Universitetlər aqrar sahədə süni intellekt layihələrinə cəlb olunur
“Azərbaycanda universitetlərin və aqrar sahədə ixtisaslaşmış özəl şirkətlərin iştirakı ilə kənd təsərrüfatında süni intellekt həllərinin hazırlanması və tətbiqi istiqamətində layihələr həyata keçirilir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri “V Yubiley Aqrar Startaplar və İnnovasiya Forumu”nun hesabat tədbirində Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib.
Onun sözlərinə görə, 2025-ci ildən aqrar innovasiyaların inkişafında yeni mərhələyə başlanılıb:
“Əsas diqqəti aqrar sahədə süni intellekt həllərinin tətbiqinə yönəltdik. Bu məqsədlə bir sıra universitetlərin rəhbərliyi ilə görüşlər keçirdik”.
A.Cəfərov qeyd edib ki, layihələrin həyata keçirilməsində universitetlərin ixtisaslaşma istiqamətləri və mövcud imkanları nəzərə alınır:
“Məqsədimiz universitetləri bir-biri ilə yarışdırmaq deyil, hər birinin ixtisaslaşmasını və maddi-texniki imkanlarını nəzərə alaraq aqrar sahəyə verə biləcəyi töhfəni müəyyənləşdirmək idi. Prosesə aqrar sahədə ixtisaslaşmış özəl şirkətləri də cəlb etdik. Universitetlər və şirkətlərlə birgə təlim düşərgələri təşkil etməyə başladıq”.




