İnsan ömrünün nəzəri həddi hesablanıb: Maksimum nə qədər yaşaya bilərik?
Yeni qocalma modeli insan ömrünün bioloji sərhədlərinə işıq salır.Alimlər insan ömrünün nəzəri maksimum həddini müəyyənləşdirmək məqsədilə yeni qocalma modeli hazırlayıblar. Araşdırmaya görə, gələcəkdə bütün xəstəliklərin tam müalicəsi mümkün olsa belə, insan ömrü sonsuz olmayacaq.
“Azərbaycan müəllimi” “xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqat müəlliflərinin fikrincə, bunun əsas səbəbi zaman keçdikcə DNT-də qaçılmaz şəkildə toplanan təsadüfi genetik dəyişikliklərdir.
DNT-də somatik mutasiyalar ömür boyu yığılır
Araşdırmada bildirilir ki, hüceyrələr hər bölündükcə DNT-də somatik mutasiya adlanan təsadüfi genetik dəyişikliklər meydana gəlir.Orqanizm bu dəyişikliklərin böyük hissəsini bərpa etsə də, bu proses tam qüsursuz deyil. Nəticədə illər ərzində toplanan mutasiyalar hüceyrələrin və toxumaların normal fəaliyyətini tədricən pozmağa başlayır.
Tədqiqatçılar hesab edirlər ki, xərçəng və yaşlanma ilə əlaqəli digər xəstəliklər tam nəzarət altına alınsa belə, bu mutasiyalar insan ömrünü məhdudlaşdıran əsas bioloji amillərdən biri olaraq qalacaq.
Maksimum hədd…
Alimlər yalnız somatik DNT mutasiyalarının təsirini nəzərə alan riyazi model hazırlayıblar.Modelə əsasən, insan ömrünün nəzəri maksimum həddi təxminən 146–194 il arasında dəyişə bilər.
Tədqiqat müəllifləri bildirirlər ki, bu nəticələr bioloji baxımdan ölümsüzlüyün mümkün görünmədiyini göstərir.Bu nəticə insanların 194 il yaşayacağı anlamına gəlmir.
Alimlər xüsusilə vurğulayırlar ki, söhbət insanların yaxın gələcəkdə 150 və ya 190 ildən çox yaşayacağından getmir.Burada söhbət yalnız xəstəliklərin və qocalmanın digər təsirlərinin tam aradan qaldırıldığı hipotetik ssenaridə belə, təkcə DNT-də zamanla toplanan somatik mutasiyaların insan ömrünə qoyduğu nəzəri bioloji həddən gedir.
Araşdırmaya görə, tibb nə qədər inkişaf etsə də, DNT-də illər ərzində qaçılmaz şəkildə toplanan mutasiyalar insan ömrünü məhdudlaşdıran əsas amillərdən biri olaraq qalacaq.




