Tovuzda bağçada uşağa qarşı yolverilməz davranışla bağlı AÇIQLAMA
Qazax–Tovuz Regional Təhsil İdarəsi sosial şəbəkələrdə yayılan Tovuz rayonu Qovlar şəhəri 2 nömrəli körpələr evi–uşaq bağçasında uşağa qarşı yolverilməz davranışı əks etdirən video ilə bağlı araşdırma aparıb.
İdarədən “Azərbaycan müəllimi”nə bildirilib ki, araşdırma nəticəsində görüntülərdəki hadisənin təxminən iki il əvvəl baş verdiyi müəyyən olunub. Təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq, videoda yer alan sanitar-dayə 30 oktyabr 2025-ci il tarixində müvafiq əmrlə işdən azad edilib.
Qazax–Tovuz Regional Təhsil İdarəsinin məlumatında qeyd olunur ki, məktəbəqədər təhsil müəssisələrində uşaqların fiziki və psixoloji təhlükəsizliyi prioritet istiqamətlərdəndir.
“Uşaqlara qarşı uyğunsuz davranışlar qəbuledilməzdir və belə hallara qarşı barışmaz mövqedəyik. Məktəbəqədər təhsil müəssisələrində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır və bu istiqamətdə zəruri maarifləndirmə işləri aparılır”, – deyə idarədən bildirilib.


