Ağstafada şagird sinif yoldaşına xəsarət yetirib – Araşdırma aparılır
Aprelin 21-də Ağstafa şəhər Səadət Şükürova adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi eyni məktəbdə oxuyan VIII sinif şagirdinə aralarında yaranmış mübahisə zamanı yüngül xəsarət yetirib.
Məktəbdən "Azərbaycan müəllimi"nə bildirilib ki, xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib və müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb:
"Onun səhhəti məktəb rəhbərliyi tərəfindən nəzarətdə saxlanılır. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Şagirdlərin yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik", – deyə açıqlamada qeyd olunub.
TƏBİB-dən isə sorğumuza cavab olaraq bildirilib ki, 2012-ci il təvəllüdlü oğlan Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Pasiyentə sol budun deşilmiş yarası diaqnozu təyin edilib. İlkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.



