Heydər Əliyevin təhsil siyasəti: əsaslı inkişafın təməli
“Təhsil həyatımızın ən gərəkli,ən mühüm sahəsidir. O, milli məqsədlər, milli mənafelər əsasında qurulmalıdır”
Ümummilli Lider Heydər Əliyev
Tarix boyu həmişə elə şəxsiyyətlər olub ki,onlar mənsub olduqları xalqın tarixində böyük bir iz qoymuşlar. Heydər Əliyev də belə şəxsiyyətlərdəndir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladığı vaxtdan cəmiyyət həyatının bütün sahələrındə olduğu kimi, o cümlədən təhsil sahəsində də çox böyük işlər görmüşdür. Aparılan məqsədyönlü siyasəti nəticəsində həyata keçirilən təhsil quruculuğu və gələcək inkişafın təməlini qoymuşdur. Onun hakimiyyəti illərində ana dilinin, millətin dilinin mühafizəsi və inkişafına yönəlmiş addımlar atılmış, Azərbaycanda məktəbəqədər tərbiyə müəssisələrindən ali məktəbədək, təhsilin bütün pillələri yeni inkişaf mərhələsinə çatmış, Azərbaycan xalqının təhsil və intellektual səviyyəsinin yüksəlməsində müstəsna rol oynamışdı.
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə həyata keçirilən təhsil islahatları bu sahənin kökündən inkişafına zəmin yaratmışdı.
1970-1980-ci illərdə Heydər Əliyevin rəhbərliyi altında genişmiqyaslı təhsil ocaqlarının tikintisinə başlanmışdır. Ümummilli Liderimizin təhsil sahəsində ən böyük xidmətlərindən biri onun şəxsi təşəbbüsü və qayğısı sayəsində, o zaman 15 mindən artıq gəncin Azərbaycandan kənarda ali təhsil alaraq mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaratması olmuşdur. İlk dəfə keçmiş SSRİ-nin 50-dən çox böyük şəhərinin, 170-dən çox ən məşhur ali məktəbinə 250-dən çox ixtisas üzrə təhsil almaq üçün gənclər göndərilmişdir. Həmin gənclər təhsillərini başa vurub sonralar respublikamızın inkişafının bütün sahələrində, həmçinin elm, təhsil və mədəniyyətin yüksək səviyyəyə çatmasında böyük rol oynamışlar.
Heydər Əliyevin hakimiyyətinin birinci dövründə ölkmizdə beş ali təhsil ocağı açılmışdı. Ali məktəb tələbələrinin sayı getdikcə artırdı.Təhsilin bütün problemləri onu daima narahat edirdi.1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitinin daha da yaxşılaşdırmaq haqqında” qərardan sonra Azərbaycanın nəinki şəhərlərində, elə ucqar bölgələrində də əsaslı keyfiyyət dəyişikliklərinə nail olundu. O,tez-tez ali məktəblərdə azərbaycanlı tələbələrlə görüşür, onların problemlərini həll etmək üçün bütün imkanlardan istifadə edirdi. 70-ci illərdə respublikada fəaliyyət göstərən ali məktəblərdə qəbul imtahanlarının gedişinin yaxşılaşdırılması məqsədilə Azərbaycan KPMK-də müşavirə keçirmişdir. O, qəbul imtahanları keçirilərkən şəxsən ayrı-ayrı ali təhsil müəssisələrində olmuş, qəbulun gedişi ilə maraqlanmış, abituriyentlər və onların valideynləri ilə görüşmüşdür. Məhz həmin vaxtlarda o, kəndli balalarının da ali təhsilə daha çox yönləndirilməsini tələb etmişdir. Hətta eşitdiyimə görə ali təhsil ocaqlarından bir neçəsinə irad da bildirmişdi ki, nəyə görə sizdə kənd yerlərindən gəlib oxuyan gənclər azdır. Məhz onun bu sözləri elə mənim də təhsil almağımda bir stimul olmuşdu. Çünki, mən özüm də, 80-ci illərin əvvəllərində digər ucqar kəndlərdə yaşayan gənclər kimi, rus dilini çox mükəmməl bilmədiyimə görə arzusunda olduğum, Bakı şəhərində yerləşən M.F.Axundov adına Azərbaycan Dövlət Rus Dili və Ədəbiyyatı İnstitutuna sənəd verməyə çəkinirdim. Eşidəndə ki, burada rus dilini öyrənmək üçün iki illik hazırlıq şöbəsi açılıb, sevincimdən kövrəlmişdim də. Mən sənədlərimi hazırlıq şöbəsinə verib iki il ərzində rus dilini mükəmməl öyrəndim, sonra da həmin ali məktəbə qəbul olundum. Butün bunlara görə, bizə yaratdığı bu imkanlara görə Ümummilli Liderimizə həmişə minnətdar olmuşuq və onun ruhu qarşısında baş əyirik.
Bütün bu yüksək bacarıq və insani keyfiyyətlərinə görə keçmiş SSRİ-də respublika rəhbərlərindən təkcə Heydər Əliyev iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü - 1979 və 1983-cü illərdə (bir də Qazağistanın KPMK I katibi Dinmuhamməd Kunaev).
Ümummilli Liderimizin bu mükafatları onun gərgin əməyinin, ölkənin sosial-iqtisadi və mədəni inkişafında saysız xidmətlərinin bəhrəsidir.
Heydər Əliyev Azərbaycana rəhbərliyinin ikinci dövründə də, hansı ki respublikamızın çox ağır bir dövrü idi, təhsil sahəsində bir sıra islahatlar həyata keçirməyə başlayır. Təhsillə bağlı bir çox fərman və sərəncamları ilə təhsilin problemlərini aradan qaldırmaqla qətiyyətli addımlar atır. Təhsil sisteminin maddi-texniki bazası yaxşılaşdırıldı, Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyası həyata keçirildi, "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" hazırlandı və təsdiq edildi.
"Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın təsdiq edilməsi haqqında" 2003-cü il 17 fevral tarixli Sərəncamı və digər ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinə, mövcud problemlərin aradan qaldırılması üçün mühüm addımlar oldu.
İslahatlar bir-birinin ardınca davam edirdi. Heydər Əliyevin 2001-ci il 3 sentyabr tarixli Fərmanı ilə ali məktəb tələbələri üçün Prezident təqaüdünün verilməsi haqqında qərar qəbul edildi. Bu qərar gənclərimizin təhsilə həvəsləndirilməsi, maddi vəziyyətinin və rifahının yaxşılaşdırılması üçün böyük stimul idi. O, Azərbaycana rəhbərliyinin hər iki dövründə müəllimlərin də sosial vəziyyətinin yaxşılaşdırılması, onların fəxri adlarla və digər dövlət mükafatları ilə təltif edilməsinə dair bir çox sərəncamlar imzalayıb, müəllim əməyinə böyük qiymət verib.
Hazırda H.Əliyevin yolu ilə addımlayan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və uğurlu iqtisadi, siyasi, eləcə də təhsilin bütün pillələrində qlobal miqyaslı təhsil quruculuğu davam edir və xeyli perspektiv inkişafa nail olunmuşdur.
Onu da qeyd edim ki, Xalq Təhsili Muzeyinin ekspozisiyasının 6-cı salonunda Azərbaycan dövlətinin və hökumətinin, məhz Ümummilli Liderimiz Heydər Əliyevin təhsilin keyfiyyətinin yüksəldilməsi və inkişafı ilə bağlı gördüyü işlərə aid xeyli sənədlər, fotoşəkillər, kitablar, sərəncam və fərmanlar nümayiş etdirilir. Muzeyə gələn hər kəsə, xarici qonaqlara, tələbə və şagirdlərə onun təhsillə bağlı gördüyü işlər və bütün bu keyfiyyətləri haqqında fəxrlə məlumat verilir.
Xalq Təhsili Muzeyinin əməkdaşları olaraq Ümumilli Liderımizi həmişə, həm doğum, həm də xatirə günündə muzeydə müxtəlif sərgilər təşkil edərək hörmətlə anırıq .
Ruxsarə Məmmədova,
Xalq Təhsili Muzeyinin Ekspozisiya şöbəsinin müdiri



