“İmtahanı fürsət kimi dəyərləndirin” – Sertifikasiyada yüksək bal toplayan müəllim
Sabahdan etibarən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinə start veriləcək. İmtahan öncəsi müəllimlər arasında həyəcan və hazırlıq prosesi davam edərkən, əvvəlki illərdə yüksək nəticə göstərmiş pedaqoqlar bu mərhələyə yalnız imtahan kimi baxmamağı tövsiyə edirlər. Onların fikrincə, sertifikatlaşdırma müəllimin illər ərzində qazandığı bilik və təcrübəni nümayiş etdirməsi, eyni zamanda öz peşəkar inkişafını dəyərləndirməsi üçün mühüm fürsətdir.
Qobustan rayonu Təklə Mirzəbaba kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi, eyni zamanda Qobustan şəhər 1 nömrəli məktəbində müasir metodist kimi fəaliyyət göstərən Çinarə Abuzərova sertifikatlaşdırma imtahanında 57 bal toplayıb. O, "Azərbaycan müəllimi"nə açıqlamasında 9 illik pedaqoji fəaliyyəti dövründə əldə etdiyi bilik və təcrübənin bu nəticədə mühüm rol oynadığını bildirib.
Müəllimin sözlərinə görə, hazırlıq prosesində əsas diqqəti həm ixtisas biliklərinin təkrarlanmasına, həm də metodikanın praktik təhlilinə yönəldib:
"Sertifikatlaşdırma imtahanları təkcə müəllimin akademik biliklərini deyil, pedaqoji səriştələrini də qiymətləndirir. Öz işini gündəlik məsuliyyət və vicdanla yerinə yetirən müəllim üçün yüksək nəticə əldə etmək əlçatandır".

Çinarə Abuzərova hesab edir ki, imtahanda təqdim olunan suallar müəllimin həm fənn biliklərini, həm də gündəlik fəaliyyətində istifadə etdiyi bacarıqları üzə çıxarmağa imkan verir.
Onun sözlərinə görə, kurikulum, qiymətləndirmə və təlim strategiyaları ilə bağlı tapşırıqlar müəllimin praktik hazırlığını yoxlamaq baxımından xüsusilə əhəmiyyətlidir: "Sualların əksəriyyəti məntiqi təfəkkür, tətbiqetmə bacarığı və praktik yanaşma tələb edirdi. Hesab edirəm ki, onlar müəllimin peşəkar hazırlıq səviyyəsini müəyyən etmək baxımından kifayət qədər uyğun və obyektiv idi".
Müəllim qeyd edir ki, sertifikatlaşdırmaya hazırlıq prosesi ona yalnız imtahana hazırlaşmaq deyil, həm də öz fəaliyyətini yenidən təhlil etmək imkanı yaradıb.
"Bu müddətdə qiymətləndirmə meyarları, kurikulumun mahiyyəti, təlim strategiyalarının seçilməsi və şagirdyönümlü yanaşmalarla bağlı biliklərimi yenidən sistemləşdirdim. Hazırlıq prosesi öz fəaliyyətimi təhlil etməyə və təkmilləşdirməyə kömək etdi".
Çinarə Abuzərova sertifikatlaşdırmanın maddi təşviqdən daha geniş məna daşıdığını düşünür. Onun fikrincə, proses müəllimlərin müasir təhsil tələblərinə uyğun inkişafını stimullaşdıran mühüm mexanizmdir.
"Əməkhaqqının artması müəllim əməyinin qiymətləndirilməsi baxımından vacib amildir. Lakin sertifikatlaşdırmanın əsas dəyərini yalnız maddi tərəfdə görmürəm. Bu proses müəllimləri daim öz üzərində işləməyə, bilik və bacarıqlarını yeniləməyə, müasir təhsil tələblərinə uyğun inkişaf etməyə təşviq edir".
Sabah imtahanda iştirak edəcək müəllimlərə müraciət edən pedaqoq, ilk növbədə, özünəinamın vacibliyini vurğulayır:
"İmtahanı yalnız qiymətləndirmə vasitəsi kimi deyil, öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün bir fürsət kimi dəyərləndirin. İllər ərzində qazandığınız bilik və təcrübəyə güvənin, sualları diqqətlə oxuyun və vaxtınızı düzgün bölüşdürün".
Çinarə Abuzərovanın fikrincə, sertifikatlaşdırma müəllimlərin peşəkar inkişafına mühüm töhfə verən mexanizmlərdən biridir. O hesab edir ki, bu proses müəllimin peşəkar nüfuzunun artmasına, karyera imkanlarının genişlənməsinə və gələcək uğurlar üçün daha möhkəm zəmin formalaşdırmasına xidmət edir.




