Elçin Zeynalov: İnnovasiya sahəsində fəallıq elmi fəaliyyəti inkişaf etdirir
“Gənclərin kənd təsərrüfatında innovativ ideyalar irəli sürməsi və həmin ideyaları biznesə çevirməsi aqrar sektorun inkişafı üçün mühüm əhəmiyyət daşıyır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri “V Yubiley Aqrar Startaplar və İnnovasiya Forumu”nun hesabat tədbirində kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov bildirib.
O, “SABAH.city” innovasiya məkanında gənclərin fəaliyyəti və startapların inkişafı üçün yaradılan imkanlardan danışıb:
“Ölkədə innovasiya ekosisteminin formalaşdırılması istiqamətində işlərə on ildən çoxdur başlanılıb. Bu müddətdə müvafiq dövlət qurumları və dəstək mexanizmləri yaradılıb. Bu gün “SABAH.city”də akselerasiya mərkəzlərinin, innovasiya mühitinin və burada çalışan gənclərin fəaliyyətinin şahidi oluruq. İdeya, mühit və maliyyə birləşdikdə biznes yaranır. Bu məkanda formalaşan biznes ideyaları gələcəkdə ölkə iqtisadiyyatının inkişafına xidmət edə bilər. Düşünürəm ki, Azərbaycanın gələcəyi məhz belə məkanlarda, yeni ideyalar üzərində çalışan gənclərin iştirakı ilə formalaşır”.
E.Zeynalov qeyd edib ki, aqrar sektor innovativ həllərin nəticələrinin birbaşa müşahidə oluna bildiyi sahələrdəndir:
“Kənd təsərrüfatında innovasiyaların tətbiq sahələri kifayət qədər genişdir. İstər torpaqdan istifadə, istər bitkiçilik və əkinçilik, istərsə də heyvandarlıq sahəsində yeniliklərin tətbiqi məhsuldarlığa birbaşa təsir göstərir. Buna görə də gəncləri aqrar sektorda startaplar yaratmağa, innovativ ideyalarını biznesə çevirməyə çağırıram. Dövlət bu istiqamətdə geniş imkanlar yaradır. Aqrar sahədə müxtəlif subsidiya və dəstək mexanizmləri mövcuddur. Süni intellekt həllərinin tətbiqi də fermerlərin və sahibkarların fəaliyyətini asanlaşdırmağa, gördükləri işin keyfiyyətini artırmağa xidmət edir”.
Nazir müavini gənclərin innovasiya sahəsində fəallığının gələcəkdə həm elmi fəaliyyətin, həm də sahibkarlığın inkişafına töhfə verəcəyinə inandığını bildirib.




