Beynəlxalq İqtisadiyyat Olimpiadasının finalında Azərbaycanı təmsil edəcək komandanın adı müəyyən olunub
Azərbaycan Milli İqtisadiyyat Olimpiadasının (AzMİO) final mərhələsinin nəticələrinə əsasən, ölkəmizi Çində keçiriləcək Beynəlxalq İqtisadiyyat Olimpiadasında (IEO 2026) təmsil edəcək şagirdlərin adları müəyyənləşib.
“Azərbaycan müəllimi” xəbər verir ki, olimpiada şagirdlərin iqtisadi nəzəriyyə biliklərinin, analitik düşünmə bacarıqlarının və maliyyə savadlılığının qiymətləndirilməsi məqsədilə təşkil olunub. Final mərhələsi beynəlxalq iqtisadi olimpiadaların standartlarına uyğun hazırlanmış tapşırıqlardan ibarət olub və mikroiqtisadiyyat, makroiqtisadiyyat, beynəlxalq iqtisadiyyat, maliyyə və investisiya, həmçinin analitik iqtisadi problemlərin həlli kimi istiqamətləri əhatə edib.
Minlərlə iştirakçı arasından seçilən finalçılar arasında 35 nəfər medal qazanıb. Yüksək nəticə göstərərək medal əldə etməyən iştirakçılar fəxri fərmanla, digər iştirakçılar isə sertifikatla təltif olunub.
Yekun nəticələrə əsasən, Azərbaycanı Beynəlxalq İqtisadiyyat Olimpiadasında təmsil edəcək şagirdlər aşağıdakılardır:
Elitar Gimnaziyanın şagirdi Daniyar Əliyev;
"İdrak" liseyinin şagirdi Ayşə Tapdıqzadə;
"Azerbaijan British College"in şagirdi Bayram Eyyubov;
S.C.Pişəvəri adına Humanitar Fənlər Təmayüllü Gimnaziyanın şagirdi Nurtəm Qasımzadə;
"SABIS SUN International School"un şagirdi Fatimə Əhmədova.
Onlar Çində keçiriləcək final mərhələsində 50-dən çox ölkədən olan iştirakçılarla yarışacaq.



