"Uğurumun əsasında məktəbdə keçdiyim dərslər dayanır" – Sertifikasiyada yüksək bal toplayanlar 

3 İyul, 2026 - 09:34
"Uğurumun əsasında məktəbdə keçdiyim dərslər dayanır"

Lənkəran-Astara regionunun sertifikasiya imtahanında yüksək nəticə göstərən coğrafiya müəllimləri uğurlarının arxasında dayanan əsas amillərdən, hazırlıq prosesindən və müəllimlik peşəsinin məsuliyyətindən danışıblar. Sertifikasiya imtahanında 56, 57 və 58 bal toplayan müəllimlər təəssüratlarını "Azərbaycan müəllimi" ilə bölüşərək bildiriblər ki, uğurlu nəticənin əsasında ilk növbədə davamlı özünüinkişaf dayanır.

Masallı rayonu Nadir Aslanov adına Miyankü kənd tam orta məktəbin coğrafiya müəllimi Dəyanət Abışov sertifikasiya imtahanında 56 bal toplayıb. O, nəticəni böyük sevinc hissi ilə qarşıladığını deyir:

"Nəticəni sevinclə qarşıladım və ən çox sevindiyim məqam şagirdlərimin məni imtahana uğurla yola salıb yüksək nəticə gözləmələri idi. Mənim üçün onların etimadını doğrultmaq çox önəmli idi və sevindirici haldır ki, onların gözləntilərini doğrultdum".

Hazırlıq prosesi barədə danışan müəllim bildirir ki, əsas dayağı gündəlik dərs fəaliyyəti olub:
"İmtahana hazırlıq prosesim əsasən məktəbdə dərslərimi yüksək səviyyədə təşkil etməyimə söykənirdi. Sinif dərsliklərini dərindən mənimsəmək və şagirdlərlə sistemli işləmək mənə uğurlu nəticə əldə edəcəyimə inam verirdi. Elə də oldu".

Dəyanət müəllim hesab edir ki, müəllimin öz üzərində işləməsi bütün fənlər üçün vacibdir:
"Ümumiyyətlə, fənnindən asılı olmayaraq, hər bir müəllim daim öz üzərində işləməlidir. Sertifikasiya imtahanı müəllimlərin nüfuzunu artıran, onlara əlavə motivasiya verən və davamlı inkişaf etmələri üçün çox yaxşı bir mexanizmdir".

Dəyanət Abışov eyni zamanda 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. O, "Cəbrayılın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub. Müəllim bu barədə danışarkən qeyd edir:
"Mən eyni zamanda 44 günlük Vətən müharibəsinin iştirakçısıyam. Əsl azərbaycanlı vətəndaş olaraq istər döyüş meydanında, istərsə də imtahanlarda bizə ancaq zəfər yaraşır".

Lerik rayonu Veri kənd ümumi orta ümumi təhsil məktəbinin coğrafiya müəllimi Ruslan Tanrıverdiyev isə sertifikasiya imtahanında 57 bal toplayıb. O, hazırlıq zamanı sinif kitablarından, müxtəlif dərsliklərdən və internet resurslarından istifadə etdiyini bildirib.

Ruslan müəllimin fikrincə, müəllimin daim öz üzərində işləməsi dövrün tələbidir:

"Təhsil sahəsində davamlı yeniliklər və irəliləyişlər müşahidə olunur. Müxtəlif layihələr həyata keçirilir, yeni yanaşmalar tətbiq edilir. Müəllim öz üzərində işlədikcə bu yeniliklərə uyğunlaşır və təhsilimizin inkişafına töhfə verir".

Lerik rayonu Nücü kənd tam orta məktəbinin coğrafiya müəllimi Vüsal İbrahimov da sertifikasiya imtahanında 58 bal toplayıb. Artıq dörd ildir ki, müəllim kimi fəaliyyət göstərən Vüsal müəllim hazırlıq prosesində əsas diqqəti yeni tipli testlər işləməyə yönəltdiyini deyir:

"İmtahana hazırlaşarkən əsasən MİQ və sertifikasiya imtahanlarında istifadə olunan yeni tipli testlərlə işlədim. Bu həm sual formatlarını daha yaxşı mənimsəməyə, həm də biliklərimi yoxlamağa imkan verdi".

O hesab edir ki, yaşından və təcrübəsindən asılı olmayaraq, müəllimin öz üzərində işləməsi vacibdir:

"Yaşından asılı olmayaraq, müəllimin öz üzərində işləməsi dövrün tələbidir. Sertifikasiya imtahanlarının keçirilməsi də məhz bu tələbdən irəli gəlir".

Masallı şəhər İntiqam Əsgərli adına 3 nömrəli tam orta ümumi təhsil məktəbinin coğrafiya müəllimi Şəhriyar Mübarizli isə sertifikasiya imtahanında 57 bal toplayıb. O, müəllimlik fəaliyyətinə və peşəsinə yanaşmasını belə ifadə edir:

"Artıq dörd ildir ki, gənclərə coğrafiya elminin sirlərini sevdirməklə məşğulam. Mənim üçün müəllimlik sadəcə dərs keçmək deyil, həm də şagirdlərin dünyagörüşünü formalaşdırmaq, onlara coğrafi təfəkkür aşılamaqdır".

Şəhriyar müəllim nəticəni qürur hissi ilə qarşıladığını bildirir:

"Sertifikasiya imtahanında 57 bal topladım. Ekranda bu rəqəmi görmək çox qürurverici və sevindirici idi. Çəkilən zəhmətin, gecə-gündüz oxunan materialların qarşılığını almaq insana fərqli motivasiya verir. Düzünü desəm, bu nəticə mənim üçün sürpriz olmadı. Qarşıma yüksək hədəf qoymuşdum və əldə etdiyim nəticə gözləntilərimə tam uyğun gəldi".

2023-cü ildə keçirilən MİQ imtahanında 85 bal topladığını xatırladan müəllim hazırlıq prosesində həm akademik mənbələrə, həm də müasir pedaqoji yanaşmalara xüsusi diqqət ayırdığını vurğulayır:

"Mən daim dərslərimi müasir metodologiya və fərqli pedaqoji yanaşmalarla zənginləşdirməyə çalışıram. Viqotski yanaşması, Sokrat metodu, Sinektika kimi metodlardan istifadə edirəm. İmtahana hazırlıq prosesində də həm akademik coğrafiya mənbələrinə, həm də yeni kurikulum metodikasına xüsusi vaxt ayırdım. Təkcə test işləməklə kifayətlənmədim, coğrafi qanunauyğunluqları, qlobal və lokal prosesləri dərindən təhlil etdim. Sistemli çalışmaq və vaxtı düzgün idarə etmək uğurun əsas açarı oldu".

Şəhriyar müəllimin fikrincə, coğrafiya daim yenilənən elm olduğundan müəllim də daim yenilənməlidir:

"Coğrafiya canlı və daim yenilənən bir elmdir. Dünyada hər an demoqrafik, iqtisadi və ekoloji dəyişikliklər baş verir. Buna görə də coğrafiya müəlliminin yerində saymaq kimi bir rahatlığı yoxdur. Sertifikasiya prosesi müəllimlər üçün bir növ güzgüdür. Bu proses bizə öz potensialımızı görməyə, biliklərimizi yeniləməyə və gələcək inkişaf istiqamətlərimizi müəyyənləşdirməyə kömək edir. Müəllimin öz üzərində işləməsi birbaşa olaraq şagirdlərin daha keyfiyyətli təhsil alması deməkdir".