Məktəblərdə dərnək fəaliyyəti gücləndirilir – Yeni tapşırıqlar verilib

11 Noyabr, 2026 - 11:47
Məktəblərdə dərnək fəaliyyəti gücləndirilir

Uşağın məktəbdə qazandığı biliklər onun inkişafının yalnız bir hissəsidir. Maraqlarını kəşf etməsi, fərqli bacarıqlarını sınaması, ünsiyyət qurması və özünü müxtəlif sahələrdə ifadə etməsi üçün dərsdənkənar fəaliyyətlər də mühüm rol oynayır. İdmandan incəsənətə, elmi-texniki yaradıcılıqdan müxtəlif intellektual məşğələlərə qədər olan dərnəklər şagirdlərə məktəb həyatını daha rəngarəng yaşamaq, asudə vaxtlarını faydalı keçirmək və gələcək maraqlarını müəyyənləşdirmək imkanı verir. Bəs ümumtəhsil məktəblərində bu dərnəklər necə təşkil olunur, şagirdlər hansı istiqamətlər üzrə seçim edə və onlara qoşulmaq üçün hara müraciət edə bilərlər? 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirilib ki, cari tədris ilindən təhsilalanların meyil, maraq və bacarıqlarının, yaradıcılıq qabiliyyətlərinin, fiziki hazırlıqlarının inkişafının dəstəklənməsi məqsədilə ümumi təhsil məktəblərində yaradıcılıq (xor, teatr, musiqi, rəqs dərnəkləri) və idman istiqamətləri üzrə (basketbol, voleybol, futbol qrupları) prioritet dərnəklər fəaliyyətə başlayıb: “Elm və Təhsil Nazirliyinin “Ümumi təhsil müəssisələrində dərnəklərin təşkili Qaydası”nın təsdiq edilməsi barədə F-382 nömrəli, 20 iyun 2022-ci il tarixli əmrinə müvafiq olaraq ümumtəhsil məktəblərində dərnəklər təşkil olunur. Ümumi təhsil məktəblərində yaradıcılıq və idman istiqamətləri üzrə dərnəklər fəaliyyət göstərir.

Məktəblərdə dərnəklər sinif komplektlərinin sayına müvafiq olaraq təşkil edilə, buraya da yalnız həmin məktəbin müxtəlif siniflərindən olan şagirdlər cəlb oluna bilərlər. Qeyd edək ki, məktəbdənkənar təhsil müəssisələri (Uşaq-gənclər inkişaf mərkəzləri) tərəfindən  məktəblərdə təşkil olunan dərnəklərə isə müxtəlif məktəblərin şagirdləri cəlb oluna bilər.

İdman istiqamətli dərnəklərə cəlb edilmiş şagirdlər üçün onların sağlamlığı barədə tibbi arayış təqdim olunması əsas meyardır. Ümumi təhsil müəssisəsi sorğu anketi əsasında tədris ilinin ilk 10 günündə şagirdlər arasında sorğu keçirərək nəticələri protokollaşdırır. Sorğunun nəticələri Pedaqoji Şura tərəfindən 5 gün ərzində müzakirə edilərək dərnəklərin yaradılması ilə bağlı qərar qəbul edilir”.

Şagirdlər dərnəklərə necə qoşula bilərlər?

Agentlikdən bildirilib ki, təhsil müəssisəsində fəaliyyət göstərən dərnəklər barədə təhsilalanlar və onların valideynləri (digər qanuni nümayəndələri) tədris ilinin əvvəlində məlumatlandırılırlar. İbtidai, ümumi orta və tam orta təhsil səviyyəsində təhsil alan şagirdlərin dərnəyə qəbulu və xaric edilməsi könüllülük prinsipi əsasında valideynlərin (digər qanuni nümayəndələrin) ərizəsinə əsasən məktəbin direktorunun əmri ilə həyata keçirilir.

Dərnəklərdə məşğələləri kimlər aparır? 

MÜTDA-nın cavabında qeyd edilib ki, dərnək məşğələlərini ümumi təhsil müəssisəsinin dərnək rəhbərləri idarə edir: “Dərnək rəhbəri dərnəyin spesifikası və istiqaməti nəzərə alınaraq ümumi təhsil müəssisəsinin müəllimləri sırasından və ya kənardan dəvət olunan müvafiq ixtisasa və təcrübəyə malik mütəxəssis təyin edilə bilər. Hər hansı dərnəyə rəhbər təyin olunarkən (müəllim, yaxud kənardan dəvət olunan mütəxəssis) onun dərnəyin istiqamətinə, məzmun və mahiyyətinə uyğun səriştə və peşəkarlığa malik olmasını təsdiq edən sənədlər (diplom, sertifikat və s.) nəzərə alınır”.

Məktəblərdə dərsdənkənar fəaliyyətlərin genişləndirilməsi nəzərdə tutulur?

Bildirilib ki, bu tədris ilindən başlayaraq bütün ümumi təhsil məktəblərində mütləq olaraq həm yaradıcılıq, həm idman istiqaməti üzrə minimum bir dərnəyin (hər iki istiqamət üzrə) təşkili, teatr, rəqs, məktəb musiqi qrupu, xor qrupu və idman üzrə isə futbol, basketbol, voleybol və digər dərnəklərin yaradılması ilə bağlı tapşırıqlar verilib: “Bu, təkcə məktəbdaxili dərnəklərin yaradılması deyil, həmçinin həm məktəbdaxili, həm də məktəblərarası müxtəlif müsabiqələrin təşkili, məktəb icması üçün fəaliyyətlərin nümayişi (teatr tamaşası, xor qrupunun konserti və s.) də nəzərdə tutulub. Bundan başqa, dərnəklərin daha effektiv idarə olunması, məktəb mühitinə təsir edən səmərəli və keyfiyyətli məzmun təqdim etmək üçün pilot olaraq bir neçə ümumi təhsil məktəbində “Məktəb Sosial Fəaliyyətlər Şurası”nın yaradılması nəzərdə tutulur”.