Həmişə birinci yer tutacağımı fikirləşirdim – Olimpiada qalibi Elçin Muradov

22 İyun, 2026 - 16:17
Həmişə birinci yer tutacağımı fikirləşirdim – Olimpiada qalibi Elçin Muradov

Məktəblilərin Respublika İdman Olimpiadasında ağırlıqqaldırma növü üzrə yarışlarda 44 kiloqrama qədər olan yeniyetmələrin mübarizəsində Qazax rayonunun Ağköynək kəndindən olan məktəbli Elçin Muradov qalib olub. O, 110 kiloqram (49 kq + 61 kq) nəticə göstərərək qızıl medala layiq görülüb.

“Azərbaycan müəllimi” Elçin Muradovla həmsöhbət olub. 

Qazax rayonu Şamoy Çobanov adına Ağköynək kənd tam orta ümumtəhsil məktəbinin şagirdi olan Elçin Muradov artıq üç il yarımdır ki, ağırlıqqaldırma ilə məşğul olur. O, məşqlərini Qazax Olimpiya İdman Kompleksində edib. 

“13 yaşım var. Bu idman növünü çox sevirəm”, – deyə o, özünü təqdim edir.

Elçinin sözlərinə görə, ağırlıqqaldırmaya marağı müəlliminin təşviqi ilə yaranıb: “Məşqçim Rafael İbrahimov məni bu idman növünə cəlb etdi”.

Elçin artıq ilk böyük uğurlarını qazanmağa başlayıb. Respublika Olimpiadasında qızıl medal əldə etdiyi anı belə xatırlayır: “Birinci yerə çıxanda fikirləşdim ki, gələcəkdə daha yaxşı yerlərə çıxacağam”.

Qələbəyə gedən yolda onu ruhlandıran əsas fikri yadına salır: “Həmişə birinci yer tutacağım barədə fikirləşirdim”.

Gənc idmançı yarışın ən çətin tərəfini belə izah edir: “Ən çətin məqam rəqiblərə qalib gəlmək idi”.

Elçin məktəb həyatı ilə idmanı birlikdə davam etdirməyin müəyyən çətinliklər yaratdığını da etiraf edir: “Bəli, çətin olur. Məktəb dərslərimi orta oxuyuram”.

Ağırlıqqaldırmada ən çox sevdiyi hərəkət isə təkanla qaldırmadır: “Ən çox təkanla qaldırmanı sevirəm”.

Onun üçün indiyədək ən yaddaqalan uğur məhz Respublika İdman Olimpiadasında qazandığı qızıl medal olub. Elçin artıq gələcək hədəflərini də müəyyənləşdirib: “Hədəfim Avropaya gedib birinci yer tutmaqdır”.