Məzunların 79 faizi uğursuzluq qorxusu yaşayır – Sorğu
“Buraxılış imtahanından sonra cari ilin məzunları olan respondentlərin təxminən 46 faizi valideyn gözləntilərinin onlarda stres yaratdığını, 52 faizi dostları ilə müqayisə olunmaqdan narahatlıq keçirdiyini, 79 faizi isə uğursuzluq qorxusunun onlara təsir etdiyini bildirib”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin ötənilki buraxılış imtahanı ilə bağlı anonim sorğusunun nəticələrinin təhlilinə həsr olunan məqalədə məlumat verilib.
Məqalədə qeyd edilir ki, statistik nəticələr bu cavablarla üst-üstə düşür: sosial təzyiqi daha çox hiss edən iştirakçılarda daha yüksək stres müşahidə olunub. Bu əlaqə buraxılış imtahanından sonra cari ilin məzunlarında 0,40, əvvəlki illərin məzunlarında 0,47, qəbul imtahanından sonra isə 0,43 olub. Yəni müxtəlif qruplarda eyni tendensiya müşahidə olunub. Stres yüksəldikcə imtahanı daha çətin
qiymətləndirmək meyli də güclənib.
“Burada vacib psixoloji məqam odur ki, yüksək nəticənin ailə gözləntiləri, yaşıdlarla müqayisə və gələcək planlarla birləşməsi imtahanın emosional çəkisini artırır. İştirakçı sadəcə tapşırığı icra etmir; bəzən həmin tapşırığın arxasında “Mən nə qədər uğurluyam?”, “Ailəmi məyus edəcəyəmmi?” və “İstədiyim gələcəyə çata biləcəyəmmi?” kimi daha böyük suallar dayanır”, - deyə məqalədə açıqlanır.




