Hansı ixtisaslar üzrə Dövlət Proqramına müraciət etmək olar?

16 Fevral, 2026 - 12:50
Hansı ixtisaslar üzrə Dövlət Proqramına müraciət etmək olar?

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərinə uyğun 15 prioritet ixtisas sahəsi müəyyənləşdirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, “Arxitektura və dizayn”, “Aviasiya və kosmos”, “Dövlət idarəetməsi”, “Energetika”, “Ətraf mühit”, “Fundamental və tətbiqi elmlər”, “İctimai səhiyyə”, “İnformasiya texnologiyaları”, “İqtisadiyyat” , “Kənd təsərrüfatı”, “Maliyyə”, “Mühəndislik”, “Nəqliyyat və logistika”, “Statistika və verilənlərin təhlili” və “Təhsil” üzrə qəbul elan edilib. 

Ən çox yer “Fundamental və tətbiqi elmlər” (1170), “Mühəndislik” (989) və “İnformasiya texnologiyaları” (773) üzrədir. Onları 283 yerlə “Arxitektura və dizayn” üzrə, 217 yerlə “Statistika və verilənlərin təhlili”,  204 “Kənd təsərrüfatı”, 132 “Energetika”, 125 yerlə “Ətraf mühit”, 120 yerlə “Aviasiya və kosmos”, 183 yerlə “İqtisadiyyat”, 68 yerlə “Təhsil” , 66 yerlə “Maliyyə”, 58 yerlə “İctimai səhiyyə”,  38 yerlə “Dövlət idarəetməsi” ixtisas sahələri izləyir. Ən az yer – 32 yer “Nəqliyyat və logistika” sahəsinə verilib. 

Xatırladaq ki, ixtisaslar Azərbaycan Prezidentinin 28 fevral 2022-ci il tarixli 3163 nömrəli Sərəncamın 6.1-ci yarımbəndinə əsasən, müəyyən edilib. 

Elm və Təhsil Nazirliyi tərəfindən "2022-2028-ci illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı" çərçivəsində 2025-2026-cı tədris ili ilə əlaqədar prioritet ixtisas sahələrinə uyğun bakalavriat, magistratura və doktorantura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə siyahısı müəyyən edilib. Sözügedən Dövlət Proqramına yalnız həmin siyahıda yer alan təhsil proqramlarından hər hansı birinə qəbul almış namizədlər müraciət edə bilərlər.