Tovuzda bağçada uşaqların menyusu ilə bağlı narazılıq – Araşdırmalar başlayıb
Tovuz rayonu Abulbəyli kənd 2 nömrəli körpələr evi-uşaq bağçasında uşaqların menyuda nəzərdə tutulmayan formada qidalandırıldığı iddia edilir.
“Azərbaycan müəllimi” qəzetinə valideynlərdən daxil olan müraciətdə bildirilir ki, bağçada uşaqlara axşam yeməyi olaraq yalnız ayran və çörək verilir.
Valideynlərin sözlərinə görə, onlara təqdim olunan sənəddə və bağçada asılan lövhədə “qış menyusu” qeyd edilib.
Şikayətdə həmçinin bağçaya iki aydır ki, unun verilmədiyi, uşaqlara nəzarətin zəif olduğu iddia edilir.
Məsələ ilə bağlı Tovuz-Qazax Regional Təhsil İdarəsi “Azərbaycan müəllimi”nə bildirilib ki, artıq körpələr evi-uşaq bağçasında araşdırmalara başlanılıb və nəticələr araşdırma tamamlandıqdan sonra ictimaiyyətə açıqlanacaq.



