Gənclərə təhsil almaq istədikləri ölkəni yaxşı araşdırmağı tövsiyə edirəm – DP qalibi

27 Avqust, 2026 - 09:07
Gənclərə təhsil almaq istədikləri ölkəni yaxşı araşdırmağı tövsiyə edirəm

Ölkəmizdə uğurla həyata keçirilən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın növbəti qalibləri məlumdur. Gənclərin dünyanın nüfuzlu universitetlərində təhsil almasına, beynəlxalq akademik və peşəkar təcrübə qazanmasına yeni imkanlar açan Proqramın imkanlarından yararlanan gənclərdən biri də Cəlil Verdiyevdir. O, iki dəfə proqramın imkanlarından bəhrələnib. C.Vəliyev xaricdə təhsil və iş təcrübəsini, süni intellektin proqramlaşdırmadakı rolunu və gənclərin inkişafı üçün vacib hesab etdiyi istiqamətləri “Azərbaycan müəllimi” ilə bölüşüb.

“Gənclər üçün yarış və hakatonların sayı artırılmalıdır”

Gəncədə orta məktəbi fərqlənmə attestatı ilə başa vuran Cəlil Verdiyev yüksək nəticə ilə Xəzər Universitetinin ingilis dilində tədris olunan “Kompüter elmləri” ixtisasına qəbul olub, sonra isə Dövlət Proqramının qalibi kimi İngiltərədə magistr təhsili alıb. 
Hazırda Praqada yerləşən video oyun şirkətlərindən birində proqram mühəndisi kimi çalışan Cəlil akademik yolunu doktorantura səviyyəsində davam etdirir. O, bu mərhələdə də Dövlət Proqramının qalibi olaraq təhsilini İngiltərənin Şeffild şəhərində yerləşən “The University of Sheffield” ali təhsil müəssisəsində davam etdirəcək.

Cəlilin inkişaf yolu yalnız akademik göstəricilərlə məhdudlaşmayıb. Təhsil aldığı müddətdə müxtəlif startap layihələrinin iştirakçısı olan Cəlil  kompüter elmləri üzrə texniki bacarıqlarını inkişaf etdirib.

Onun fikrincə, xaricdə təhsil və iş mühitinin əsas fərqlərindən biri yanaşmalarda özünü göstərir: “Akademik səviyyədə əsas fərqlərdən biri xaricdə dərslərin daha interaktiv təşkil edilməsidir. Məsələn, sessiyalar başlamamışdan öncə açıq sualların verilməsi və sessiyaların sonlarına yaxın “quiz”lərin keçirilməsi tələbələrin prosesə daha aktiv cəlb olunmasına imkan yaradır”.
Peşəkar mühitdə isə Cəlil xüsusilə işçi yönümlü yanaşmanı diqqətəlayiq hesab edir: “Şirkətyönümlü yanaşma əvəzinə işçi fokuslu yanaşmanın tətbiq edilməsinin tərəfdarıyam. Şirkət daxilində verilən hər bir qərarda, ilk növbədə, işçiləri, daha sonra şirkəti düşünürlər”.

Cəlil hesab edir ki, Azərbaycanda gənclərin kompüter elmləri və texnologiya sahəsinə marağının artırılması üçün praktiki imkanların genişləndirilməsi vacibdir: “Zənnimcə, sahə üzrə yarışların, olimpiadaların və eləcə də hakatonların sayının artırılması gənclərin bu istiqamətdə səriştələrini  artıracaq, həm də onlarda maraq yaradacaq. Müsabiqələrlə yanaşı, konfrans və seminar tipli görüşlərin təşkil edilməsi də vacibdir”.

Müasir dövrdə proqramlaşdırma sahəsinə maraq göstərən gənclərin əsas məqsədi texniki bacarıqlara yiyələnmək olsa da, Cəlilin fikrincə, uğurlu karyera üçün yalnız proqramlaşdırma bilikləri kifayət etmir: “Sadəcə proqramlaşdırmanı bilmək kifayət deyil. Proqramlaşdırma ilə yanaşı, şirkət etikası, insanlarla ünsiyyət və şəbəkələşmə də önəmlidir. Xüsusilə şəbəkələşmə gələcəkdə gənclərin iş tapmalarına ciddi şəkildə kömək olacaq”.

O hesab edir ki, texniki biliklərlə yanaşı, komanda daxilində işləmək, fikirlərini düzgün ifadə etmək və peşəkar əlaqələr qurmaq bacarığı da müasir əmək bazarında mühüm üstünlük yaradır.

Son illərdə texnologiya sahəsində ən çox müzakirə olunan məsələlərdən biri süni intellektin proqramlaşdırmaya təsiridir: “Məncə, süni intellekt də bu günə kimi digər alətlər kimi sadəcə bir alət olaraq qalacaq. Nümunə kimi, bir dülgərin ləvazimatları kimi baxmaq olar. Əvvəllər dülgərlər taxtaları kəsmək üçün balta və ya əl mişarından istifadə edirdilər, lakin indi elektrik mişarları ilə işləri daha da rahatlaşıb. Eyni tendensiyanı proqramlaşdırmada da görmək olar”.

Onun fikrincə, yeni texnologiyaların meydana çıxması peşələri tamamilə aradan qaldırmaqdan daha çox, həmin peşələrdə çalışan insanların iş üsullarını dəyişir və məhsuldarlığı artırır.

Bu baxımdan Cəlil gənclərə texnologiyadan çəkinmək əvəzinə, ondan düzgün istifadə etməyi öyrənməyi tövsiyə edir.
Dövlət Proqramı vasitəsilə xaricdə təhsil almaq imkanı əldə edən Cəlil Verdiyev gənclərə ölkə seçiminə xüsusi diqqət yetirməyi tövsiyə edir: “Öncə təhsil almaq və ya işləmək istədikləri ölkəni yaxşı araşdırmalarını tövsiyə edirəm. İstər hava şəraitini, istər insanlarını, istərsə də ölkənin perspektivini”.

O, həmçinin xaricdə yaşayan azərbaycanlıların yaratdığı sosial icmalara qoşulmağı faydalı hesab edir: “Demək olar ki, hər ölkədə həmvətənlərimizin qurduğu sosial icmalar var. Onlara qoşulub görüşlərdə iştirak etmələri çox faydalı olacaq”.