Geyimlə bağlı anlaşılmazlığın həlli müəllimlə qarşıdurmada axtarılmamalıdır - Müəllim

14 Oktyabr, 2026 - 15:49
Geyimlə bağlı anlaşılmazlığın həlli müəllimlə qarşıdurmada axtarılmamalıdır

“Məktəbdə şagirdin xarici görünüşü deyil, biliyi, bacarığı və şəxsiyyət kimi inkişafı ön planda olmalıdır. Vahid məktəbli formasının tətbiqi də məhz bu baxımdan əhəmiyyətlidir. Məktəb müxtəlif sosial mühitlərdən gələn uşaqların bir araya gəldiyi, onların yalnız bilik qazanmadığı, həm də məsuliyyət, qarşılıqlı hörmət və kollektivdə davranış qaydalarını mənimsədiyi təhsil ocağıdır. Bu mühitdə geyim fərqlərinin arxa plana keçməsi şagirdlərin diqqətini öyrənməyə yönəltməyə, məktəbə mənsubluq hissini gücləndirməyə və sağlam rəqabət mühitinin formalaşmasına kömək edə bilər”.

Bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında Ağcabədi şəhəri M.F.Axundov adına 3 nömrəli məktəb-liseyin riyaziyyat və STEAM müəllimi Asim Mirzəxanlı bildirib.

Onun sözlərinə görə, vahid məktəbli forması şagirdlər arasında geyimlə bağlı sosial müqayisələrin azalmasına və məsuliyyət hissinin formalaşmasına xidmət edir:

“Uşaqların geyim üzərindən müqayisə olunması bəzən onların özlərini məktəb mühitində fərqli hiss etməsinə səbəb olur. Vahid məktəbli forması bu cür fərqlərin müəyyən qədər azalmasına, şagirdlərin özlərini eyni kollektivin üzvü kimi hiss etməsinə şərait yaradır. Bununla yanaşı, məktəbdə müəyyən edilmiş qaydalara riayət etmək uşaqlarda intizam, məsuliyyət və kollektivə uyğunlaşma bacarıqlarını inkişaf etdirir”.

A.Mirzəxanlı qeyd edib ki, məktəbli forması ilə bağlı tələblər bütün şagirdlərə eyni qaydada tətbiq olunur və bu məsələnin yalnız bir geyim elementi ilə əlaqələndirilməsi cəmiyyətdə yanlış təsəvvürlər yarada bilər:

“Bu baxımdan məsələyə emosional yanaşmaq və onu qarşıdurma predmetinə çevirmək əvəzinə müəyyən edilmiş qaydaların mahiyyətini və təhsil mühitindəki əhəmiyyətini düzgün izah etmək vacibdir”.

Müəllim məktəbli forması ilə bağlı qaydalara əməl olunmasında valideynlərin məsuliyyətini də vurğulayıb:

“Valideynlər məsələyə yalnız şəxsi emosiyalarından çıxış edərək deyil, ilk növbədə övladlarının maraqlarını nəzərə alaraq yanaşmalıdırlar. Məktəbdə hər hansı qayda ilə bağlı sual və ya anlaşılmazlıq yarandıqda bunun həlli müəllimlə qarşıdurmada deyil, qarşılıqlı dialoqda axtarılmalıdır. Xüsusilə uşaqların gözü qarşısında baş verən mübahisələr onların məktəbə və müəllimə münasibətinə mənfi təsir göstərə bilər”.

A.Mirzəxanlı onu da əlavə edib edib ki, məktəbdaxili qaydaların tətbiqində pedaqoji yanaşma əsas götürülməlidir:

“Qaydaların mövcudluğu qədər onların uşaqlara necə izah edilməsi və tətbiq olunması da əhəmiyyətlidir. Şagird məktəbdə müəyyən edilmiş tələblərə yalnız cəzalandırılmaqdan çəkindiyi üçün deyil, onların məqsədini anlayaraq əməl etməlidir. Burada əsas vəzifə uşağı cəzalandırmaq yox, onda məsuliyyətli davranış və qaydalara şüurlu münasibət formalaşdırmaqdır. Eyni zamanda, heç bir fikir ayrılığı şagirdin ləyaqətinə, psixoloji rahatlığına və təhsil hüququna mənfi təsir göstərməməlidir”.