İlk sertifikasiyadan uğurla keçməyən 600-dən artıq müəllim hazırda da fəaliyyət göstərir – Elxan Nəcəfov

25 Fevral, 2026 - 11:37
İlk sertifikasiyadan uğurla keçməyən 600-dən artıq müəllim hazırda da fəaliyyət göstərir – Elxan Nəcəfov

Naxçıvanda 2021-2022-ci ildə keçirilən sertifikasiya imtahanlarından sonra 30-51 bal toplayan müəllimlərin əməkhaqlarına 10 faiz, 51 baldan yuxarı nəticə göstərənlərə isə 35 faiz artım edilib. 

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövrü ilə bağlı keçirilən brifinqdə təhsil naziri Elxan Nəcəfov məlumat verib.

Nazir bildirib ki, həmin prosesin yekununda sertifikatlaşdırma prosesində uğur əldə etməyən 600-dən artıq təhsilverənin əmək müqaviləsinə xitam verilməyib və onlar ümumtəhsil məktəblərində hazırda da pedaqoji fəaliyyətlərini davam etdirirlər. Amma onların əməkhaqlarına  hər hansı əlavə olunmayıb. 

O əlavə edib ki, Naxçıvanda 2021-2022-ci illərdə baş tutan sertifakatlaşdirma prosesi 2023-cü ildə davam etdirilməyib. 2024-cü ildə isə Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planının müvafiq alt bəndində uyğun olaraq bu prosesə yenidən başlanılıb: "Diqqətə çatdırım ki, 2024-cü ildə keçirilən bu imtahan ilk dəfə mərkəzləşdirilmiş qaydada baş tutub. Bu mərhələdə imtahanlar  Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş fənlər üzrə keçirilib".