Elmi praktik yollarla öyrədir: Şəmkir müəllimi ilə SÖHBƏT

22 İyun, 2026 - 11:33
Elmi praktik yollarla öyrədir: Şəmkir müəllimi ilə SÖHBƏT

Təhsildə qazandığı uğurlar, yetişdirdiyi nümunəvi şagirdlər və müəllimlik peşəsinə sadiqliyi ilə seçilən fizika müəllimi Elnur Xuduyev uzun illərdir ki, gənc nəslin elmə marağının formalaşmasına töhfə verir. 

“Azərbaycan müəllimi” Şəmkir şəhəri Əhməd Cavad adına tam orta ümumtəhsil məktəbin fizika müəllimi, “Tərəqqi” medalı ilə təltif olunan, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi Elnur Xuduyevlə həmsöhbət olub. 

Uzun illər ərzində onun yetirmələri arasında fənn olimpiadasının gümüş medalçısı, məktəbi qızıl döş nişanı ilə bitirən və Prezident təqaüdünə layiq görülən şagirdlər olub. Elnur müəllim diaqnostik qiymətləndirmədə 56, sertifikasiya imtahanında isə 58 bal toplayıb. 

Sertifikasiya imtahanında yüksək nəticə əldə etməsinin arxasında uzun illərin zəhməti dayandığını vurğulayan müəllim bildirir:

“Əslində, bu nəticə təkcə imtahana bir neçə gün hazırlıqdan deyil, məhz mənim gündəlik, ardıcıl və sistemli dərs hazırlığımdan qaynaqlanır. Fizika ixtisasım üzrə dərin biliklərimi hər gün təcrübə etməklə, hər mövzunu incələməklə formalaşdırdım. Bu, məni ixtisasımda daha yüksək qiymətləndirməyə, özümə güvənimi və bilik səviyyəmi artırmağa kömək etdi”.

“Fizika fənni şagirdlərə dünyanı anlamaq üçün bir çərçivə verir”

Müəllimlik fəaliyyətinin ilk günlərini xatırlayan Elnur müəllim həmin anların onun üçün xüsusi əhəmiyyət daşıdığını deyir:

“İlk dərs günümdə, həqiqətən də bir az həyəcanlı idim, çünki məhz öz oxuduğum məktəbdə, məni bu yolda formalaşdıran müəllimlərlə birlikdə çalışırdım. Bu, mənə həm böyük məsuliyyət hissi verdi, həm də onların dəstəyi sayəsində o həyəcanı daha tez aradan qaldırdım”.

Elnur müəllim hesab edir ki, fizika yalnız bir fənn deyil, həm də dünyanı dərk etməyin vasitəsidir:

“Fizika fənni şagirdlərə dünyanı anlamaq üçün bir çərçivə verir. Məsələn, təbiətin qanunları, enerji, qüvvə və materiya arasındakı əlaqələr onların tənqidi düşünməsini, səbəb-nəticə əlaqələrini görməsini təmin edir. Bu da onlara yalnız faktları öyrənmək deyil, həm də geniş dünya baxışı, texnologiyalara və elmə inam formalaşdırır”.

Onun fikrincə, uğurlu müəllimin əsas xüsusiyyətləri daim yenilənmək və şagird yönümlü yanaşma sərgiləməkdir:

“Müasir müəllim həm dərs texnologiyalarından səmərəli istifadə etməlidir, həm də şagirdlərin fərdi ehtiyaclarını anlamaq, onlara dəstək olmaq və onlarla səmimi, açıq ünsiyyət qurmaq qabiliyyətinə malik olmalıdır. Müasir şagird isə tənqidi düşüncə, öyrənməyə maraq, problem həlletmə qabiliyyəti və müxtəlif perspektivləri anlamaq kimi keyfiyyətlərlə böyüməlidir. Bu qarşılıqlı inkişaf, həm müəllimin, həm də şagirdin daha geniş dünyagörüşü qazanmasına şərait yaradır”.


“Şagirdlər arasında diqqətsizlik, motivasiya çatışmazlığı və bir az da məsuliyyətsizlik halları olur”

Müəllim-şagird münasibətlərində etimadın xüsusi yer tutduğunu bildirən Elnur müəllim əlavə edir: “Müəllimlə şagird arasında etimad, zamanla və hərtərəfli ünsiyyətlə formalaşır. Məsələn, müəllimin şagirdləri dinləməsi, onlara hörmətlə yanaşması, uğurlarını və çətinliklərini dəstəkləməsi etimadın əsasını qoyur. Həmçinin, ardıcıl, ədalətli davranış və açıq ünsiyyət mühiti, şagirdlərin özünü təhlükəsiz hiss etməsinə və daha çox güvən qazanmasına səbəb olur”.

Təhsil sahəsində qarşıya çıxan çətinliklərə də toxunan müəllim hesab edir ki, müasir dövr yeni yanaşmalar tələb edir:

“Hazırda müəllimlərin ən böyük çətinliklərindən biri texnologiyalara uyğunlaşmaqdır, çünki həm biz, həm də şagirdlər sürətlə dəyişən alət və metodlara uyğunlaşmağa məcburuq. Bundan əlavə, bəzi şagirdlər arasında diqqətsizlik, motivasiya çatışmazlığı və bir az da məsuliyyətsizlik halları olur. Yəni, biz bu gənclərin enerjisini düzgün istiqamətləndirərək, onlara daha çox məsuliyyət və maraq hissini aşılamalıyıq”.

Gələcək planlarından danışan Elnur müəllim əsas hədəfinin müasir laboratoriya imkanlarından istifadə etməklə şagirdlərə elmi praktik yollarla öyrətmək olduğunu bildirir:

“Mənim ən böyük peşəkar hədəfim, müasir fizika laboratoriyasından istifadə edərək, şagirdlərə elmi praktika və təcrübə ilə öyrətməkdir. Beləliklə, onlar nəzəriyyəni real vəziyyətlərdə sınaqdan keçirə biləcək, suallarına cavab tapacaq, və elmin necə işlədiyini özləri hiss edərək, daha dərin maraq və anlayış qazana biləcəklər”.