“Hazır cavabı olduğu kimi götürmürəm” – Tələbələr süni intellektdən necə istifadə edirlər?
Süni intellekt alətlərindən təhsil prosesində istifadə universitet tələbələri arasında da geniş yayılıb. Bəs tələbələr adətən süni intellektdən hansı məqsədlərlə istifadə edirlər?
“Azərbaycan müəllimi” müxtəlif ali təhsil müəssisələrinin tələbələri arasında sorğu keçirərək onların bu alətlərdən hansı məqsədlərlə istifadə etdiyini, süni intellektin hazırladığı mətn və materiallara necə yanaşdıqlarını öyrənib.
Azərbaycan Dövlət İqtisad Universitetində Risklərin idarə edilməsi üzrə MBA proqramında təhsil alan Sona Niftiyeva bildirib ki, süni intellekt alətlərindən əsasən akademik araşdırmalar zamanı istifadə edir.
Onun sözlərinə görə, mövzularla bağlı ilkin məlumatların toplanması, mürəkkəb anlayışların daha sadə formada izah edilməsi, müxtəlif risk ssenarilərinin təhlili, nümunələrin hazırlanması, təqdimat və layihələr üçün ideyaların formalaşdırılması baxımından süni intellekt onun üçün faydalı köməkçi vasitədir:
“Xüsusilə risklərin qiymətləndirilməsi, mümkün ssenarilərin müqayisəsi və alternativ yanaşmaların müəyyənləşdirilməsində vaxt baxımından üstünlük yaradır.
Süni intellektin hazırladığı mətn və materialları isə olduğu kimi götürüb istifadə etmirəm. Onları ilk növbədə özüm təhlil edir, məlumatların məntiqi və faktiki baxımdan düzgünlüyünü yoxlayır, daha sonra mövzuya və tapşırığın tələblərinə uyğun şəkildə redaktə edirəm. Hesab edirəm ki, magistratura səviyyəsində süni intellektdən istifadənin əsas məqsədi hazır cavab əldə etmək deyil, mövzunu daha dərindən anlamaq, fərqli yanaşmaları görmək və öz analitik düşüncəni inkişaf etdirmək olmalıdır”.
Qərbi Kaspi Universitetinin Filologiya fakültəsinin III kurs tələbəsi Nəzrin Quluzadə süni intellektdən əsasən dərs materiallarını daha rahat başa düşmək üçün istifadə etdiyini deyib:
“Uzun mövzuları qısaltmaq, əsas hissələri müəyyənləşdirmək və çətin mövzularla bağlı əlavə izah almaq mənə çox kömək edir. Xüsusilə imtahanlara hazırlaşarkən mövzuları təkrarlamaq və bilmədiyim hissələri aydınlaşdırmaq üçün istifadə edirəm.
Materiallarla işləyərkən əvvəlcə təqdim olunan məlumatı oxuyur və mövzunu anlamağa çalışıram. Daha sonra mənə lazım olan hissələri seçib tapşırığın tələbinə uyğun formada yazıram. Bəzi məlumatları öz sözlərimlə ifadə edir, lazım gəldikdə əlavə məlumatlar da daxil edirəm”.
Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq biznes” ixtisası üzrə magistratura təhsili alan Salur Zeynallı bildirib ki, süni intellekt alətlərindən əsasən dərslərlə bağlı məlumatları daha yaxşı başa düşmək, mövzuları araşdırmaq və əlavə izahlar almaq üçün istifadə edir:
“Xüsusilə mürəkkəb mövzuların sadə dillə izah olunmasında və müxtəlif mənbələrdən gələn məlumatların ümumiləşdirilməsində faydalı olduğunu düşünürəm. Bəzən təqdimat və tapşırıqlar hazırlayarkən ideyaların formalaşdırılması və strukturun qurulması üçün də süni intellektdən yararlanıram.
Amma onun hazırladığı materialları adətən olduğu kimi götürüb istifadə etmirəm. Məlumatı əvvəlcə oxuyur, düzgünlüyünü və mövzuya uyğunluğunu qiymətləndirir, sonra öz fikirlərimə və tapşırığın tələbinə uyğun şəkildə redaktə edirəm. Mənim üçün süni intellekt hazır cavab verən vasitədən daha çox, mövzunu öyrənməyə və fikirlərimi formalaşdırmağa kömək edən bir alətdir. Hesab edirəm ki, əsas məqsəd işi tamamilə süni intellektə həvalə etmək yox, ondan düzgün istifadə edərək öz bilik və bacarıqlarını inkişaf etdirməkdir”.
Azərbaycan Dillər Universitetində “İngilis dili müəllimliyi” ixtisasının IV kursunda təhsil alan Fatiməxanım Bağırova süni intellektdən əsasən dərslərlə bağlı məlumat əldə etmək, anlamaqda çətinlik çəkdiyi mövzuları daha sadə şəkildə izah etdirmək və əlavə nümunələr tapmaq üçün istifadə etdiyini deyib:
“Bundan başqa, təqdimat hazırlayanda mövzu ilə bağlı əsas məlumatları toplamaq, plan qurmaq və fikirlərimi daha düzgün formalaşdırmaq üçün də süni intellektdən istifadə edirəm. Tərcümə, sözlərin mənasını öyrənmək və ingilis dili ilə bağlı tapşırıqlarda da mənə kömək edir. Mənim üçün əsas üstünlüyü odur ki, lazım olan məlumatı daha tez əldə edirəm və başa düşmədiyim hissələri yenidən izah etdirə bilirəm.
Süni intellektin hazırladığı mətn və materialları adətən olduğu kimi götürüb tapşırıq və ya təqdimatımda istifadə etmirəm. Əvvəlcə verilən məlumatı oxuyur və mövzunun mənə uyğun olub-olmadığına baxıram. Sonra lazım olan hissələri seçir, bəzi cümlələri dəyişir, əlavə məlumatlar daxil edir və öz fikirlərimi də əlavə etməyə çalışıram. Xüsusilə təqdimat hazırlayanda hazır mətni birbaşa köçürməkdənsə, onu daha qısa və başadüşülən formada özüm yenidən işləyirəm. Çünki düşünürəm ki, tələbə mövzunu özü də anlamalıdır, sadəcə süni intellektin verdiyi cavabı köçürmək düzgün yanaşma deyil”.
Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq biznes” ixtisası üzrə magistratura təhsili alan Zeynəb İsmayılova süni intellektdən davamlı istifadə etdiyini bildirib:
“Öyrənməyə həvəsli və yeniliklərdən dərhal xəbərdar olmaq istəyən biri kimi süni intellektdən daim istifadə edirəm. Günümüzün tələblərinə uyğun olaraq süni intellekti təhsillə də inteqrasiya edirik. Mənim təhsil həyatımda süni intellektin rolu danılmazdır.
Axtarılan məlumatların saniyələr ərzində tapılması, lazım olan ədəbiyyat siyahısının təqdim olunması işimi xeyli asanlaşdırır. Lazımi məlumatların tapılması bəzən çox vaxt aparır, süni intellekt isə həmin məlumatları daha qısa zamanda əlçatan edir.
Süni intellektdən aktiv istifadə edən biri kimi deyə bilərəm ki, yalnız onun təqdim etdiyi məlumatlarla kifayətlənmək olmaz. İnsan faktoru ilə süni intellektin birlikdə istifadəsi daha uyğun nəticə verə bilər”.
Azərbaycan Dövlət İqtisad Universitetində “Mühasibat uçotu” ixtisası üzrə təhsil alan İsa Süleymanov süni intellekt alətlərindən əsasən “təhsil köməkçisi” və “fikir tərəfdaşı” kimi istifadə etdiyini bildirib.
Onun sözlərinə görə, məqalə, esse və ya təqdimat hazırlayarkən mövzuya müxtəlif bucaqlardan yanaşmaq, ilkin plan və struktur qurmaq üçün süni intellektdən yararlanır:
“Mürəkkəb mövzuların sadələşdirilməsi də əsas istifadə istiqamətlərindən biridir. Akademik ədəbiyyatlarda olan çətin anlayışları, mürəkkəb düstur və ya nəzəriyyələri daha sadə, addım-addım izahlarla mənimsəmək üçün istifadə edirik. Eyni zamanda hazırladığımız akademik yazılarda qrammatik və üslubi xətaları düzəltmək, xarici dildə olan akademik resursları daha sürətli təhlil etmək və tərcümə dəstəyi almaq baxımından da faydalıdır. Qeydləri və məlumatları cədvəl, siyahı və ya slayd strukturu formasına salmaq üçün də istifadə edirik”.
İ.Süleymanov qeyd edib ki, süni intellekt bəzən köhnəlmiş və ya yanlış məlumat təqdim edə bildiyi üçün faktları, statistik göstəriciləri və mənbələri akademik resurslarla yoxlayır:
“Onun verdiyi mətni yalnız ilkin layihə kimi qəbul edir, öz sözlərimizlə yenidən yazır, şəxsi mühakimə və təhlillərimizi əlavə edirik. Zənnimcə, süni intellektin hazırladığı mətni olduğu kimi köçürmək həm təhsil keyfiyyətinə, həm də akademik etikaya ziddir. Buna görə də süni intellekt alətlərindən hazır cavab mənbəyi kimi deyil, öyrənmə və tədqiqat prosesini sürətləndirən yardımçı vasitə kimi istifadə edirik”.
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbəsi Yusif İsmayılov süni intellektdən əsasən dərsləri ilə bağlı istifadə etdiyini bildirib:
“Tarix fakültəsində oxuduğum üçün tarixi hadisələr, şəxsiyyətlər, müxtəlif dövlətlər və tarixi proseslər haqqında məlumat toplamaq, mövzuları daha yaxşı başa düşmək üçün mənə çox kömək edir. Bəzən dərsdə keçdiyimiz mövzularla bağlı əlavə suallar verir, bilmədiyim məqamları araşdırıram.
Bundan başqa, gündəlik həyatda marağımı çəkən, cavabını bilmədiyim sualları da süni intellektə verirəm. Ümumiyyətlə, yeni məlumatlar öyrənmək və maraqlandığım mövzular haqqında daha ətraflı məlumat əldə etmək üçün istifadə edirəm.
Süni intellektin hazırladığı mətn və materialları isə əvvəlcə oxuyur, məlumatları nəzərdən keçirir, sonra özüm üzərində yenidən işləyirəm. Xüsusilə tarixlə bağlı mövzularda məlumatları başa düşmək və mümkün olduqda başqa mənbələrlə dəqiqləşdirmək vacibdir. Süni intellekt mənim üçün daha çox məlumat əldə etməyə və dərslərimi daha yaxşı mənimsəməyə kömək edən bir vasitədir”.
Azərbaycan Universitetində “İngilis dili üzrə tərcüməçi” ixtisasında təhsil alan Arzu Umalatova süni intellektdən daha çox vaxt qazanmaq və dərslər zamanı işini asanlaşdırmaq üçün istifadə etdiyini deyib:
“Xüsusilə mövzu haqqında ilkin məlumat toplamaq, uzun və çətin məlumatları daha sadə formada başa düşmək, müxtəlif ideyalar əldə etmək və təqdimat üçün material hazırlamaq baxımından faydalı olur. Bəzən yazdığım mətnlərdə səhvləri yoxlamaq və cümlələri daha düzgün qurmaq üçün də istifadə edirəm. Amma çalışıram ki, süni intellekt mənim üçün hazır cavab verən vasitə yox, daha çox yardımçı vasitə olsun.
Süni intelekt alətləri vasitəsilə hazırlanan materiallara gəlincə isə, onu deyə bilərəm ki, bəzi məlumatlar çox ümumi və ya mənim yazı üslubuma uyğun olmaya bilər. Ona görə ilk olaraq mənə təqdim olunan cavabı oxuyur, əsas fikirləri götürür, sonra öz bildiklərimlə müqayisə edir və lazım olan dəyişiklikləri edirəm. Təqdimatlarda da əsasən məlumatı özüm qısaldır və daha rahat başa düşəcəyim formada yazıram. Məncə, süni intellektdən istifadə etmək faydalıdır, amma tapşırığın bütün hissəsini ona həvalə etməkdənsə, ondan düzgün istiqamətdə istifadə etmək daha yaxşıdır”.




