Günay Əkbərova: Valideynlə məktəb qarşı-qarşıya duran tərəflər olmamalıdır

13 Oktyabr, 2026 - 19:01
Günay Əkbərova: Valideynlə məktəb qarşı-qarşıya duran tərəflər olmamalıdır

“Məktəb hər şeydən əvvəl uşaqlarımızın özlərini təhlükəsiz və rahat hiss etməli olduqları bir məkandır. Orada baş verən hər hansı gərginlik, tədris prosesinə müdaxilə və ya məktəb əmlakına ziyan vurulması, ilk növbədə, şagirdlərə mənfi təsir göstərir. Ən əsası isə heç bir fikir ayrılığı uşaqlarımızın təhlükəsizliyindən və təhsil hüququndan üstün tutulmamalıdır”.

Bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova bildirib.

Onun sözlərinə görə, valideynlərin davranışı uşaqların düşüncə və davranışlarının formalaşmasında mühüm rol oynayır:

“Amma bəzən unuduruq ki, övladımızın hüququnu qorumağa çalışarkən seçdiyimiz davranış forması da onun gələcəyinə təsir edir. Uşaqlar bizim nə dediyimizdən daha çox necə davrandığımıza diqqət yetirirlər. Biz onlara hörmətdən, səbirdən, qarşılıqlı anlaşmadan danışırıqsa, öz davranışlarımızla da bunu göstərməliyik. Halbuki uşağa haqqını tələb etməyi öyrətmək qədər, bunu başqalarının hüquqlarına hörmət edərək etməyi öyrətmək də vacibdir. Unutmayaq ki, uşaqlarımıza yalnız yaxşı məktəb yox, həm də yaxşı nümunə lazımdır. Məktəbə və müəllimə münasibətimiz, problemləri həll etmə üsulumuz əslində onların sabah cəmiyyətdə necə davranacağını da formalaşdırır”.

G.Əkbərova məktəb və valideynlərin uşaqların təhsili və inkişafı naminə əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb:

“Məncə, valideynlə məktəb heç vaxt qarşı-qarşıya duran iki tərəf kimi görünməməlidir. Əksinə, hər ikisinin məqsədi eynidir: uşağın yaxşı təhsil alması, sağlam mühitdə böyüməsi və cəmiyyətə faydalı insan kimi yetişməsi. Əlbəttə, valideynin sual verməyə, narazılığını bildirməyə və izahat tələb etməyə haqqı var. Sadəcə, bütün bunların qarşılıqlı hörmət və dialoq çərçivəsində aparılması daha doğru nəticə verər”.

İctimai Şura üzvü məktəbli formasının tətbiqinə də toxunaraq bildirib ki, vahid geyim qaydalarının məqsədi məktəb mühitində nizam-intizamın və bərabərliyin qorunmasıdır:

“Məktəbli forması dünyanın bir çox ölkəsində tətbiq olunan və məktəb mühitində nizam-intizamın, bərabərliyin və vahid qaydaların təmin edilməsinə xidmət edən bir yanaşmadır. Məqsəd hər hansı bir şəxsin dini inancına və ya şəxsi dəyərlərinə müdaxilə etmək deyil, bütün şagirdlər üçün ümumi geyim qaydalarını müəyyənləşdirməkdir. Məncə, məktəbli forması ilə bağlı tələbləri yalnız hicab məsələsi ilə əlaqələndirmək mövzunun mahiyyətini dəyişir və cəmiyyətdə lazımsız anlaşılmazlıqlara səbəb olur. Azərbaycan dünyəvi dövlətdir və məktəblərimizdə də dünyəvi təhsil prinsipləri əsas götürülür”.

G.Əkbərova qeyd edib ki, məktəbli forması ilə bağlı məsələlərdə valideynlərin maarifləndirilməsi və qarşılıqlı əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır:

“Bir müəllim və valideyn olaraq hesab edirəm ki, belə həssas məsələlərdə ən doğru yol qarşılıqlı anlayış və düzgün maarifləndirmədir. Ona görə də məktəblər qaydaların məqsədini valideynlərə aydın və səbirli şəkildə izah etməli, onların fikirlərini də dinləməlidirlər. Valideynlər isə öz növbəsində məsələyə emosional yanaşmaq əvəzinə, məktəblə əməkdaşlığa üstünlük verməlidirlər”.

O eyni zamanda uşaqların təhsilinin və psixoloji rahatlığının qorunmasının vacibliyini də diqqətə çatdırıb:

“Ən əsası, böyüklər arasında yaranan fikir ayrılıqları uşaqların təhsilinə və psixoloji vəziyyətinə təsir etməməlidir. Bizim əsas diqqətimiz uşaqların nə geyinməsi ətrafında mübahisələr yaratmağa deyil, onların necə təhsil almasına, hansı dəyərlərlə böyüməsinə və özlərini məktəbdə nə dərəcədə rahat hiss etməsinə yönəlməlidir. Unutmayaq ki, məktəb hamımızın övladlarının təhsil aldığı ortaq məkandır və bu mühitdə qarşılıqlı hörmətin qorunması hər birimizin məsuliyyətidir”.