Müasir şagird əzbərləmə ilə kifayətlənmir - Gənc müəllim təcrübəsindən danışır 

20 Fevral, 2026 - 12:12
Müasir şagird əzbərləmə ilə kifayətlənmir

Təhsildə yenilənmə yalnız proqram və texnologiya ilə deyil, sinfə yeni düşüncə ilə daxil olan gənc müəllimlərlə başlayır. Onlar müasir şagirdin dilini anlayan, texnologiyanı tədrisə inteqrasiya edən və dərsi əməkdaşlıq mühitinə çevirən nəsildir. Gənc müəllimlər üçün məktəb sadəcə iş yeri deyil, ideyaların gerçəkləşdiyi, gələcəyin formalaşdığı məkandır.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində dərs deyən gənc müəllimlərdən biri də Gülnar Kərimlidir. O,  təcrübəsini “Azərbaycan müəllimi” ilə bölüşüb.

“Müəllimlik yalnız dərs demək deyil, həm də istiqamət verməkdir”

Gülnar Kərimli müəllimlərin işə qəbulu imtahanında 85% nəticə göstərərək Ağstafa Rayon Qarayazi qəsəbə tam orta məktəbində riyaziyyat fənni üzrə müəllimlik fəaliyyətinə başlayıb və qısa zamanda özünəməxsus tədris üslubu ilə seçilib: “Məsələlərin həlli məndə həm düşünmə zövqü, həm də səbir formalaşdırıb. Zaman keçdikcə anladım ki, riyaziyyat sadəcə fənn deyil, düşünmə tərzidir”.
Müəllimlik fəaliyyətinə başladığı ilk gün Gülnar müəllim üçün unudulmaz olub. Sinfə daxil olarkən həm sevinc, həm məsuliyyət, həm də həyəcan hiss edib: “Artıq qarşımda sadəcə şagirdlər yox, gələcəyin formalaşmasına təsir edə biləcəyim kiçik fərdlər var idi. O gün anladım ki, müəllimlik yalnız dərs demək deyil, həm də istiqamət verməkdir”.
Hazırda Ağstafa rayonu Siracəddin Məmmədov adına Poylu kənd tam orta ümumtəhsil məktəbində fəaliyyətini davam etdirən Gülnar müəllim dərslərini yalnız qayda və düsturlar üzərində qurmur. Onun əsas prinsipi riyaziyyatı həyatla əlaqələndirməkdir. Mövzuları gündəlik nümunələrlə izah edir ki, şagirdlər riyaziyyatın real həyatda necə işlədiyini görə bilsinlər: “Şagird başa düşməlidir ki, riyaziyyat yalnız kitab səhifələrində deyil, ətrafımızdadır”.

Onun fikrincə, riyaziyyat şagirdə təkcə hesablama öyrətmir. Bu fənn məntiqi və ardıcıl düşünməyi, problemi analiz etməyi, səbirli olmağı formalaşdırır: “Riyaziyyat şagirdə addım-addım düşünməyi və ən uyğun yolu seçməyi öyrədir. Bu bacarıq isə həyatın hər sahəsində lazımdır”.

Texnologiya və sosial şəbəkələr şagirdlərin diqqət toplamasına da  təsir edib. Ənənəvi izah üsulları artıq onlara kifayət etmir. Gülnar müəllim hesab edir ki, müasir müəllim dərsi daha interaktiv və maraqlı qurmalıdır: “Müasir müəllim yalnız bilik verən deyil, öyrənmə prosesini idarə edən və istiqamətləndirən şəxs olmalıdır”.

“Müasir şagird isə əvvəlki nəsillə müqayisədə daha sürətli məlumat qəbul edir və texnologiya ilə iç-içə böyüyür. İnformasiya ona hazır şəkildə çatdığı üçün daha çox “niyə” sualı verir və sadəcə əzbərləmə ilə kifayətlənmir, məntiqi izah gözləyir”, -deyir gənc müəllim. 

Tədris prosesində qarşılaşdığı əsas çətinliklərdən biri şagirdlərin riyaziyyata “çətin fənn” kimi yanaşması olub. Bəzi şagirdlər mövzuya başlamazdan əvvəl uğursuz olacaqlarını düşünürlər.“Ən çətini şagirdə özünə inanmağı öyrətməkdir. O inam yarandıqdan sonra nəticə də gəlir”.

Digər problem isə sinifdə səviyyə fərqlərinin böyük olmasıdır. Gülnar müəllim dərsi elə qurmağa çalışır ki, nə güclü şagird darıxsın, nə də zəif şagird geridə qalsın.

Gülnar müəllimə görə, təhsilverən yalnız dərs izah edən şəxs deyil. O, həm mentor, həm də psixoloji dəstəkdir: “Şagird əvvəlcə müəllimə inanır, sonra fənni öyrənir. Mentor kimi müəllim şagirdi hazır cavaba deyil, cavabı tapmağa yönləndirir. Psixoloji dəstək kimi isə onun özünə inamını formalaşdırır. Səhv etdikdə danlamaq yox, səhvdən nəticə çıxarmağa kömək etmək əsasdır”.