Hansı ölkələrdə ali təhsili daha tez başa vurmaq mümkündür?
Bəzi ölkələrdə müxtəlif sahələr üzrə ali təhsili daha qısa müddətdə başa çatdırmaq mümkündür. Belə ki, bir sıra ölkələrdə 3 illik bakalavr və 1 illik magistr proqramları mövcuddur. Bəs hansı ölkələrdə bu cür təhsil imkanları var?
“Azərbaycan müəllimi” bu mövzuda araşdırmasını təqdim edir.
Bakalavr:
Fransada iqtisadiyyat, hüquq, jurnalistika, kommunikasiya, tarix, psixologiya, biologiya, kompüter elmləri və digər sahələr üzrə 3 illik bakalavr proqramları mövcuddur.
İtaliyada iqtisadiyyat, biznes, kommunikasiya, beynəlxalq münasibətlər, siyasi elmlər, dillər, kompüter elmləri, biologiya və digər sahələr üzrə bakalavr təhsili 3 il davam edə bilər.
Almaniyada biznes, iqtisadiyyat, kompüter elmləri, sosial və humanitar elmlər, təbiət elmləri və digər istiqamətlər üzrə 3 illik bakalavr proqramları tətbiq edilir.
Böyük Britaniyada 3 illik bakalavr proqramları xüsusilə geniş yayılıb. Jurnalistika, media, biznes, iqtisadiyyat, psixologiya, sosiologiya, siyasi elmlər, kompüter elmləri və digər ixtisaslar üzrə bakalavr təhsili, əsasən, 3 il davam edir. Bununla belə, Böyük Britaniyanın bütün ərazisində müddət eyni deyil. İngiltərə, Uels və Şimali İrlandiyada bakalavr proqramlarının əksəriyyəti 3 il olduğu halda, Şotlandiyada əksər proqramlar 4 il davam edir.
İsveçrədə biznes, iqtisadiyyat, kompüter elmləri, sosial və humanitar elmlər, təbiət elmləri, kommunikasiya və digər sahələrdə 3 illik bakalavr proqramları mövcuddur.
Danimarkada biznes, iqtisadiyyat, kompüter elmləri, siyasi elmlər, humanitar və sosial elmlər, təbiət elmləri və digər istiqamətlər üzrə bakalavr təhsilini 3 il ərzində başa çatdırmaq mümkündür.
Norveçdə jurnalistika və media, biznes, kompüter elmləri, məlumat elmləri, sosial elmlər, humanitar elmlər, təbiət elmləri və digər sahələrdə 3 illik bakalavr proqramları mövcuddur.
Estoniyada biznes, iqtisadiyyat, kompüter elmləri, sosial və humanitar elmlər, təbiət elmləri və digər istiqamətlər üzrə 3 illik bakalavr proqramları təklif olunur.
Niderlandda iqtisadiyyat, biznes, psixologiya, riyaziyyat, kompüter elmləri və digər sahələrdə 3 illik bakalavr proqramları geniş yayılıb. Tədqiqat yönümlü universitetlərdə bakalavr proqramları əsasən 3 il davam etdiyi halda, tətbiqi yönümlü ali məktəblərdə proqramların müddəti, əsasən, 4 ildir.
Avstraliyada humanitar elmlər, biznes, iqtisadiyyat, kommunikasiya, media, təbiət elmləri və digər sahələrdə adi bakalavr proqramlarının əksəriyyəti 3 il davam edir. Bununla belə, mühəndislik və bəzi peşə ixtisasları üzrə bakalavr proqramları 4 il və ya daha uzun ola bilər.
Yeni Zelandiyada kommunikasiya, media, humanitar elmlər, təbiət elmləri, biznes, dizayn, kənd təsərrüfatı və digər sahələr üzrə 3 illik bakalavr proqramları mövcuddur.
İrlandiyada isə biznes, media, yaradıcı sahələr, sosial elmlər, humanitar elmlər və digər istiqamətlərdə 3 illik bakalavr proqramlarına rast gəlinir.
Magistr
Böyük Britaniyada 1 illik magistr proqramları kifayət qədər geniş yayılıb. Jurnalistika, media və kommunikasiya, biznes və idarəetmə, maliyyə, marketinq, beynəlxalq münasibətlər, hüquq, təhsil, humanitar elmlər və digər istiqamətlər üzrə birillik proqramlar mövcuddur. Ölkənin rəsmi məlumatına görə, tam zamanlı magistr proqramları 1 və ya 2 akademik il davam edə bilər.
İrlandiyada da bir çox magistr proqramlarını 1 il ərzində başa çatdırmaq mümkündür. Biznes, maliyyə, marketinq, informasiya texnologiyaları, təhsil, sosial elmlər və digər istiqamətlərdə birillik proqramlara rast gəlinir.
Niderlandda 1 illik magistr proqramları xüsusilə geniş yayılıb. İqtisadiyyat, biznes, beynəlxalq münasibətlər, dövlət idarəçiliyi, kommunikasiya, sosial elmlər, hüquq və humanitar elmlər üzrə 1 illik proqramlar mövcuddur. Bununla belə, mühəndislik, riyaziyyat, təbiət elmləri və bəzi tədqiqat yönümlü proqramlar əsasən 2 il davam edir.
Yeni Zelandiyada da müxtəlif sahələr üzrə magistr təhsilini 1 ilə başa çatdırmaq mümkündür. İncəsənət və humanitar elmlər, beynəlxalq münasibətlər, təhsil, yaradıcı yazıçılıq, dizayn, kommunikasiya və digər istiqamətlərdə birillik magistr proqramları mövcuddur.
Avstraliyada magistr proqramlarının müddəti ixtisasdan və proqramın məzmunundan asılı olaraq dəyişir. Bir sıra sahələrdə, xüsusilə biznes, idarəetmə, informasiya texnologiyaları və bəzi digər istiqamətlərdə 1 illik magistr proqramları mövcuddur. Lakin bütün magistr proqramlarının 1 il davam etdiyini demək olmaz.
Almaniyada magistr proqramlarının müddəti adətən 1 - 2 il arasında dəyişir. Bəzi ixtisaslarda 1 illik proqramlar mövcud olsa da, belə proqramlara qəbul zamanı tələbənin əvvəlki bakalavr təhsilinin müddəti, topladığı kreditlər və digər akademik tələblər nəzərə alına bilər. Buna görə Almaniyada 1 illik magistr proqramlarını seçərkən konkret universitet və proqramın qəbul şərtlərinə baxmaq vacibdir.
Finlandiyada universitetlərdə magistr təhsili əsasən 2 il davam edir. Lakin tətbiqi elmlər universitetlərində müəyyən sahələr üzrə 1 - 1,5 illik magistr proqramları da mövcuddur. Bu proqramlara qəbul üçün bəzi hallarda əvvəlki iş təcrübəsi tələb olunur.
İsveçdə həm 1 illik, həm də 2 illik magistr proqramları mövcuddur. Proqramın müddəti seçilən ixtisas və universitetdən asılıdır. Buna görə biznes, iqtisadiyyat, sosial elmlər, humanitar elmlər və digər sahələrdə birillik proqramlara rast gəlmək mümkündür.
İtaliyada isə mühüm fərq var. Ölkədə standart akademik magistr dərəcəsi əsasən 2 il davam edir. Bununla yanaşı, universitetlərdə 1 illik magistr səviyyəli ixtisaslaşma proqramları da mövcuddur. Buna nümunə olaraq “Biznesin idarə edilməsi” (MBA), “Dizayn və brend menecmenti”, “İnformasiya texnologiyaları və rəqəmsal marketinq” ixtisaslaşmalarını qeyd etmək olar.




