Yeni təmayül tədris modeli: Region şagirdləri bu imkan barədə nə düşünürlər?  

14 Avqust, 2026 - 16:32
Yeni təmayül tədris modeli: Region şagirdləri bu imkan barədə nə düşünürlər?  

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində ötən tədris ilindən tətbiqinə başlanılan tam orta təhsil səviyyəsində yeni təmayül tədris modelinin əhatə dairəsi genişləndirilir. Yeni tədris ilindən Gəncə şəhərinin daha üç - 9, M.Ə.Sabir adına 5 və 8 nömrəli tam orta məktəbləri əlavə olunmaqla Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyindəki ümumilikdə 5 orta ümumtəhsil müəssisəsində yeni təmayül tədris modeli tətbiq ediləcək. Təmayül siniflərdə təhsil almaq üçün 1100 şagird qeydiyyatdan keçib. Hazırda 160 şagirdin qəbulu həyata keçirilib. Qəbul prosesi davam edir və təmayül siniflərdə dərslərin sentyabrın 1-dən başlanması nəzərdə tutulur.

Yeni modelin əsas məqsədi şagirdlərin maraq və bacarıqlarına uyğun istiqamət üzrə təhsil almasına, gələcək ixtisas seçimlərinə daha məqsədyönlü hazırlaşmasına imkan yaratmaqdır. Xüsusilə regionlarda şagirdlərin seçdikləri ixtisas istiqaməti üzrə məktəbdaxili və ödənişsiz hazırlıq imkanlarından yararlanması modelin mühüm üstünlüklərindən biri kimi qiymətləndirilir.

Bu yenilikdən yararlanacaq şagirdlər arasında Gəncə şəhər Nizami Aydın adına 18 nömrəli tam orta məktəbin X sinif şagirdləri, bir ailənin üç övladı-əkiz bacılar Tamilla və Zeynəb Əliyevalar, həmçinin onların qardaşı Amin də var. 

“Azərbaycan müəllimi” yüksək nəticələri ilə seçilən təmayül siniflərdə təhsil almağa qərar verən şagirdlərlə həmsöhbət olub.

“Bizi ən çox həvəsləndirən məqamlardan biri hazırlıqların məktəbdə ödənişsiz olmasıdır”

IX sinif buraxılış imtahanında 259 bal toplayan Tamilla Əliyeva X sinifdə təhsilini təmayül sinifdə davam etdirəcək. O, yeni model barədə məlumatı məktəb rəhbərliyindən aldığını və seçimində əsas amillərdən birinin hazırlıqların məktəbdə ödənişsiz təşkil olunması olduğunu deyir: “Bizləri ən çox həvəsləndirən məqamlardan biri hazırlıqların məktəbdə ödənişsiz olmasıdır.Düşünürəm ki, seçəcəyimiz ixtisas istiqaməti üzrə dərslərin məktəbdə yüksək səviyyədə təşkili şagirdlər üçün böyük üstünlükdür”.

Gələcəkdə kibertəhlükəsizlik sahəsində təhsil almaq istəyən Tamilla üçün bu modelin əsas üstünlüyü seçəcəyi istiqamət üzrə zəruri fənlərə daha çox diqqət ayrılmasıdır. Onun əsas gözləntisi isə qəbul imtahanında yüksək nəticə göstərməkdir.

Zeynəb Əliyeva buraxılış imtahanında 275 bal toplayıb. O da təhsil almaq üçün təmayül sinfi seçməsində  məktəbdaxili və ödənişsiz hazırlıq imkanının mühüm rol oynadığını vurğulayır:“ Yeni təmayül tədris modeli seçdiyimiz qrup üzrə ödənişsiz şəkildə hazırlaşmaq imkanı yaradır. Bu da xüsusilə regionlarda təhsil alan şagirdlər üçün hazırlığın daha əlçatan olması deməkdir”, - deyə Zeynəb Əliyeva qeyd edib.

Hüquqşünas olmaq istəyən Zeynəb hesab edir ki, seçdiyi ixtisasa uyğun fənlərin daha məqsədyönlü tədrisi onun ali məktəblərərə qəbul imtahanlarında yüksək nəticə göstərməsinə kömək edə bilər.

Ailənin digər övladı Amin Əliyev isə buraxılış imtahanında 218 bal toplayıb. Kompüter elmləri üzrə təhsil almağı planlaşdıran Amin üçün təmayül siniflərin əsas üstünlüklərindən biri bütün hazırlıq prosesinin məktəb daxilində həyata keçirilməsidir: “Hesab edirəm ki, bu model regionlarda yaşayan şagirdlər üçün həm əlçatan, həm də rahat hazırlıq imkanı yaradır.Kompüter elmləri üzrə təhsil almaq istəyirəm. Seçdiyim ixtisasa uyğun fənlərin yüksək səviyyədə tədris olunması qarşıma qoyduğum məqsədə çatmağımda mənə kömək edəcək”.

“Düşünürəm ki, təmayül siniflərdə tədris  bir çox şagird üçün daha əlverişli olacaq”

Qeyd etdiyimi kimi yeni təmayül tədris modelinin  Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində daha üç məktəbdə tətbiq olunması həmin regionda  yaşayan şagirdlər üçün yeni imkanlar yaradıb. Belə şagirdlərdən biri Samux rayonunun Habil Məmmədov adına Qaraağaclı tam orta məktəbində təhsil almış Aynur Qafarlıdır.

Aynur IX sinif buraxılış imtahanında 278,8 bal toplayıb. O, Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəbin təmayül sinfində təhsil almaq hüququ qazanıb. Riyaziyyat və məntiqə xüsusi maraq göstərən şagird V sinifdən etibarən Respublika fənn olimpiadaları və Respublika fənn müsabiqələrində uğurla  iştirak edib.

Yeni təmayül tədris modeli barədə məlumatı Elm və Təhsil Nazirliyinin təşkil etdiyi görüş zamanı əldə edən Aynur seçim etməzdən əvvəl ailəsi ilə məsləhətləşib.O hesab edir ki, yeni model həm maddi, həm də fiziki baxımdan şagirdlərin yükünü azaltmağa imkan verir: “Düşünürəm ki, təmayül siniflərdə tədris  bir çox şagird üçün daha əlverişli olacaq.Əlavə hazırlıqlara ehtiyacın azalması həm maddi baxımdan, həm də vaxt və fiziki yorğunluq baxımından üstünlük yaradacaq”.

Aynurun fikrincə, belə siniflərdə təhsil almağın  əsas müsbət tərəflərindən biri şagirdin hazırlaşdığı istiqamət üzrə fənlərə daha çox diqqət ayrılmasıdır: “Şagird hansı qrup üzrə hazırlaşırsa, həmin istiqamətə uyğun fənlərin daha məqsədyönlü tədris olunması onun üçün daha faydalıdır”.

“Bu, həm də əlavə xərc çəkərək repetitor yanına getmək ehtiyacını azalda bilər”

Yeni təmayül tədris modeli tətbiq olunan siniflərə oxuyacaq Goranboy rayonundan olan yüksək nəticəli şagirdlər da var. Onlardan biri Nurcan Ələsgərlidir. Nurcan Kəlbəcər rayonunun 99 nömrəli tam orta məktəbinin IX sinfinin buraxılış imtahanında 257 bal toplayıb. IX sinfini  fərqlənmə attestatı ilə başa vurub.Yeni təmayül tədris modeli haqqında internet resurslarından və valideynindən məlumat alan şagird seçimində məktəbin təhsil imkanlarının və müəllim heyətinin mühüm rol oynadığını bildirir.

Onun fikrincə, təmayül siniflərin üstünlüklərindən biri ali məktəblərə qəbul imtahanlarında seçdiyi ixtisas üzrə əsas götürülən fənlərə daha çox vaxtın ayrılmasıdır. Deyir ki, məqsədyönlü təhsil şagirdlərin vaxt və enerjisindən daha səmərəli istifadə etməsinə, ali məktəbə qəbul imkanlarını artırmasına şərait yaradır:“Bu, həm də əlavə xərc çəkərək repetitor yanına getmək ehtiyacını azalda bilər”, - deyə şagird bildirib.

Gələcək planlarından danışan Nurcanın əsas hədəfi ADA Universitetinin “Hüquqşünaslıq” ixtisasına qəbul olmaqdır.

“Bu, bizlərə seçəcəyimiz peşə üçün zəruri bilik və bacarıqları daha yüksək səviyyədə əldə etməyə imkan verir”

Yeni təmayül tədris modelindən yararlanacaq şagirdlər arasında Goranboy rayonunda müvəqqəti məskunlaşan Emil Rəcəbli də var. O, Goranboy şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbinin təmayül sinfinə qəbul olub. X sinifdə oxuyacaq. 

Əslən Kəlbəcər rayonundan olan Emil təhsil həyatına Goranboy rayonunun Qazanmaq qəsəbəsində yerləşən Kəlbəcər rayonu 32 nömrəli tam orta məktəbdə başlayıb. VIII sinfi Tərlan Cəbrayılov adına Qazanbulaq qəsəbə tam orta məktəbdə oxuyub. IX sinfi isə Kəlbəcər rayon 57 nömrəli tam orta məktəbdə başa vurub.

Emilin təmayül siniflərdə təhsil almaq qərarında ötən il həmin məktəbə qəbul olan məktəb yoldaşının təcrübəsi mühüm rol oynayıb. Məktəbin tədris imkanları və burada fəaliyyət göstərən peşəkar müəllimlər də onun seçiminə təsir edən amillərdəndir.
Yeni tədris modelindən gözləntiləri barədə danışan şagird əsas məqsədinin daha keyfiyyətli və nəticəyönümlü təhsil almaq olduğunu qeyd edir: “Təmayül sinifdə seçdiyimiz istiqamət üzrə daha məqsədyönlü dəstək alacağıq.Bu, bizlərə seçəcəyimiz peşə üçün zəruri bilik və bacarıqları  yüksək səviyyədə əldə etməyə imkan verir”, - deyə Emil qeyd edib.

Emil təmayül siniflərdə təhsil almaq istəyən şagirdlərə də tövsiyəsini verib: “Məncə, xüsusi bacarığı olan və oxumaqdan çəkinməyən şagirdlər təmayül siniflərə müraciət etməlidirlər. Bu imkan onlara daha yaxşı dəstək almağa və qarşıya qoyduqları məqsədlərə doğru irəliləməyə kömək edə bilər”.

“Bu model regionlarda yaşayan şagirdlər üçün də üstünlüklər yaradır”

Ayan Əhmədova Gəncə şəhər  M.Füzuli adına 22 nömrəli tam orta məktəbin təmayül sinfinə qəbul olub.Məktəb illərində müxtəlif fənlər üzrə biliklərini inkişaf etdirən Ayan sınaq imtahanlarında və müsabiqələrdə fəal iştirak edib.
Onun xüsusilə maraq göstərdiyi fənlər riyaziyyat və ingilis dilidir. İngilis dili üzrə esse müsabiqəsində şəhər üzrə II yerə layiq görülən Ayan müxtəlif dil sertifikatları da əldə edib. Riyaziyyat üzrə olimpiadada iştirak edərək final mərhələsinə yüksəlməsi isə bu sahəyə marağını daha da artırıb.

Yeni tədris modelinin əsas məqsədi və şagirdlər üçün yaratdığı imkanlarla tanış olduqdan sonra təmayül sinifdə təhsil almağa qərar verib:“ Riyaziyyata olan xüsusi marağımı nəzərə alaraq düşündüm ki, belə bir mühitdə potensialımı daha yaxşı göstərə və gələcək hədəflərimə çatmaq üçün məqsədyönlü hazırlaşa bilərəm”.

Onun fikrincə, keyfiyyətli və istiqamətləndirilmiş təhsil imkanlarının yalnız böyük şəhərlərlə məhdudlaşmaması şagirdlərin inkişafı baxımından mühüm üstünlükdür: “Təmayül siniflərdə şagirdlər maraq göstərdikləri fənlərə daha çox diqqət ayıra, biliklərini dərinləşdirə və gələcək ixtisas seçimlərinə hazırlıqlı ola bilərlər. Düşünürəm ki, bu model regionlarda yaşayan şagirdlər üçün də üstünlüklər yaradır”.

Gələcəkdə riyaziyyat və dəqiq elmlərlə bağlı ixtisas seçmək istəyən Ayan hesab edir ki, təmayül sinifdə təhsil alması  onun bu istiqamətdə daha dərin biliklər əldə etməsinə və universitet təhsilinə  hazırlıqlı başlamasına kömək edəcək.

“Bu modelin yüksək nəticə göstərmək üçün yaxşı imkan yaratdığını düşünürəm”

Gəncə şəhər M.Füzuli adına 22 nömrəli tam orta məktəbin təmayül sinfində təhsil alacaq digər şagird Aysel Quliyeva  tam orta təhsil səviyyəsində yeni təmayül tədris modeli haqqında ilk dəfə məktəbin valideynlərə verdiyi məlumat vasitəsilə xəbər tutub. Aysel daha sonra ailəsi ilə birlikdə model haqqında araşdırma aparıb: “Bu modelin buraxılış və qəbul imtahanlarında yüksək nəticə göstərmək üçün yaxşı imkan yaratdığını düşündüm. Peşəkar müəllimlərin cəlb olunması və fərqli tədris metodikalarının tətbiqi də bu sinifdə təhsil almaq istəyimə təsir etdi”.

Aysel təmayül siniflərin əsas üstünlüklərindən birinin şagirdlərin seçdikləri ixtisas qrupuna uyğun fənlərə daha çox fokuslanmasında görür.

Həkim olmağı arzulayan Aysel bu sinifdə təhsil almaqla məqsədinə çatacağına  əmindir.