AzTU-nun üç layihəsi beynəlxalq proqramın qalibi olub

27 Noyabr, 2026 - 15:41
AzTU-nun üç layihəsi beynəlxalq proqramın qalibi olub

Azərbaycan Texniki Universitetinin (AzTU) üç layihəsi Türkiyənin Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ) tərəfindən 2026-cı ildə həyata keçirilən “TUSAŞ LIFT UP” beynəlxalq proqramının qalibi olub.

"Azərbaycan müəllimi" xəbər verir ki, AzTU-nun Maşınqayırma texnologiyası kafedrasının müdiri professor Nizami Yusubovun rəhbərlik etdiyi “ALAZ”, Maşınqayırma və metallurgiya fakültəsinin dekanı dosent Malik Qarayevin rəhbərlik etdiyi “ENGINE-X” və Maşınqayırma texnologiyası kafedrasının dosenti Sarvan Əzizin rəhbərlik etdiyi “TENGİZ” komandalarının layihələri proqrama qəbul edilib.

Layihələrin ümumi koordinasiyası hazırda AzTU-nun Yüksək Təhsil İnstitutunun direktoru Aynurə İsmayılova tərəfindən 2023-cü ildən həyata keçirilib.

Proqrama qəbul edilən layihələr maşınqayırma, materialların emalı, konstruksiya elementlərinin möhkəmliyi, dayanıqlı istehsal proseslərinin optimallaşdırılması, resurslardan səmərəli istifadə və müasir mühəndislik texnologiyaları istiqamətlərini əhatə edir. Elmi-tədqiqat və innovasiya yönümlü layihələrin icrasına kafedranın professor-müəllim heyətinin rəhbərliyi altında AzTU-nun Maşınqayırma və metallurgiya fakültəsinin maşın mühəndisliyi və cihaz mühəndisliyi ixtisasları üzrə təhsil alan IV kurs tələbələri cəlb olunub.

Eyni zamanda, layihələr tələbələrin bakalavriat səviyyəsi üzrə buraxılış işləri kimi hazırlanır. Bu yanaşma tələbələrə buraxılış işlərini yalnız nəzəri araşdırmalarla məhdudlaşdırmayaraq, dayanıqlı sənayeləşməyə töhfə verən və tullantıların azaldılmasına xidmət edən praktiki mühəndislik layihələri formasında həyata keçirmək imkanı yaradır.

Qeyd edək ki, “TUSAŞ LIFT UP” beynəlxalq proqramı tələbələrə real sənaye problemləri əsasında elmi-tədqiqat və buraxılış layihələri həyata keçirmək, ekoloji cəhətdən təmiz texnologiyaları və müasir mühəndislik yanaşmalarını mənimsəmək, eləcə də beynəlxalq sənaye əməkdaşlığı çərçivəsində təcrübə qazanmaq imkanı yaradır.

AzTU-nun üç layihəsi beynəlxalq proqramın qalibi olub
AzTU-nun üç layihəsi beynəlxalq proqramın qalibi olub
AzTU-nun üç layihəsi beynəlxalq proqramın qalibi olub