Gənclərə dronlar və süni intellekt barədə biliklər veriləcək

27 Noyabr, 2026 - 09:42
Gənclərə dronlar və süni intellekt barədə biliklər veriləcək

Gənclər yalnız ənənəvi hərbi biliklərə deyil, müasir texnologiyalar sahəsində də məlumatlandırılacaq.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun qərarı ilə təsdiqlənən “Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə”də əksini tapıb.

Belə ki, onlar pilotsuz uçuş aparatları, müasir silahlar, elektron mühafizə sistemləri, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyinin təmin edilməsi metodları barədə nəzəri biliklərə yiyələnəcəklər.

Bundan başqa, gənclərə mülki müdafiənin təşkili, təbii və texnogen xarakterli fövqəladə hallar zamanı davranış və mühafizə üsulları, ilkin tibbi yardımın göstərilməsi, sağlamlığın və təhlükəsizliyin qorunması, psixoloji dayanıqlılığın gücləndirilməsi və sanitariya-gigiyena qaydaları öyrədiləcək.