsün ifadəsidir.Məqsədimiz nəzəri bilikləri praktiki bacarıqlarla birləşdirən, müasir enerji texnologiyalarını mənimsəyən və innovativ həllər təqdim edə bilən mütəxəssislər yetişdirməkdir”, – deyə rektor vurğulayıb.
Anar Eminov qeyd edib ki, Azərbaycanın mühüm energetika mərkəzlərindən biri olan Mingəçevirdə belə bir laboratoriyanın yaradılması təsadüfi deyil. Onun sözlərinə görə, universitetin əsas hədəflərindən biri regionun sənaye potensialından yararlanmaqla təhsil, elm və istehsalat arasında əlaqələri gücləndirmək, tələbələrin əmək bazarının müasir tələblərinə uyğun hazırlanmasını təmin etməkdir.
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Mingəçevir filialının rəisi Səbuhi Mürsəlov energetika sahəsinin inkişafında yüksəkixtisaslı kadr hazırlığının vacibliyindən söz açıb: “45 il əvvəl Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının ilk enerji blokunun istifadəyə verilməsi ölkəmizin energetika tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu gün isə həmin şəhərdə gələcəyin enerji mütəxəssislərinin hazırlanmasına xidmət edən müasir laboratoriyanın açılması xüsusi məna daşıyır. Energetikanın gələcəyi yalnız yeni istehsal güclərinin yaradılmasından deyil, həm də enerji səmərəliliyini, bərpa olunan enerji texnologiyalarını və innovativ yanaşmaları mənimsəyən peşəkar kadrların yetişdirilməsindən asılıdır. Belə laboratoriyalar gənclərin nəzəri biliklərini real mühəndislik bacarıqlarına çevirməsi baxımından mühüm imkanlar yaradır”.
Bildirilib ki, “GreenAI” laboratoriyasında tələbə və müəllimlər günəş enerjisi sistemlərinin layihələndirilməsi, modelləşdirilməsi, enerji səmərəliliyinin təhlili və texniki-iqtisadi göstəricilərin qiymətləndirilməsi üzrə praktiki fəaliyyət göstərə biləcəklər. Burada SAM (System Advisor Model), PVsyst və digər müasir proqram təminatlarından istifadə, həmçinin süni intellekt və rəqəmsal texnologiyaların bərpa olunan enerji sistemlərinə inteqrasiyası istiqamətində tədqiqatlar nəzərdə tutulur.
Laboratoriyanın yaradılmasında Türkiyənin Orta Doğu Teknik Universitetinin (ODTÜ) Günəş Enerjisi Araşdırma və Tətbiq Mərkəzinin (GÜNAM) elmi təcrübəsindən yararlanılması da beynəlxalq akademik əməkdaşlıq baxımından diqqət çəkir.
Açılışdan sonra iştirakçılar laboratoriyanın texniki imkanları ilə tanış olublar. Tədbirdə universitetlə enerji sektorunun nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsinin, tələbələrin praktiki hazırlığının gücləndirilməsinin vacibliyi vurğulanıb.
Beləliklə, 45 il əvvəl Mingəçevirdə yandırılan ilk enerji blokunun işığı bu gün yeni elmi ideyalar və yaşıl enerji təşəbbüsləri ilə gələcəyə daşınır. Vaxtilə ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayan Mingəçevir indi də bu sahənin gələcəyini quracaq gənc mühəndislərin yetişdirilməsinə töhfə verir. “GreenAI” laboratoriyası isə bir daha göstərir ki, energetikanın gələcəyi yalnız elektrik stansiyalarında deyil, həm də universitet auditoriyalarında, elmi laboratoriyalarda və gənclərin innovativ düşüncəsində formalaşır.




