İlkin mərhələdə layihəyə daha kiçik qruplar cəlb ediləcək – ETN rəsmisi
“Artıq Elm və Təhsil Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “OpenAI” şirkəti memorandum imzalanıb və biz məhsul üzərində işləməyə başlamışıq. Ümid edirik ki, sentyabr–oktyabr aylarına qədər məhsulumuzu - adaptiv öyrənmə platformasını pilot mərhələ üçün hazır edəcəyik”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov jurnalistlərə açıqlaması zamanı bildirib.
O qeyd edib ki, ilkin mərhələdə bu platformanın tətbiqi üzrə layihəyə daha kiçik qruplar - təxminən 3–5 min istifadəçi cəlb ediləcək, daha sonra isə onun əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur: “Ənənəvi tədrisdən daha çox müasir texnologiyaların, xüsusilə süni intellektin istifadəsinə yönəlirik və bu baxımdan hazırlanacaq həll gündəlik tədris prosesində həm şagirdlərə, həm də müəllimlərə dəstək olacaq. Əlbəttə, qiymətləndirmə mexanizmləri də bu həll çərçivəsində nəzərdə tutulur. Ancaq bu, qiymətlərin süni intellekt tərəfindən müəyyən ediləcəyi anlamına gəlmir”.



