İbtidai siniflərdə oxu problemi: Diqqət sürətə, yoxsa məzmuna verilsin?
Valideyn Fatma Teyyubovanın 2 məktəbyaşlı övladı var. Oğlunun biri 4, digəri 2-ci sinifdə təhsil alır. O deyir ki, son zamanlar sürətli oxuma metodunun tətbiqi ilə bağlı fikirlər çox səslənir, amma bir valideyn kimi bu yanaşmaya tam razı deyil: “Mənim üçün vacib olan övladımın mətnin hər sözünü sürətlə keçməsi deyil, oxuduğunu dərk etməsi, anlayaraq nəticə çıxarmasıdır. Uşaq mətni tez oxuya bilər, amma əgər məzmunu anlamırsa, bu, öyrənmə deyil. Xüsusilə birinci sinif uşağının diqqəti, yaş səviyyəsi və psixoloji inkişafı nəzərə alınmadan sürətli oxuma tələbi qoymaq, məncə, doğru deyil. İstəyirəm ki, övladım oxumağı sevə-sevə, tələsmədən, stres yaşamadan, öz ritmi ilə öyrənsin”.
Bu narahatlıq təkcə valideynlərin deyil, həm də mütəxəssislərin diqqətini çəkir. Son dövrlərdə ibtidai təhsildə şagirdlərin hazırlıq səviyyəsi geniş müzakirə olunan mövzulardan birinə çevrilib. Oxu bacarığının formalaşdırılması, tətbiq olunan metodikaların effektivliyi və ibtidai siniflərin sonrakı mərhələlər üçün kifayət qədər baza yaradıb-yaratmaması barədə həm mütəxəssislər, həm də müəllimlər müxtəlif fikirlər səsləndirirlər. Elm və təhsil naziri Emin Əmrullayev də çıxışların birində bu istiqamətdə problemlərin mövcud olduğunu bildirərək ibtidai təhsilin yenidən qiymətləndirilməsinə ehtiyac olduğunu vurğulayıb.
Müzakirələrin mərkəzində isə əsas bir sual dayanır: İbtidai sinifdə daha vacib olan nədir – uşağın bir dəqiqədə daha çox söz oxuması, yoxsa oxuduğunu dərk etməsi?
”Şagirdlərə sürətli oxumaqdan çox şüurlu oxumanı aşılasaq, daha yaxşı olar”
Mövzu ilə bağlı Məhəmməd Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Aysel Ağayeva “Azərbaycan müəllimi”nə bildirib ki, müasir təhsildə ən ciddi problemlərdən biri uşaqlarda oxuyub-anlama bacarığının zəif olmasıdır: “Hazırda dünyanın bir çox ölkələrində eyni çətinlik müşahidə olunur və bu, qlobal problem kimi dəyərləndirilir. İbtidai siniflərdə şagirdlərin bir dəqiqədə neçə söz oxumasından daha çox mətnin mənasını dərk etməsi diqqət mərkəzində olmalıdır. Düşünürəm ki, oxuyub-anlama çox vacibdir. Şagirdlərə sürətli oxumaqdan çox şüurlu oxumanı aşılasaq, daha yaxşı olar. Tez-tez rast gəlirəm ki, şagird mətni oxuyur, amma mətnlə bağlı sualı cavablandıra bilmir”.
“Problem nə məzmunda, nə də metodikadadır – əsas məsələ valideynlə ünsiyyətdir”
Müəllim bildirib ki, hazırda tətbiq olunan metodikalar müasir tələblərə uyğundur və uşaqların öyrənməyə marağını artırır. Onun fikrincə, əsas çatışmazlıq dərslik və proqramda deyil: “Əslində problemi nə məzmunda, nə də metodikada görürəm. Günümüzdə istifadə olunan metodikalar əylənərək öyrənməni təmin edir. Əsas problemi valideynlə münasibətdə görürəm. Uşaqla daim dialoqda olan, suallarını cavablandıran, gündəlik hadisələri onunla müzakirə edən valideynlərin övladları dərsdə daha fəal, daha hazırlıqlı olur. Bu baxımdan valideyn-müəllim əməkdaşlığı təhsilin ilk pilləsində xüsusi əhəmiyyət daşıyır”.
Onun fikrincə, ən çox rast gəlinən problem şagirdlərin mətn oxuduqdan sonra onunla bağlı suala cavab verə bilməməsidir. İbtidai sinif şagirdlərinin böyük hissəsi mətnə yalnız səthi yanaşır, oxuduğu mətndən sual verəndə cavablaya bilmirlər.
“İbtidai siniflərdə səlis, ardıcıl və şüurlu oxunun üstün tutulması daha sağlam təhsil nəticələri verir”
Aysel Ağayeva hesab edir ki, valideynin təhsildə rolu əvəzolunmazdır. Evdə ən azı bir saatlıq refleksiya uşağın bilikləri möhkəmləndirməsinə ciddi təsir göstərir: “Övladının irəliləməsini istəyən hər valideyn daim müəllimlə əməkdaşlıq etməlidir. Evdə isə dərslərlə bağlı 1 saat refleksiya edilməlidir. Bu, biliyi qısa yaddaşdan uzunmüddətli yaddaşa ötürür. Onu da qeyd edim ki, bu problem yalnız uşaqlara aid deyil. Həm məktəbdə, həm də iş həyatında insanlar tez-tez oxunan məlumatın mahiyyətini qavramaqda çətinlik çəkirlər. Buna görə də oxu-anlama bacarığının formalaşması bütün təhsil sisteminin təməlinə çevrilməlidir. Şagird oxuduğunu anlayırsa, onu tətbiq etməkdə çətinlik çəkmir. Anlamanın olmadığı yerdə tətbiq də mümkün olmur. Sürətli oxu metodikası məktəblərdə həmişə olub və tamamilə yanlış da deyil. Lakin ibtidai siniflərdə səlis, ardıcıl və şüurlu oxunun üstün tutulması daha sağlam təhsil nəticələri verir”.
“Mətnlərdə maraqsız, dilə yatmayan, yaş səviyyəsinə uyğun olmayan və mənası anlaşılmayan sözlər də olur”
Nərimanov rayonunun 73 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Simuzər Tağıyeva isə təcrübələrinə əsaslanaraq ibtidai sinif şagirdlərinin bir hissəsinin oxuduğunu dərk etməkdə ciddi çətinlik yaşadığını deyir. Onun sözlərinə görə, bu problem həm məzmunun çətinliyi, həm də valideyn nəzarətinin zəifliyi ilə bağlıdır. İbtidai sinifdə təqdim olunan bəzi mətnlərin dili və məzmunu bütün şagirdlər üçün anlaşılan olmaya bilər: “Məzmun hər şagird üçün anlaşılan deyil, çətindir. Mətnlərdə maraqsız, dilə yatmayan, yaş səviyyəsinə uyğun gəlməyən və mənası anlaşılmayan sözlər də olur. Bu cür mətnlər şagirdlərdə həm motivasiyanı azaldır, həm də oxuyub-anlama bacarığının zəifləməsinə səbəb olur”.
“Valideyn övladının təhsil prosesindən kənarda qaldıqca şagirdlərdə anlama bacarığı zəifləyir”
Simuzər Tağıyevanın müşahidələrinə görə, valideynlərin bəziləri övladının təhsilinə yetərincə diqqət ayırmır: “Hər uşağa valideyn nəzarəti yoxdur, bəzi analar öz uşaqları ilə məşğul olmaq istəmirlər. “Hazırlığa qoymuşam”,- deyib məsuliyyətdən yayınırlar. Məncə, anaların seçdiyi bu strategiya yanlışdır. Valideyn övladının təhsil prosesindən kənarda qaldıqca şagirdlərdə həm diqqət, həm də anlama bacarığı zəifləyir”.
“Müasir metodika maraqlıdır, amma bütün şagirdləri əhatə etmir”
Simuzər Tağıyeva müasir təlim metodlarının ümumilikdə cəlbedici, motivasiyaedici və düşündürücü olduğunu qəbul etsə də, bu yanaşmaların hər şagirdə eyni təsiri göstərmədiyini vurğulayır: “Düzdür, müasir metodika maraqlıdır, əyləncəlidir, düşünməyə və araşdırmağa sövq edir. Amma yenə də bütün şagirdləri əhatə etmir. Şagirdin mətnin məzmununu anlamağı ilk növbədə oxu bacarığının səviyyəsindən asılıdır. Oxu bacarığı yüksək olan şagird oxuduğunu da yaxşı anlayır. Birinci növbədə oxu bacarığı inkişaf etdirilməlidir”.
Valideynlə mütəmadi təmas – ibtidai sinfin üstünlüyü
O bildirib ki, ibtidai sinifdə oxuyan övladları olan valideynlərlə həm canlı, həm virtual olaraq təmasdadırlar: “Hər vəziyyəti müzakirə, daha çox nəzarət edirik. Lakin yuxarı siniflərə keçdikcə bu əlaqə zəifləyir. Yuxarı sinfə keçdikcə valideynlər də məktəbdən uzaqlaşır. Fənn müəllimlərinin qayğı və diqqəti bizdən fərqli olaraq azalır. Nəticədə şagirdlərin səviyyəsi bir qədər də aşağı düşür”.


