Şagirdlərin rəqəmsal bacarıqları necə yoxlanacaq? – ARTİ açıqladı

27 Noyabr, 2026 - 09:26
Şagirdlərin rəqəmsal bacarıqları necə yoxlanacaq?

PISA 2029 beynəlxalq qiymətləndirməsində şagirdlərin media və süni intellekt savadlılığı beş əsas istiqamət üzrə yoxlanılacaq. Qiymətləndirmə müddətinin 50 faizi məlumatların təhlili və rəqəmsal məzmun yaratmaq bacarıqlarının müəyyənləşdirilməsinə ayrılacaq.

Bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Təhsil İnstitutundan (ARTİ) məlumat verilib.

İnstitutdan bildirilib ki, media və süni intellekt savadlılığının qiymətləndirilməsinə ehtiyac rəqəmsal texnologiyaların sürətli inkişafı və bununla bağlı yaranan risklərdən irəli gəlir:

“Rəqəmsal media və süni intellektin (Sİ) sürətli inkişafı təhsil mühitində yeni fürsətlərlə yanaşı, ciddi risklər də yaradır. Onlayn mühitdə yalan məlumatlar, saxta görüntülər (“deepfake”), süni intellektin həqiqətə uyğun olmayan məlumatlar yaratması (“hallüsinasiyalar”) və alqoritmik manipulyasiyalar sürətlə yayılır. Eyni zamanda, kiberbullinq, məxfiliyin pozulması və plagiatlıq kimi problemlər də artır. PISA 2029 çərçivəsində media və süni intellekt savadlılığının (Media and Artificial Intelligence Literacy – MAIL) birlikdə qiymətləndirilməsi bu risklərlə effektiv mübarizə aparmaq zərurətindən irəli gəlir. Bu istiqamətdə qiymətləndiriləcək bacarıqlar şagirdlərə məlumatları tənqidi dəyərləndirmək, şəxsi məlumatlarının məxfiliyini qorumaq və etik rəqəmsal vətəndaş kimi fəaliyyət göstərmək imkanı verir”.

Qeyd olunub ki, etik rəqəmsal vətəndaş dedikdə internetdən və rəqəmsal texnologiyalardan məsuliyyətli, təhlükəsiz və əxlaq normalarına uyğun şəkildə istifadə edən şəxs nəzərdə tutulur.

Şagirdlərin hansı bacarıqları yoxlanılacaq?

ARTİ-dən verilən məlumata görə, qiymətləndirmə şagirdlərin rəqəmsal bacarıqlarını beş əsas istiqamət üzrə əhatə edəcək.
Birinci istiqamət etik və məsuliyyətli davranışdır. Buraya məxfiliyin qorunması, süni intellektdən dürüst istifadə və başqalarının hüquqlarına hörmətlə yanaşmaq daxildir.

İkinci istiqamət informasiyanı əldə etmək və ondan istifadə bacarığıdır. Bu zaman şagirdlərin axtarış sistemlərindən düzgün məlumat seçməsi və süni intellektə dəqiq təlimatlar yazması qiymətləndiriləcək.

Üçüncü istiqamət təhlil və qiymətləndirmədir. Şagirdlər informasiya mənbələrinin etibarlılığını, müəllifin niyyətini, məlumatlarda mümkün qərəzliliyi, saxta görüntüləri və süni intellektin yol verdiyi xətaları müəyyənləşdirməyi bacarmalıdırlar.

Dördüncü istiqamət rəqəmsal iştirakçılıq və əməkdaşlıqdır. Bu, şagirdlərin onlayn mühitdə etik ünsiyyət qurmasını, fərqli fikirlərə hörmətlə yanaşmasını və rəqəmsal platformalarda başqaları ilə birgə layihələrdə iştirakını əhatə edir.

Beşinci istiqamət isə rəqəmsal məzmun yaratmaqdır. Burada media alətləri və süni intellekt vasitəsilə etik qaydalara uyğun orijinal mətn, vizual və multimedia məhsulları hazırlamaq bacarığı qiymətləndiriləcək.

İnstitutdan bildirilib ki, qiymətləndirmə müddətinin yarısı birbaşa təhlil, qiymətləndirmə və məzmun yaratmaq bacarıqlarına ayrılacaq:

“Qiymətləndirmə kompüterdə yaradılmış simulyativ rəqəmsal mühitdə keçiriləcək. Bu mühitə brauzer, sosial media, çatbot və elektron poçt daxildir. Qiymətləndirmə iki formatda aparılacaq. Anlıq qərarları ölçən qısa tapşırıqlarda şagirdlər reklam və ya süni intellekt tərəfindən hazırlanmış məzmunu müəyyənləşdirəcək, məxfilik parametrlərini tənzimləyəcəklər. Geniş ssenarilərdə isə real vəziyyətlər canlandırılacaq. Məsələn, şagird jurnalist rolunda xəbərin doğruluğunu brauzerdə müxtəlif mənbələri müqayisə edərək çarpaz oxu (“lateral reading”) üsulu ilə yoxlayacaq”.

Bundan əlavə, paralel keçirilən sorğular vasitəsilə şagirdlərin rəqəmsal vərdişləri və bu sahədə təlim imkanları da öyrəniləcək.

Media və süni intellekt savadlılığı məktəblərdə necə formalaşdırılmalıdır?

ARTİ-dən bildirilib ki, şagirdlər gündəlik həyatda rəqəmsal cihazlardan və süni intellekt alətlərindən istifadə etməklə müəyyən praktiki vərdişləri müstəqil şəkildə qazansalar da, bu, onların media və süni intellekt savadlılığına tam yiyələnməsi üçün kifayət deyil:

“Şagirdlər rəqəmsal cihazlar və süni intellekt alətlərindən gündəlik istifadə edərək müəyyən praktiki vərdişləri müstəqil şəkildə qazanırlar. Lakin bu sərbəst təcrübə alqoritmlərin iş prinsipini, müəllif niyyətini və gizli qərəzləri dərk etmək üçün yetərli deyil. Tənqidi düşüncə, etik dəyərləndirmə və məsuliyyətli vətəndaşlıq kimi mürəkkəb bacarıqlar məktəb mühitində sistemli təlim vasitəsilə formalaşır. Bu savadlılıq ayrıca fənn kimi deyil, fənlərarası inteqrasiya yolu ilə oxu, riyaziyyat, tarix, coğrafiya, incəsənət və informatika kimi fənlərin tərkibində öyrədilir. Beləliklə, məktəbdəki formal təlim şagirdlərin müstəqil təcrübəsini analitik biliklərlə tamamlayır”, - deyə məlumatda vurğulanıb.