Monitorinqdə hansı tip riyaziyyat sualları olacaq? – AÇIQLAMA

21 May, 2026 - 10:47
Monitorinqdə hansı tip riyaziyyat sualları olacaq?

IV və VI siniflər üçün iyun ayında keçiriləcək monitorinqdə riyaziyyat fənninin məzmununda yox, amma monitorinqin strukturunda müəyyən kiçik dəyişikliklər var.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Təhsil İnstitutunun Metodik xidmət proqramları və standartları şöbəsinin müdiri Afərin Əkbərli Təhsil TV-nin qonağı olarkən məlumat verib.

O bildirib ki, IV siniflər üzrə 60 sual olur: tədris dilindən 30, riyaziyyatdan isə 30 sual. Riyaziyyat üzrə olan 30 sualdan 25-i qapalı tipli tapşırıqlar, yəni test nümunələridir: "Digər 5 sual isə açıq tipli tapşırıqlardır. Bu 5 açıq tipli tapşırığın üçündə sadəcə cavab tələb olunur. Yəni şagirdlər məsələni həll edərək yalnız cavabı cavab kartına qeyd edirlər. Son iki sual isə həll tələb olunan tapşırıqlardır.

Məlumat üçün deyim ki, monitorinqin əsas mərhələsindən əvvəl ölkə üzrə təsadüfi seçilmiş məktəblərdə pilot mərhələsi keçirildi və biz şagirdlərin cavab kartları ilə tanış olduq. Şagirdlər açıq tipli suallara çox maraqlı və özünəməxsus yollarla cavab veriblər. Bu isə müsbət bir göstəricidir".

Şöbə müdiri qeyd edib ki, VI siniflər üzrə monitorinqdə də 75 sual olacaq: sualların 25-i tədris dili, 25-i riyaziyyat, 25-i isə təbiət fənni üzrədir: "Riyaziyyat üzrə olan 25 tapşırıqdan 20-si qapalı, 5-i isə açıq tipli tapşırıqlardır. Bu 5 açıq tipli tapşırığın üçündə sadəcə cavab tələb olunur, yəni şagird məsələni həll edib cavabı karta qeyd edir. Son iki sual isə yenə həll tələb olunan tapşırıqlardır".

A.Əkbərli monitorinqdə şagirdlərin, əsasən, hansı tip riyaziyyat sualları ilə qarşılaşacaqlar barədə də məlumat verib. O bildirib ki, monitorinqin məzmununda əsaslı bir dəyişiklik yoxdur: "Ümumiyyətlə, riyaziyyat fənn kurikulumunda da qeyd edildiyi kimi, bütün məzmun xətləri üzrə: ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal şagirdlərdə məsələ həlli səriştəsinin formalaşmasına xidmət edir. Eləcə də şagirdlər məsələ həlli vasitəsilə problem həll etmə bacarığı əldə edirlər".