İlk dəfə MİQ-də iştirak edənlər heç bir ödəniş etməyəcək

11 Sentyabr, 2025 - 15:24
İlk dəfə MİQ-də iştirak edənlər heç bir ödəniş etməyəcək
İlk dəfə MİQ-də iştirak edənlər heç bir ödəniş etməyəcək

Milli Məclisin Elm və təhsil komitəsinin 11 sentyabr 2025-ci il tarixində keçirilən iclasında “Ümumi təhsil haqqında” Qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, layihəyə əsasən, dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq müsabiqə yolu ilə həyata keçiriləcək.

Təklif olunan dəyişikliklərə görə, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak ödənişli olacaq. Lakin bu tələbin tətbiqi müəyyən kateqoriyalara şamil edilmir. İlk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri, həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakına görə “Müharibə veteranı” adı almış şəxslər ödənişdən azad ediləcəklər.

Qanun layihəsində həmçinin qeyd olunur ki, müsabiqədə iştirak üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək.